RU

Rusiya-Ukrayna müharibəsində yeni döngə? - Avropa ABŞ-yə güzəştə getdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 4-də Parisdə Avropanın siyasi gündəmini müəyyən edən vacib bir görüş gözlənilir. Ukrayna-Rusiya münaqişəsinin mümkün həll yollarının müzakirəsi məqsədilə təşkil olunan bu yüksəksəviyyəli toplantıda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştirak edəcəklər. Toplantının diqqətçəkən məqamlarından biri də Rusiya və Ukrayna liderlərinin eyni masa ətrafında toplaşa biləcəyi ehtimalıdır. Bu cür diplomatik təşəbbüslər fonunda Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koştanın ABŞ-Aİ münasibətlərinə dair etirafı da müzakirələri daha da aktuallaşdırır. Koşta ilk dəfə açıq şəkildə bildirib ki, ABŞ-nin, daha doğrusu, Tramp Administrasiyasının Ukraynaya dəstəyi, əslində, Aİ-ABŞ tarif razılaşmasının bir parçası olub.
Qərb ölkələrinin liderlərinin toplaşacağı ehtimal olunan bu platformada Ukrayna-Rusiya qarşıdurmasının diplomatik yolla həllinin müzakirəsi də ehtimaldır, lakin paralel olaraq, Antoniu Koştanın etirafı göstərir ki, kollektiv Qərbin mövqeyi, əsasən, geosiyasi maraqlar və iqtisadi güzəştlər kontekstindədir. ABŞ-nin Ukraynaya verdiyi dəstək, göründüyü kimi, həm də iqtisadi şərtlərlə təmin olunub. Bu, Avropanın ABŞ qarşısında iqtisadi rıçaqları müvəqqəti kənara qoyduğunu və strateji sabitliyi prioritet saydığını göstərir. Lakin Aİ bununla həm də münaqişənin həllində və proseslərin gedişatında liderliyi ələ almaq istəyir. Rüsumlara qarşılıq verməmək də bundan xəbər verir. 15% tarif razılaşması, yəni Avropa İttifaqının ABŞ-yə ixrac etdiyi bütün məhsullara əlavə vergi ödəməyə razı olması və adekvat addım atmaması iqtisadi cəhətdən sərfəli olmasa da, siyasi və təhlükəsizlik baxımından strateji bir addım kimi qəbul edilib. Çünki Rusiya Ukrayna cəbhəsində irəliləyir, işğalı dayandırmaq niyyətini ortaya qoymur və Avropa bunu, Moskva dayanmasa, gələcəkdə təhlükənin daha geniş miqyas alacağı kimi qələmə verir. Koştanın fikrincə, Şərq sərhədlərində təhlükə artdığı bir vaxtda, ABŞ ilə iqtisadi qarşıdurmaya girmək "ağılsız risk" olardı.
Bütün bunlar isə münaqişənin taleyini yenə də sual altında saxlayır.
Politoloq Aytən Qurbanova Oxu.Az-a açıqlamasında bildirib ki, bu kontekstdə üçtərəfli formatda görüşün keçilməsi labüddür:
"Çünki Ukraynanın iştirakı olmadan onun taleyinin həll edilməsi və yekun qərarın qəbul edilməsi mümkün deyil. Təbii ki, bu görüş birmənalı şəkildə sülhə töhfə verəcək həlledici məqam ola bilməz, çünki tərəflərin mövqelərinin razılaşdırılması kifayət qədər çətindir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Ukraynanın parçalanması ilə nəticələnəcək və onu işğal ilə barışmağa məcbur edəcək heç bir razılaşma sülhə töhfə verə bilməz".
"Hər bir halda sülh haqqında danışmaq üçün hələ tez olsa da, atəşkəsin ilkin şərtlərinin razılaşdırılması üçün belə görüşlərin keçirilməsi mütləqdir. Nəticə etibarilə, Fransada belə bir görüşün keçirilməsi ehtimalı bir qədər zəif olsa da, İstanbul formatı nümunəsində tərəflərin hər ikisi üçün məqbul olan başqa üçüncü dövlətin ərazisində belə görüşün keçirilməsi ehtimalı hər zaman dəyərləndirilə bilər".
Politoloq İlyas Hüseynov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdükdən sonra Ağ Evdə Ukrayna və Avropa liderləri ilə görüş keçirdi və belə gözlənilirdi ki, ABŞ-nin vasitəçiliyi ilə keçirilmiş görüşlərdən sonra Ukrayna və Rusiya liderlərinin görüşü təşkil oluna bilər:
"Lakin sonrakı proseslər göstərdi ki, Vladimir Putin və Volodimir Zelenski arasında görüşün keçirilməsi elə də sadə bir məsələ deyil. Burada tərəflərin öz istəkləri, tələbləri, şərtləri mövcuddur və belə olan halda Avropa ölkələri özü hərəkətə keçməyə cəhd göstərir. Bu da onu deməyə əsas verir ki, Aİ sülhün və atəşkəsin formalaşmasında maraqlıdır".
"Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının əvvəlki administrasiyası Avropa liderləri ilə birlikdə Ukraynanın arxasında duraraq hərtərəfli maliyyə, iqtisadi və hərbi dəstək göstərirdisə, hazırkı ABŞ administrasiyası fərqli mövqedədir. Ukraynaya tədarük olunan silahların pulunun Avropa dövlətləri tərəfindən verilməsi Trampın əsas istəyidir. Belə olan halda, müharibənin əsas sərmayədarı olmaq Avropanın marağında deyil. Çünki bu, həm də Avropa iqtisadiyyatını iflic vəziyyətdə qoyur və eləcə də Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqına tətbiq etdiyi 15 faizlik tarif siyasəti bu prosesi daha da sürətləndirir. Ona görə də əsasən, Almaniya, Böyük Britaniya və Fransanın niyyəti ilə görüşün keçirilməsi ehtimalı daha yüksəkdir. Hətta Rusiya və Ukrayna prezidentlərinin Avropada keçirilən görüşdə iştirak etmək ehtimalı Avropanı vasitəçilik yarışında daha da irəliyə apara bilər. Çünki burada mediasiya uğrunda da böyük mübarizə getməkdədir", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqının da bu prosesdə iqtisadi zərbə görmək ehtimalı getdikcə yüksəlir:
"Artıq üç ildir davam edən müharibə həm də Avropada artan narazılığa, müxtəlif radikal qanadların canlanmasına, miqrasiya böhranına, iqtisadi tənəzzülə və inflyasiya həddinin yüksəlməsinə gətirib çıxarıb. Avropanın strateqləri də bunu aydın şəkildə anlayırlar".
Mərahim Nəsib
Избранный
99
15
oxu.az

10Источники