RU

Minsk qrupunun buraxılması Ermənistandakı bəzi qüvvələri məyus edib

"ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı atılan addım vaxtında verilmiş qərardır. ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinin 1 sentyabr 2025-ci il tarixindən etibarən dayandırılması Ermənistandakı bəzi qüvvələri məyus edib. Çünki onlar hesab edirdi ki, Minsk qrupunun qalması keçmiş münaqişə vəziyyətinin saxlanılması deməkdir".

Bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı verilən qərarın mahiyyətini şərh edərkən deyib.

Sədr müavini bildirb ki, Minsk Qrupunun varlığı Ermənistandakı revanşist, separatçı qüvvələri “ümidləndirirdi”: “Minsk Qrupunun buraxılması ilə bağlı verilən qərar bu iddialara son qoydu. Bu məsələ artıq tarixə qovuşdu. Bu ilin dekabrın 1-ə qədər Minsk Qrupunun ləğvi prosesi ilə bağlı texniki prosedurlar da tamamilə başa çatacaq. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, paraflanmış sülh müqaviləsinin qüvvəyə minməsi üçün yeganə əngəl qalıb. Bu da Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlıdır”.

Ziyafət Əsgərov hesab edir ki, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra sülh müqaviləsinin imzalanması üçün heç bir əngəl qalmır: “Azərbaycanın sülhlə bağlı yeganə şərti indi məhz bundan ibarətdir. Erməni tərəfi də bunu dəqiq bilir. Ona görə də, rəsmi İrəvan bu addımı atmalıdır”.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Избранный
34
1
sabahinfo.az

2Источники