BAKI, 5 sentyabr. TELEQRAF
Xalq artisti Mənsum İbrahimov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Mənsum müəllim, qarşıdan 65 illik yubileyiniz gəlir. Yubileyə necə hazırlaşırsınız?
- Hazırlıq tədbirlərinə başlamışam. Eyni zamanda yaradıcılıqla məşğulam, qastrol səfərlərimiz olacaq. Artıq Ağdam və Naxçıvandan da dəvətlər gəlib. Sentyabr ayında işlərimiz daha da intensivləşəcək. Təkliflər çoxdur və bu, sevindirici haldır. Bir sənətkar üçün yubileyin xalqla birgə qeyd olunması böyük xoşbəxtlikdir.
- Sizcə, muğam sənəti bu gün Azərbaycanda hansı mərhələdən keçir və onun gələcək inkişafı üçün hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir?
- Muğam sənətini çox yüksək dəyərləndirirəm. Bu sənətə həyatımı həsr etmişəm, 50 ilə yaxındır ki, muğama xidmət edirəm.
Bizim dövrümüzdə bu sənətə gəlmək asan deyildi. İllərlə zəhmət, çalışqanlıq və səbir tələb olunurdu. Bu gün öz yerimdən çox məmnunam. Artıq yüzlərlə tələbə yetişdirmişəm. Onların əksəriyyəti mənimlə çiyin-çiyinə fəaliyyət göstərir. Dövlətimizə və xalqımıza təşəkkür edirəm ki, sənətə verdiyim dəyər qiymətləndirilir.
Azərbaycanın bütün bölgələrindən tələbələrim var. Xalqımız çox istedadlıdır. Tamaşaçılarımızı və xalqımızı çox sevirəm. Biz həmişə sənətdə öz yerimizdəyik və düşünürəm ki, sənətkar xalqın gözü qarşısında olmalıdır, səhnədə qocalmalıdır. İfaçı həmişə meydanda olmalıdır.
- Tələbələrinizin çoxu səsi, ifa tərzi və davranışı ilə sizə bənzəməyə çalışırlar. Bu haqda nə deyə bilərsiniz?
- Tələbələrim yanıma gələndə öz arzularını da gətirirlər. Onların bir çoxu uşaq yaşlarından, 9-10 yaşından mənim yanımdadır. Onlarla fəxr edirəm. İndi mənimlə birlikdə xarici ölkələrdə də Azərbaycanı təmsil edirlər. Hər dəfə birini özümlə xarici səfərə aparıram təcrübə qazansınlar deyə. Onları televiziyaya çıxarıram, bölgələrdə konsertlərə aparıram.
Biz muğam ifaçıları yetişdiririk. Hər kəs özündən sonra iz qoymalıdır. Opera və Balet Teatrında neçə-neçə yetirmələrimiz fəaliyyət göstərir.
İnşallah, sentyabrın 18-də Heydər Əliyev Sarayında Milli Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin doğum günündə “Leyli və Məcnun” operası yeni quruluşda təqdim olunacaq. Mənim təklifimlə orada gənc ifaçılar çıxış edəcək - Xəyal Hüseynov və Əməkdar artist Arzu Əliyeva.
Bütün tamaşaçıları bu tədbirə dəvət edirəm, gəlsinlər, gənclərimizə dəstək olsunlar. Mən də gənclərimizə dəstəyəm.
- Laçında keçirilən IX "Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi sənət mühitində xüsusi maraqla qarşılandı. Sizcə, bu müsabiqənin finalı muğam sənətinin inkişafı və gənc ifaçıların üzə çıxarılması baxımından hansı əhəmiyyət daşıyır və təəssüratlarınız necədir?
- Təəssüratlarım çox gözəldi. Azad edilmiş Laçına getmək hər birimiz üçün böyük qürur hissi idi. Orada keçirilən tədbiri uğurla başa vurduq. Bu, bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz qalib bir ölkənin sənətkarlarıyıq. Bu, şəhidlərimizin qanı, müzəffər Ordumuzun və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün oldu.
Mənim də qardaşım oğlu şəhid olub, dörd qardaşım qazidir. İsrafil İbrahimov 44 günlük Vətən müharibəsində xüsusi təyinatlı kimi döyüşüb və 23 yaşında şəhidlik zirvəsinə ucalıb. Yaşat Fondunun üzvüyəm, şəhid ailələri və qazilərin problemləri ilə daim maraqlanıram.
Həmişə xalqımızın və dövlətimizin yanında olmuşuq. Laçında şahid olduq ki, necə sürətlə quruculuq və bərpa işləri gedir. Laçının gözəlliyi, təbiəti insanı valeh edir.
- Bu müsabiqənin gənc istedadların aşkarlanması və peşəkar səhnəyə qazandırılması baxımından rolunu necə qiymətləndirirsiniz? Müsabiqənin builki nəticələri barədə nə deyərsiniz?
- Hər müsabiqədən sonra müəyyən narazılıqlar olur, bu, təbiidir. Finala 7 nəfər çıxmışdı və onlardan 3-ü yer aldı. Seçim çətin idi. Hər münsifin öz fikri var. Biz də səs çoxluğu ilə seçim etdik. Digərləri də öz narazılıqlarını bildirdilər. Amma əsas odur ki, hər şey şəffaf və obyektiv şəkildə keçirildi. 200 nəfər arasından seçilərək ilk 20-liyə düşmək özü bir uğurdur. Oradan da 7 nəfərlik finala keçmək daha böyük uğur sayılır.
Bəzən olur ki, müsabiqədə yüksək yer tutan iştirakçı bir ildən sonra fəaliyyəti zəifləyir, unudulur. Məsələn, 2005-ci ildə keçirilən birinci Muğam Müsabiqəsində tələbəm Arzu Əliyeva ikinci həftədə ələndi, heç kim onu xatırlamırdı. İndi isə Opera və Balet Teatrının solistidir, gənc Leylidir, Əməkdar artistdir və Prezident mükafatçısıdır.
Bu, istedaddan çox zəhmətə və çalışqanlığa bağlıdır. Müsabiqənin əsas məqsədi gəncləri xalqa tanıtmaq idi və buna da nail olduq. Bundan sonra isə hər şey onların şəxsi yaradıcılığından asılıdır. Kim nə qədər çalışacaqsa, o qədər də uğur qazanacaq. Mən hamıya uğurlar arzulayıram.
- Bu ilki muğam müsabiqəsində iştirak edən ifaçıların səs tembri və texniki hazırlığını əvvəlki illərlə müqayisə etdikdə hansı fərqləri müşahidə etdiniz? Ümumilikdə iştirakçıların səviyyəsini və potensialını necə dəyərləndirirsiniz?
- Öncə onu deyim ki, bu illər ərzində seçilən qaliblərin 90 faizi artıq meydandadır, fəaliyyət göstərir. Muğam kafedrasında dərs deyirlər, Milli Konservatoriyada müəllimdirlər. Bir çoxu Opera və Balet Teatrının, Azərbaycan Televiziyasının solistləridir. Dünyada muğamımızı təmsil edirlər. Ən güclü müsabiqəmiz birinci Muğam Müsabiqəsi idi. Onların əksəriyyəti bu gün sənətdədir və aktiv fəaliyyət göstərirlər.
Bu ilki Muğam Müsabiqəsində də fərqli səslər, fərqli ifaçılar oldu. Hər kəsin öz səsi, öz tərzi var. Biz onların ifalarına obyektiv qiymət verməyə çalışdıq. Təbii ki, bəzilərində zəifliklər də vardı. Əsas odur ki, müsabiqə keçirildi və gənclərin marağı artdı.
Nəticədə yeni ifaçılar sənətimizə gəldi. İradların olması da normaldır. Finala çıxan uşaqların hamısı yerə layiq idi, amma cəmi üç yer vardı. Seçim isə çox çətin idi. Hər kəsə uğurlar arzu edirəm.
Onu da əlavə edim ki, təəssüf ki, bəzi özəl kanallarda bayağı musiqilər yer alır. Bu, hər birimizi narahat edir. Sosial şəbəkələrdə fonoqramla məşhurlaşanları sonra efirlərə çıxarırlar. Mən onlara deyirəm, sosial şəbəkədə nə istəyirsiniz oxuyun, amma efirdə peşəkar ifalar səslənsin.
Əlbəttə, içlərində istedadlı ifaçılar da var, amma böyük əksəriyyəti qeyri-peşəkardır. Mənşəyi bilinməyən ifalar efirlərə yol tapır. Bu, narahatedici haldır.