Azərbaycanın haqlı mövqeyini nəzərə almalıdır
"Ötən ilin sonlarından Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuqlaşmasının səbəbkarı ölkəmiz deyil. Bu münasibətlərdə çatlar qarşı tərəfin adekvat olmayan davranışları səbəbindən yaranıb. Qonşu ölkədə respublikamıza qarşı qərəzli kampaniya aparılır".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat xatırladıb ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycan ilə münasibətərindən bəhs edib. Rusiya lideri jurnalistlərə Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirlərdə Azərbaycan Prezidentini və onun xanımını salamladığını bildirib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyəti ilə bağlı sualı cavablandıran Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə "hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var". Bununla belə Rusiya Prezidenti hesab edib ki, Azərbaycan ilə Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq yenə də sonda hər şeyi öz yerinə qoyacaq.
S.Fətəliyeva qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycan ilə ölkəsi arasında fundamental münasibətlərdən və bu münasibətlərin inkişafına qarşılıqlı maraq olmasından bəhs etməsi müsbət haldır: "Həqiqətən, Rusiyada Azərbaycana qarşı qərəzli kampaniya başlayanadək iki ölkənin münasibətləri fundamental səciyyə daşıyıb. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir, eyni coğrafiyanı bölüşmələri ölkələrin regional maraqlarını uzlaşdırmaq zərurətini ortaya çıxarır. Hər iki dövlət Xəzər hövzəsi regionunun sabitliyi, təhlükəsizliyi və burada əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərqərar olması naminə birgə səylər göstərməlidir. Mütləq qaydada regional maraqlar, qonşuluq münasibətləri, ölkələrin müstəqilliyi və suverenliyi nəzərə alınmalıdır. İki ölkə arasında 2022-ci il 22 fevral tarixdə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Sənəddə münasibətlərin xalqlarımızın mənafeyi naminə keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması niyyəti ifadə olunub".
Azərbaycanın Rusiyaya münasibətdə səmimiliyinin həmişə açıq-aşkar olduğunu deyən deputatın sözlərinə görə, indiyədək ölkəmiz Kreml ilə münasibətlərə kölgə sala biləcək hər hansı bir fəaliyyətə yol verməyib, əksinə, həmişə mehriban qonşuluq prinsipinə sadiq qalmağa çalışıb. Lakin eyni fikirləri Rusiya barəsində ifadə etmək mümkün deyil. Son səkkiz ayda Rusiya müttəfiqlik Bəyannaməsinin ruhu ilə daban-dabana ziddiyyət təşkil edən davranışlar sərgiləyib. Ötən il dekabrın 25-də Rusiya səmasında "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasndan sonra bu ölkə zəruri addımlar atmayıb. İlk növbədə rəsmi Moskva hadisəyə obyektiv münasibət sərgiləməli, təyyarənin vurulmasına görə müvafiq təzminat ödəməli və günahkarları cəzalandırmalı idi. Lakin hələ də biz bunu müşahidə etmirik. Ardınca bu ilin iyun ayında Yekaterinburqda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı ölümlə nəticələnən zorakılıq hallarının törədilməsi qəbuledilməz haldır. Bütün bunlar ən azı mehriban qonşuluq və müttəfiqlik prinsiplərinə uyğun gəlmir. "Rusiya tərəfi belə hallara son qoymaq əvəzinə digər şəhərlərdə də azərbaycanlılara qarşı təzyiqləri artırdı. Eyni zamanda hakimiyyətə yaxın olan media orqanlarında respublikamıza qarşı çirkin kampaniyaya başlanaraq qara piar aparılır, ard-arda yalanlar tirajlanır. Təəssüf ki, ayrı-ayrı deputatlar və digər tanınmış simalar da bu xoşagəlməz prosesə qoşulublar", - deyə o əlavə edib.
S.Fətəliyeva vurğulayıb ki, Azərbaycan münasibətlərin normallaşmasının tərəfdarıdır. Ancaq biz suveren dövlət olaraq normallaşma prosesi üçün Rusiya tərəfindən qeyri-adekvat şərtlərin irəli sürülməsini heç bir halda qəbul edə bilmərik. Başqa sözlə, Rusiya tərəfi münasibətlərin normallaşmasını istəyirsə, düzgün davranış sərgiləməli və proseslərlə bağlı Azərbaycanın haqlı mövqeyini nəzərə almalıdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"