Azərbaycan Cüdo Federasiyası (ACF) Tuncay Şamil və Aslan Kotsoyev arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ qurumun Nizam-İntizam Komitəsində araşdırılıb.
Nizam-İntizam Komitəsi idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları, həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.
Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, ACF-nin Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən yığmanın tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.
Bildirilib ki, idmançının əxlaqı, səbri və intizamı yüksək önəm kəsb edir və idman potensialı bu dəyərlərin üzərində formalaşır. Azərbaycan Cüdo Federasiyası gələcəkdə də öz əsas prinsiplərinə və cüdonun şərəf kodeksinə sadiq qalacağını vurğulayır.
Qeyd edək ki, idmançılar arasında Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfər ərəfəsində insident yaranıb.