Ermənistanın ən mühüm yükdaşıyıcısı olan “Spayka” şirkətinin yük maşınları Rusiya ərazisində blokadada qalmaqda davam edir. Bu fonda erməni dövlət strukturları isə susur, ixrac ekspertləri vəziyyətin mürəkkəb olduğunu bildirir.
Qeyd edək ki, “Spayka” şirkəti Azərbaycanda da yaxşı tanınır. Hələ 44 günlük müharibə zamanı Ermənistana silah daşıyan mülki yük maşınlarının Gürcüstan-Ermənistan sərhədində saxlanılması haqda xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, hərbi avtomatik idarəetmə sistemləri Ermənistan nəqliyyat-daşıma şirkəti olan "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına aşkarlanmışdı. Bu onu göstərirdi ki, Ermənistan hakimiyyət orqanlarını Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı davamlı pozublar. Müharibə dövründə baş nazir Nikol Paşinyan Ermənistanın tanınmış iş adamları ilə görüşüb, onlardan biri “Spayka”nın rəhbəri David Qazaryan olur. Sonradan bəlli olur ki, Paşinyan iş adamından Qarabağda həlak olmuş erməni əsgərlərin meyitlərini şirkətə məxsus soyuduclarda saxlanmasını xahiş edib. “Spayka”nın Qarabağdakı qanunazidd fəaliyyəti ilə bağlı ən dolğun məlumat isə 2021-ci ilin mart ayında şirkətin media üçün yaydığı açıqlamasında əks olunub.
Şirkətin açıqlamasında müharibə zamanı Qarabağda həyata keçirdikləri daşımalardan danışılıb. Açıqlamadan bəlli olur ki, şirkət 2020-ci il sentyabrın 28-dən noyabrın 9-dək Moskva və İrəvandan Xankəndinə daşımaları öz hesabına həyata keçirib. Qarabağa gətirilən yüklərə ərzaq məhsulları, dərmanlar, şirkətin avto-təmir mağazalarında yığılan xüsusi avadanlıqlar, habelə Rusiyadan gətirilən “UAZ” maşınları daxil olub. Bundan başqa, qondarma quruma mobil soyuducular təhvil verilib. Bu maşınlar isə həlak olan erməni əsgərlərinin meyitlərinin daşınması üçün nəzərdə tutulubmuş. Ermənistandan Qarabağa göndərilən “humanitar yardım” yüklənmiş TIR-lar da məhz "Spayka"ya məxsus olub. Amma həmin vaxt onlar Laçın nəzarət buraxılış postundan buraxılmadı. İndi şirkətin Rusiyada ciddi problemləri yaranıb. Belə ki, şirkətin 100-dən çox yük maşınının Rusiyada hərəkəti bir neçə gündür dayandırılıb. Şirkətin inkişaf direktoru Karen Bağdasaryan deyib ki, onların vəkilləri artıq Rusiyadadır və səbəbləri anlamağa çalışırlar: “Bizə problemin nə olduğu barədə rəsmi məlumat verilməyib, məsələ ondadır ki, onlar avtomobilləri saxlayıblar və heç bir səbəb göstərməyiblər, biz bilmirik, sadəcə, həmin avtomobilləri harada olurlarsa olsunlar, saxlayıblar”. 24 il əvvəl yaradılan şirkət MDB və Aİİ ölkələrinə yükdaşımalarla yanaşı, öz meyvə bağlarının məhsulunu da ixrac edir. Şirkət nümayəndəsi deyir ki, bu illər ərzində ilk dəfədir, belə problemlə üzləşirlər. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları yük maşınlarında olan tez xarab olan malların, kənd təsərrüfatı məhsullarının digər yerli nəqliyyat vasitələri ilə alıcılara çatdırılmasına icazə versə də, “Spayka” markalı yük maşınlarının hərəkətinə qadağa qoyublar. Karen Bağdasaryan bildirir: “Rusiyanın maşınların olduğu bütün şəhərlərdə bir-iki günə bütün maşınları saxlayıb dedilər ki, maşınlar yerindən tərpənməyəcək, sizin yükünüz varsa, yükü başqa maşınlara keçirib ünvana çatdıra bilərsiniz. Sürücülər isə növbəti sifarişi gözləyirlər və həm də həmin avtomobillərdəki yüklərin ünvançılara çatdırılması üzrə təşkilati işlərə kömək edirlər”.
Ermənistanın ən böyük ixracatçı şirkətinin illərdir mal daşıdığı və ən böyük ticarət şəbəkələri ilə əməkdaşlıq etdiyi ölkədə niyə belə problemlərlə üzləşməsi barədə Rusiya xəbər saytlarında hələ də məlumat yoxdur. Ermənistanın dövlət strukturları da susur. Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi bildirib ki, onlar “Spayka” yükünü yoxlayıb buraxıblar, lakin rusiyalı həmkarı “Rosselxoznadzor”dan yükün keyfiyyəti ilə bağlı heç bir xəbərdarlıq almayıblar. Ölkənin İqtisadiyyat Nazirliyi bir neçə gündür yayılan bu şayiələrə münasibət bildirməyib. Karen Bağdasaryan bildirib ki, müvafiq qurum, İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlayıb, belə bir problemin olduğunu bildiriblər: “Amma bizdə əlavə məlumat olmadığı üçün sadəcə olaraq onlara məlumat verdik. Biz onların da bu məsələ ilə maraqlandıqlarından xəbərdarıq, lakin hələlik əlavə məlumatlara malik deyillər”. Erməni mətbuatı şirkətin Rusiyada bəzi maliyyə öhdəliklərini yerinə yetirmədiyini yazır. Şirkətin inkişaf direktoru bu şayiələri təkzib edib: “İxrac rəsmiləşdirilir və alıcılar böyük Rusiya şirkətləridir, ona görə də bu işin konkret olaraq bizimlə heç bir əlaqəsi yoxdur". Problem ötən həftənin sonunda yaranıb. İndi üzüm, gavalı və digər meyvə və tərəvəzlərin yığılması mövsümüdür. “Spayka” xəbər verir ki, Rusiyada 100-dən çox yük maşını ilişib qaldığından onların işi iflic vəziyyətə düşüb, satınalma düzgün təşkil oluna bilmir. Bəziləri hesab edir ki, Rusiya Avropa İttifaqı istiqamətində addımlar atan Ermənistana iqtisadi asılılıq dərəcəsini göstərir, bəziləri isə hesab edir ki, ixrac olunan məhsul yüksək keyfiyyətli olarsa, siyasət ticarət əlaqələrinə mane olmayacaq. Rusiyaya da öz məhsullarını ixrac edən iş adamı Avaq Arutyunyan hesab edir ki, Rusiya öz gücünü göstərir, Ermənistan isə son 30 ildə ixrac bazarını şaxələndirə bilməyib. Onun sözlərinə görə, regionun digər ölkələrindən fərqli olaraq, Ermənistanın ixracatının böyük hissəsi Rusiya bazarına getməkdə davam edir və Ermənistanı həssas edən də budur: “Ermənistan-Rusiya münasibətləri heç vaxt dominant iqtisadi vektora malik olmayıb, onlar həmişə siyasi vektorlarla iç-içə olub. Rusiya ilk növbədə öz bazarı haqqında düşünür, bunun üçün heç nə ilə dayanmır, nə isə yoxdur? Rusiya bazarına girən hər kəsi yalanla, ədalətsizliyə qərq etməklə, lazım gələrsə, biznesmenlərin mümkün olan ən geniş təzyiq mexanizmlərindən və alətlərindən istifadə etməklə səxışdıra bilir”. Arutyunyan əmindir ki, yaranmış situasiyada Ermənistanın da öz payı var: “Başqa sözlə, burada problemi iki aspektdən nəzərdən keçirməliyik: birincisi: fundamental siyasi səbəblər və ikincisi: Rusiyanın etdiyi bu səbəbləri ört-basdır etmək və əsaslandırmaq üçün fiziki-kimyəvi alətlər dəsti”. İş adamı Harutyun Mnatsakanyan hesab edir ki, Ermənistan Avropaya ixracı təşviq etmək üçün yetərli addımlar atmır, baxmayaraq ki, son vaxtlar bir sıra müsbət dəyişikliklər baş verib ki, onun özü də bundan faydalanıb, lakin onun fikrincə, əsas məsələ hələ də açıqdır: “Bu il şaxələndirmə ilə bağlı Avropa İttifaqı ixrac olunan malların gömrük rüsumlarının məbləğini artırır. Eşitdiyimə görə, Ermənistan da nəqliyyat xərcləri ilə bağlı müəyyən tədbirlər görməlidirlər. Birincisi, dövlət standartlaşdırma problemlərini, laboratoriyaların problemlərini həll etməlidir”. Yeri gəlmişkən, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistan-Avropa İttifaqı münasibətlərinə toxunaraq ölkənin Avropa İttifaqına üzv olmaq qərarını nəzərə alaraq, Rusiya biznesinin Ermənistanda gələcəyinin olmadığını bildirib: “Avropa İttifaqı ilə hava əlaqəmiz yoxdur, Avropa İttifaqı bizim təyyarələrimiz üçün səmanı bağlayıb. Ermənistan da eyni şəkildə səmanı bağlayacaqmı? Əgər Avropa İttifaqına daxil olsanız, bəli, çünki Brüsseldən deyəcəklər ki, səmanı bağlayın və siz onu bağlayacaqsınız, çünki alternativiniz olmayacaq. Bəs həftədə o yüzlərlə uçuş hara gedəcək? Təbii ki, seçim erməni xalqınındır və biz bu seçimə hörmətlə yanaşacağıq, lakin biz öz bazarımızı qorumalıyıq”.
Tahir TAĞIYEV