RU

Xalqımızın qətiyyəti, əsgər və zabitlərimizin qəhrəmanlığı qələbəmizi təmin etdi

27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsinin ordumuzun böyük üstünlüyü ilə davam etdiyi günlərdə maraqlı və yaddaqalan hadisələrlə qarşılaşırdıq. Atəş səslərinin səngimək bilmədiyi cəbhədən bir-birindən sevindirici məlumatlar, qələbə müjdəli xəbərlər eşidirdik. Şanlı Azərbaycan Ordusu hər gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında uzun illərdən bəri erməni işğalında qalmış ərazilərimizi, yaşayış məntəqələrimizi ard-arda qəsbkarlardan azad edirdi. Ordumuzun cəbhədə qazandığı uğurlar xalqımızı ürəkdən sevindirirdi.

Yurdumuzun azadlığı uğrunda qanlı döyüşlərin davam etdiyi günlərdə Müzəffər Ali Baş Komandan diplomatik cəbhədə döyüşürdü, düşmən üzərində Zəfər qazanılması naminə yorulmaq bilmədən gərgin iş aparırdı. Prezident İlham Əliyev həmin günlərdə həm xarici mətbuat və televiziyalara müsahibələr verir, Azərbaycanın haqq işini bütün dünyaya çatdırır, həm də şanlı ordumuzun düşmən üzərində qazandığı qələbələrin müjdəsini canlı efir vasitəsilə xalqa çatdırırdı. Xalq həmin günlərdə ekran qarşısında oturub Prezident İlham Əliyevin tarixi müraciətlərini intizarla gözləyirdi. İnsanlar düşünürdülər ki, əgər Ali Baş Komandan xalqa müraciət edirsə, deməli, qələbə müjdəli xəbərlər var. Beləcə, şanlı ordumuz irəliləyir, düşmən qüvvələrini məğlub edərək yeni kənd və şəhərlərimizi erməni işğalçılarından azad edirdi.

Müzəffər Ali Baş Komandan Zəfər xəbərləri ilə xalqımızı sevindirirdi

Prezident İlham Əliyev hər dəfə xalqa müraciət edərək uzun illər erməni işğalçılarının tapdağında qalmış ərazilərimizin, kənd və qəsəbələrimizin azad edildiyini xəbər verirdi. Müzəffər Ali Baş Komandan Zəfər dolu bu xəbərləri xalqına sevinə-sevinə, yüksək ovqatla çatdırırdı. Düşmənin həm canlı qüvvəsinin, həm də döyüş texnikalarının şanlı Azərbaycan Ordusunun bir-birindən cəsur hərbçiləri tərəfindən dəqiq atəşlə məhv edildiyini qürurla, iftixarla söyləyirdi. Müzəffər Ali Baş Komandanın hər sözündən, hər cümləsindən Zəfər sədası gəlirdi. Bu Zəfər, bu qələbə sədası ürəkləri sevindirir, qəlbləri fərəhləndirir, üzlərə, gözlərə sonsuz təbəssüm ələyirdi.  

Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr tarixli müraciətini heç vaxt unutmayacaq. O günü, o anı əbədi olaraq yaddaşında qoruyub saxlayacaq, zaman-zaman onu gələcək nəsillərə çatdıracaq. Həmin gün dövlətimizin başçısı xalqa hərbi geyimdə, özü də Şəhidlər xiyabanından müraciət etdi. Bu müraciət insanların ürəklərini sevinclə doldurdu, qəlblərini titrətdi, könüllərini coşdurdu, şadlıqdan gözlər yaşardı, səslər boğazlarda titrədi. Müzəffər Ali Baş Komandan  xalqa xoş müjdə verərək bildirdi ki, şanlı Azərbaycan Ordusu 28 ildən çox işğalda qalmış Qarabağın üzük qaşı, musiqi beşiyimiz Şuşa şəhərini erməni qəsbindən azad edib. Bu şad xəbəri eşidən insanlar qazanılmış Zəfəri bir yerdə qeyd etmək üçün küçələrə axışdılar. Sevinc-sevincə, şadlıq-şadlığa qarışdı, üzlər güldü, könüllər açıldı, bayram yaşanıldı. Alqış səsləri şəhərimizin küçələrində əks-səda verdi.

Xalqımızın cəsur oğulları yurdumuzun xilasına yollandılar 

Yaxşı xatırlayırıq ki, bir dəfə Müzəffər Ali Baş Komandanımızın xalqa müraciəti ilə Ermənistanın baş nazirinin ermənilərə müraciəti eyni günə təsadüf etmişdi. Dövlətimizin başçısı uğurlarımızdan, zəfərlərimizdən sevinə-sevinə, fərəhlə, yüksək ovqatla danışırdı. Məğlubiyyət acısı dadmış işğalçı Ermənistan dövlətinin rəhbərinin isə qaşqabağı yer süpürür, o, udquna-udquna, başını aşağı salıb nəsə danışırdı. Sanki həmin anlarda sözlər ilişib baş nazirin boğazında qalırdı. Ordusunun cəbhədəki ağır məğlubiyyətləri, qorxub döyüş mövqelərindən geri çəkilmələri Paşinyanın gözlərinə də, sözlərinə də hopmuşdu. Buna görə də itkilərindən kəkələyə-kəkələyə söz açırdı, dili dolaşa-dolaşa, hər vəchlə məğlubiyyətini yalan sözlərin arxasında gizlətməyə çalışırdı.

Tarixi təcrübə göstərir ki, yurda düşmən hücumu olanda, xalq daha da sıx birləşərək yumruğu ilə işğalçının başını əzir. Birləşdikcə daha da güclənərək yağılara qalib gəlir, torpaqlarının hər qarışını göz bəbəkləri kimi qoruyur. Torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə biz bunun bir daha şahidi olduq. Həmin gərgin zamanlarda xalqımızın cəsur övladları erməni qəsbkarları üzərində qələbə naminə bir-birilərinə bağlanır, kürək-kürəyə verib gücləri və imkanları çatdıqları qədər bir-birinin qayğısına qalmağa çalışırdılar. Arxa cəbhədə isə ictimai yerlərdə bir-biri ilə xoş rəftar edən kim, başqasının ağır yükünə əl atan kim, ahıl insanların qolundan tutub yolu keçməsinə kömək edən kim, avtobusda tanımadığı birisinin yerinə ödəniş edən kim... Bir sözlə, müharibə hamını bir-birinə mehribanlaşdırmış, doğmalaşdırmışdı. Belə gözəl, qəlboxşayan mənzərələri seyr etmək hamıda iftixar və qürur hissləri oyadırdı. Vətənpərvərlik hisslərini daha da artırırdı.

Düşmən ağır məğlubiyyətə uğradıldı

Erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayan kimi xalqımız bir yumruq kimi birləşdi. Çox keçmədi ki, bu yumruq "dəmir yumruğ"a çevrilərək düşmənin başını qətiyyətlə əzdi. Uzun illərdən bəri torpaqlarımızı işğalda saxlamış  düşmənə olan nifrət hissi yurd qeyrəti çəkən oğulların vətənpərvərlik duyğularını daha da coşdurdu. Ürəyi Vətən eşqi və intiqam hissi ilə döyünən gənclər heç bir çağırış gözləmədən könüllü olaraq döyüşlərə yollandılar. Prezident İlham Əliyev tərəfindən qismən səfərbərlik elan olunanda torpaq uğrunda vuruşmağa hazır olan oğullar qəhrəmanlıq meydanına mübarizəyə atıldılar. Onlar əks-həmlə əməliyyatlarında böyük hünər və igidlik göstərə-göstərə uğurlar və zəfərlər qazandılar. Döyüş meydanlarında düşməni məğlub etdilər, qələbələri ilə xalqımızı sevindirdilər. Neçə-neçə şəhər və kəndlərimizdən erməni qəsbkarlarını qovub çıxartdılar. 

30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğalda saxlayan erməni silahlı dəstələrini ağır məğlubiyyətə uğratdılar. Cəsur oğullarımız güclərini, qüdrətlərini həm dünyaya, həm də erməni işğalçılarına göstərdilər. Göstərdilər ki, xalqımızın yurdunun azadlığı uğrunda vuruşmağa hazır olan oğullar yüzlərlədir, minlərlədir. Belə cəsur, igid oğulları olan Vətənin torpaqları erməni işğalçılarının tapdağında qala bilməz. Qazanılmış möhtəşəm Zəfərdən də göründüyü kimi qalmadı da...

Cəbhədə qazanılan qələbə xalqımızı daha da sıx birləşdirdi

Vətən uğrunda döyüşlər gedən günlərdə arxa cəbhədəki yurddaşlarımız da  əllərini üst-üstə qoyub sakit oturmamışdılar. Düşmən üzərində qələbələrimiz, zəfərlərimiz naminə hamı bir nəfər kimi çalışırdı. Hamının amalı, məqsədi bir idi: "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!". Xalq bu çətin və keşməkeşli, yurdunun taleyinin həll olunduğu günlərdə ön xətdə düşmənin başını əzən, texnikasını vurub sıradan çıxaran, kənd və qəsəbələrimizi erməni işğalçılarından azad edən cəsur zabit və əsgərlərimizlə görüşə gedirdi, hərbçilərə sovqat aparır, onları yeni-yeni qələbələrə ruhlandırırdı. Əldə silah yurdunun azadlığı uğrunda vuruşan zabit də, əsgər də xalqını yanında görüb daha cəsarətlə, daha hünərlə vuruşurdu. Elə buna görə də qalib gəlirdi, elə buna görə də işğaldan azad edilmiş torpaqlarda üçrəngli bayrağımızı dalğalandırırdı. 

Qarabağda, eləcə də işğaldan azad olunmuş başqa ərazilərdə qazanılmış qələbələr, zəfərlər xalqımızı bir-birinə daha da  sıx  birləşdirdi. Bu mehribanlıq, bu birlik, bu əzəmət qələbəmizi təmin etdi, ürəkləri, qəlbləri sevindirdi. Qoy bu birlik, bu sevgi, bu möhtəşəmlik, bu əzəmət heç vaxt sarsılmasın, xalqımızı bir-birinə bağlayan tellər heç vaxt qırılmasın, üzülməsin. Əminik ki, belə də olacaq. Heç bir qüvvə, heç bir zərbə heç vaxt birliyimizi zəiflədə bilməyəcək. Ürəkləri alovlandıran bu birlik, bu qətiyyət, bu möhtəşəmlik əbədi olacaq. Bununla xalqımız həmişə öyünüb fəxr edəcək, bir-birindən dəyərli Zəfərlər qazanacaq. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
90
azerbaijan-news.az

1Источники