RU

Aleksis Sançes “Sevilya”ya, Nikolo Zaniolo “Udineze”yə keçdi

Futbol üzrə Çili yığmasının hücumçusu Aleksis Sançes İtaliyanın “Udineze” klubundan azad agent kimi ayrılaraq “Sevilya”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı forvard yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Sançes ötən ilin avqustundan “Udineze”də oynayırdı. O, 2024/25 mövsümündə A Seriyası və İtaliya kuboku çərçivəsində 14 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

Aleksis Sançes daha öncə “Arsenal”, “İnter”, “Barselona”, “Mançester Yunayted”, “Olimpik” (Marsel), “Kolo-Kolo”, “River Pleyt”, “Kobreloa” kimi klublarda da forma geyinib.

Aleksis Sançes 2006-cı ilin aprel ayında debüt etdiyi Çili yığmasının heyətində 168 oyun keçirib, 51 qol vurub, 41 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı Aleksis Sançesi 1,5 milyon avro məbləğində qiymətləndirir.

Aleksis Sançeslə yollarını ayırmış “Udineze” əvəzində Türkiyə çempionu “Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolonu heyətinə qatıb. İtaliya klubu 26 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb. A Seriyası təmsilçisi italiyalı oyunçunun bir mövsümlük icarəsi üçün “Qalatasaray”a 3 milyon avro ödəyib.

Xatırladaq ki, Zaniolo “Qalatasaray”a 2023-cü ilin fevralında “Roma”dan gəlib. İstanbul təmsilçisinin heyətində 12 oyuna 5 qol vurub, 1 assist etmiş yarımmüdafiəçi burada möhkəmlənə bilməyib.

Zaniolo İngiltərənin “Aston Villa”, İtaliyanın “Virtus Entella”, “İnter”, “Roma”, “Atalanta”, “Fiorentina” klublarında da forma geyinib.

İtaliya yığmasının da üzvü olan 25 yaşlı Zaniolo millinin heyətində 19 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı italiyalı futbolçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Избранный
46
arena.az

1Источники