RU

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür

 Bu gün görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür. 

Missiya.Az xatırladır ki, 1951-ci ildə Bakı şəhərində dünyaya göz açan bu istedadlı sənətkar uşaqlıq illərindən səhnə ilə nəfəs alıb. O, 11 yaşında “Toy kimindir?” tamaşasında Tapdıq obrazı ilə ilk dəfə teatr səhnəsinə çıxaraq, sənət yoluna qədəm qoydu. Uşaqlıqdan incəsənətə bağlılığı, aktyorluq qabiliyyəti və özünəməxsus xarizması gələcəkdə onu milli teatrımızın və kinematoqrafiyasının ən sevilən simalarından birinə çevirdi.

Yaşar Nuri 1968-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldu. Tələbəlik illərində “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov kimi rollar ifa edərək istedadını bir daha nümayiş etdirdi. 1974-cü ildən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor kollektivi sırasına qoşulan sənətkar, bu səhnədə bir çox yaddaqalan obrazlara həyat verdi. Onun ifasında həm dramatik, həm də komik rollar tamaşaçıların yaddaşına həkk olundu.

Səhnə ilə yanaşı, kino və televiziya sahəsində də geniş fəaliyyət göstərən Yaşar Nuri 50-dən çox bədii film və 100-dən artıq televiziya əsərində rol aldı. “Yaramaz”, “Evləri köndələn yar”, “Dörd bazar günü”, “Yol qəzası”, “Damadın Qaçırılması” kimi filmlərdəki obrazları aktyorun çoxşaxəli yaradıcılığının nümunəsidir. O, eyni zamanda bir sıra televiziya tamaşalarının və filmlərin rejissoru kimi də fəaliyyət göstərib.

Sənətdəki böyük xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1982-ci ildə Azərbaycan SSR-in Əməkdar Artisti, 1989-cu ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. 2011-ci ildə onun 60 illik yubileyi xüsusi təntənə ilə qeyd edildi.

Yaşar Nuri 22 noyabr 2012-ci ildə vəfat etdi və Birinci Fəxri Xiyabanda dəfn olundu. Onun gedişi Azərbaycan mədəniyyəti üçün böyük bir itki oldu, lakin yaratdığı əsərlər, oynadığı obrazlar və qoyduğu iz onu bu gün də xalqın yaddaşında yaşadır.

Bu gün doğum günü münasibətilə Yaşar Nuri bir daha sevgi və hörmətlə xatırlanır. O, yalnız bir aktyor deyil, həm də Azərbaycan tamaşaçısının qəlbində daim yaşayan bir sənət yadigarıdır.

İlahə QənbərliMissiya.Az

Избранный
234
missiya.az

1Источники