Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mahir Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mahir Məlikovun məhkəməyədək həbsdə olduğu 2 gün müddəti nəzərə alınaraq, ona 5 ay 26 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Mahir Məlikov 2025-ci il tarixində, saat 03:00 radələrində, Abşeron rayonunda birlikdə yaşadığı keçmiş həyat yoldaşı, zərərçəkmiş Çinarə Kərimova (adı, soyadı şərtidir) ilə evə xəbər vermədən gec gəlməsi səbəbindən mübahisə edib. Bu zaman Mahir onu qaldırıb yerə vuraraq baş, bel və bud nahiyələrinə xəsarətlər yetirib.
Hadisədən sonra Çinarə Kərimova polisə məlumat verib və ekspertizadan keçib. Məhkəmə iclasında zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxsin barışıq cəhdi olmayıb və etdiyi əməldən peşman olmayıb.
O bildirib ki, əvvəlki nikah münasibətləri bitmiş olsa da, qayınanasına məxsus evdə yaşayır. Müəllim işlədiyini bildirən Çinarə əlavə edib ki, hadisə günü gecə rayondan qayıtdıqdan sonra qapını döyüb. Qaynanası onu nalayiq sözlərlə təhqir edib, Sonra Mahir onun mədəsinə yumruq vuraraq, ayaqlarından tutub yerə yıxıb.
Kamal Məmmədov