Rusiya Azərbaycana qarşı hibrit müharibəni davam edir. Azərbaycana qarşı aqressiya, yalan-dolanlarla dolu çıxışları özünü keçmiş sovetlər mərkəzinin beşiyi, tərbiyəçisi zənn edən Rusiyanın iç üzünü və hansı mərhumiyyətlə üzləşdiyini açığa çıxarır. Rusiyanın Azərbaycana qarşı aqressiyası təhdidləri Prezident İlham Əliyevin Əl-Ərəbiyyə kanalına müsahibəsində sovetlərin qurulması dövründə dövlətimizə qarşı tarixi ədalətsizliyə yol verilməsi ilə bağlı daha da artıb.
Rusiyanı keçmiş sovet respublikalarına qarşı bu cür təsir-təziyiq vasitələrindən istifadə etməyə nə vadar edir və bundan hansı nəticəni əldə etməyə çalışır, nədən narahatdır?..
"Yaxşı olardı ki, Rusiya bu yolun səhv olduğunu qəbul etsin"
Deputat Azər Badamov hafta.az-a bildirib ki, Prezident İlham Əliyevin “əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibədə Azərbaycana qarşı olunmuş ədalətsizlikləri tarixi faktlara əsaslanaraq səsləndirməsi Kremlin xoşuna gəlməyib.
A.Badamov vurğulayıb ki, Rusiya baş verən proseslərin öz adı ilə ifadə edilməsini xoşlamır. Anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və dövlətimizə qarşı edilmiş haqsızlıqları tarixi fakt kimi qəbul etməlidir:
“Rusiyada dövlət başçımızın müsahibəsi kontekstdən çıxarılır və ictimaiyyətdə qıcıq doğuracaq tərzdə daxili auditoriyaya təbliğ edilir”.
Onun sözlərinə görə, hadisələrə belə yanaşma iki ölkə arasında gərginləşmiş siyasi mənzərəni daha da qəlizləşdrir:
“Rusiya, hətta AZAL-a məxsus təyyarənin vurulmasına görə üzr istənilməsini və müvafiq kompensasiyaların ödənilməsini tələb etməyimizi də xoşlamır. Ona görə də keçən ilin dekabrından sonra Rusiyada yaşayan azərbaycanlılara qarşı ardıcıl aparılan elan olunmamış müharibə də Azərbaycan dövlətinə təzyiq göstərmək məqsədi daşıyır. Biz yaşadığımız tarixə diqqət yetirsək, 1920-ci ildə Azərbaycan Xalq Demokratik Cümhuriyyətini süquta uğradan bolşevik Rusiyası olmuşdur. Qərbi Zəngəzurun ədalətsizcəsinə qoparılaraq, Naxçıvanı Azərbaycanın əsas ərazisindən ayrı salan da Sovet Rusiyası olmuşdur.
1924-cü ildə ermənilər üçün süni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradan Sovet Rusiyası olmuşdur. 1990-cı ildə 20 Yanvar hadisələrini törədən, 1991-ci ildə torpaqlarımızın işğal olunmasına və Xocalı soyqırımının törədilməsinə dəstək verən də Sovetlər ordusu olmuşdur. Sovetlər birliyi dağılanda Rusiya özünü bu birliyin siyasi varisi elan edibsə, Azərbaycanın başına gələn faciələrə və işğala görə Rusiyanın adını çəkəndə niyə xoşlarına gəlmir?”.
A.Badamovun sözlərinə görə, Rusiya istəyir ki, Azərbaycan səsini çıxarmasın və bütün haqsızlıqları başını aşağı salıb qəbul etsin. Unudurlar ki, reallıq dəyişilib və Sovetlər birliyinə daxil olmuş ölkələr artıq müstəqildirlər. Hər bir müstəqil dövlət də özünə hörmət etdirməlidir:
“Azərbaycanın burada gördüyü qeyri-adi bir hərəkəti yoxdur. Biz təyyarəmizin vurulmasına görə təzminatın ödənilməsini tələb edirik. 2020-ci ilin 8 noyabrında Qərbi Zəngəzurdan Naxçıvana doğru hərəkət edən hərbi helikopteri səhvən vurulduğuna görə üzr istənilməsi və müvafiq kompensasiyaların ödənilməsini necə etdiksə, eyni addımları Rusiyadan gözləyirik. Rusiya isə törətdiyi faciəyə görə üzr istəməyə öyrəşməyib. Ona görə də keçən ilin dekabrından sonra Azərbaycana qarşı siyasi hücumlara başlayıb və Kremlin ruporlarına müəyyən tapşırıqlar verilib. Yaxşı olardı ki, Rusiya bu yolun səhv olduğunu qəbul etsin və ölkələrimiz arasında münasibətlərə hörmətlə yanaşsın. Əks halda, iki ölkə arasında gərginliyin daha da dərinləşəcəyini düşünürəm”.
"Moskvanın Azərbaycanla təhdid dili ilə danışması Rusiya üçün perspektiv açmır"
Siyasi ekspert Vüqar Dadaşov hafta.az-a bildirib ki, Rusiyanın qeyri-dövlət kanallarından, teleqram və digər sosial şəbəkələrindən səslənən hərbi müdaxilə, hətta hücum planlarının və mümkün silah növlərinin tətbiqi ilə bağlı təhdidlər rəsmi dövlət mövqeyi olmasa da, Azərbaycana yönəlmiş mesaj kimi ciddi qəbul edilməlidir. Hərbi ritorika və təhdidlərin səsləndirilməsi, hətta Kreml təbliğatçılarının Rusiyanın İranla birgə Azərbaycana qarşı vuruşmaq istəyi, rəsmi Moskvanın birbaşa diktəsi ilə həyata keçirilir.
Ekspert vurğulayıb ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son günlərdə verdiyi açıqlama - Moskvanın Azərbaycanla münasibətlərin tənzimlənməsində maraqlı olduğunu, eləcə də Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepanın Rusiya ilə Azərbaycan arasında münasibətlərin sonda dostluq məcrasına qayıdacağına əminliyini bidirməsi rəsmi mövqe kimi qiymətləndirilməlidir. Bununla yanaşı hesab edir ki, Rusiyanın Azərbaycana qarşı açıq hərbi müdaxilə imkanları indiki vəziyyətdə mümkünsüz olsa da, Rusiyadan Azərbaycana qarşı təcavüz daimi gözləniləndir:
“Azərbaycan Prezidenti İlham Əliyev “əl-Ərəbiyyə” kanalına müsahibəsində 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsini xatırlatması indiki Rusiyanın da Azərbaycana qarşı münasibətinin dəyişmədiyinə açıq işarədir. Sözsüz ki, Çində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində baş tutan cənab Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşündə əsas müzakirə mövzularından biri Cənubi Qafqaz məsələsi və Azərbaycanla bağlı münasibətlər olub. Moskvanın son günlərdə Azərbaycanla təhdid dili ilə danışması Rusiya üçün heç bir perspektiv açmır. Əksinə, Rusiyaya qarşı beynəlxalq izolyasiya və sanksiyalarlar fonunda, onun Azərbaycan və Türkiyə nəfəsliyindən məhrum edə bilər. Bu da Rusiyanı Çindən çox asılı vəziyyətə sala bilər. Rusiya raket və mühərrik texnologiyalarını da Çinə ötürmək məcburiyyətindədir. Putinin ŞƏT çərçivəsində Çinə səfəri, onun qarşılanması, digər dövlət başçılarının ona münasibəti, hətta Tacikistan Prezidenti İmoməli Rəhmonun ona qarşı davranışı Rusiyanın acınacaqlı vəziyyətinin sübutudur. Diğər tərəfdən, Rusiyanın Ukraynaya hücumu onun, xüsusən postsovet məkanında nufuzunun zəifləməsinə gətirib. Keçmiş respublikalar Rusiya ilə distansiya saxlamağa çalışır. Bundan əvvəl (2008) Rusiyanın Gürcüstana hücumu, sözsüz ki, müəyyən ardıcıllıq nümunəsidir. Putin hakimiyyətinin ilk dövründən gündəmə gətirilən “Sovet İttifaqı” ritorikası son zamanlar daha çox hallandırılır. Bu ritorika Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın psixoloji basqı vasitəsidir. Hansı ki, Rusiyanın özü üçün əks-effekt verir. Yəni keçmiş sovet respublikalarının Rusiyanın təsirindən tam çıxmasına fursət yaradır”.
Onun sözlrinə görə, Rusiya təxribat və təhdidlərini davam etdirə bilər, ancaq bütün bu kontekstdə Rusiyanın Azərbaycana qarşı səsləndirdiyi hər hansı təhdid ciddi və keçərli sayıla bilməz. Əksinə, vəziyyətin normallaşması üçün Moskva ardıcıl addımlar atmağa məcburdur.