Rusiyanın “Dom kino Premium” telekanalı (“Trikolor”a məxsus) prezident Putinin siyasəti ilə razılaşmayan məşhur sənətçilərin çəkildiyi filmlərə növbəti dəfə genişmiqyaslı senzura tətbiq edib.
Hakimiyyet.az Musavat.com-a istinadən xəbər verir ki, bu dəfə Timur Bekmambetovun “Yolka” filmi ciddi ixtisarlarla efirə verilib.
Filmdən tamamilə silinən personajlar.
Telekanal aktyor Artur Smolyaninovun canlandırdığı obrazı — yekaterinburqlu uğursuz oğru Loxa Zaytsevi — tamamilə kəsib. Halbuki bu personaj ilk “Yolka” filminin əsas xəttlərindən birini təşkil edirdi.
Brejnevanın səhnələri yox edilib.
Müğənni Vera Brejneva özünü canlandırdığı epizodlarda da tamamilə filmindən çıxarılıb. Hətta Brejnevanın adının dialoqlarda çəkildiyi səhnələr də ixtisara məruz qalıb.
Filmin müddəti azaldılıb.
Senzura nəticəsində filmin ümumi vaxtı dörddə bir qədər azalıb. Orijinalda 1,5 saat davam edən film kanalda cəmi bir saatdan bir qədər çox göstərilib.
Final səhnəsi dəyişdirilib.
Filmin sonunda müxtəlif şəhərlərdəki qəhrəmanlar göstərilən zaman Smolyaninov və Brejneva ilə bağlı kadrlar tamamilə çıxarılıb.
Vera Brejneva və Artur Smolyaninov 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinə qarşı çıxış etmişdilər. Brejneva Rusiyanı tərk etmiş, Smolyaninov isə “xarici agent” elan olunaraq “terrorçular və ekstremistlər” siyahısına salınmışdı.
“Dom kino Premium” bundan əvvəl də bir sıra filmlərə senzura tətbiq edib. Məsələn, “Radio günü”, “Kişilər nə haqda danışır” və “Kişilər daha nə haqda danışır” filmlərində səhnələr çıxarılıb. “Dom kino” telekanalı isə “Qardaş 2” filmində “DDT” qrupunun afişalarını və “Ledokol” filmində Alla Puqaçovanın təsvirini bulanıq göstərib.