RU

Tiencin sammiti Azərbaycanın subregional lider kimi mövqeyinin təsdiqlənməsi üçün əhəmiyyətli platforma olacaq - ŞƏRH

Bakı, 1 sentyabr, AZƏRTAC

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və “ŞƏT Plus” formatının 25-ci sammiti təşkilatın tarixində ən geniştərkibli tədbir kimi yadda qalacaq. İyirmi dövlətin lideri, səkkiz beynəlxalq təşkilatın rəhbəri və nüfuzlu siyatçilərin iştirakı sammitin beynəlxalq gündəlikdəki çəkisini bir daha ortaya qoyur. Sammitin bu qədər geniş nümayəndə heyətlərini bir araya gətirməsi təsadüfi deyil. Dünyada geosiyasi gərginliklərin artdığı, iqtisadi böhranların müşahidə olunduğu bir vaxtda dövlətlər çoxtərəfli əməkdaşlıq mexanizmlərinə daha böyük önəm verirlər. ŞƏT platforması məhz bu baxımdan ölkələr üçün alternativ imkanlar yaradır. Dialoq, təhlükəsizlik, ticarət və mədəni əməkdaşlıq istiqamətlərində ortaq mövqelərin formalaşdırılmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasənda Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Səbinə Salmanova səsləndirib.

O bildirib ki, Azərbaycan uzun illərdir ŞƏT ilə əlaqələrini davamlı şəkildə inkişaf etdirir və təşkilat çərçivəsində fəal tərəfdaş kimi çıxış edir:“Bu münasibətlər bir neçə əsas istiqamətdə formalaşıb, ölkəmizin regional və qlobal siyasətdə mövqeyini gücləndirir. Birincisi, çoxtərəfli diplomatiya və siyasi əməkdaşlıq sahəsində Azərbaycan ŞƏT platformasında aktiv iştirak edir. Ölkəmiz təşkilat çərçivəsində regional və beynəlxalq məsələlərin müzakirəsində konstruktiv mövqe nümayiş etdirir və təşəbbüskar rolunu ortaya qoyur. Bu, Azərbaycanın beynəlxalq siyasətdə etibarlı və balanslı tərəfdaş kimi tanınmasına imkan yaradır. İkincisi, iqtisadi və ticarət sahəsində əməkdaşlıq Azərbaycan-ŞƏT münasibətlərinin prioritet istiqamətlərindən biridir. Ölkə üzv dövlətlərlə qarşılıqlı faydalı layihələr həyata keçirir, enerji, nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlığı genişləndirir. Bu yanaşma həm milli iqtisadiyyatın inkişafına, həm də regionun iqtisadi inteqrasiyasına töhfə verir. Üçüncüsü, regional inteqrasiya təşəbbüsləri Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bakı xətti çərçivəsində ölkəmiz ŞƏT-ə üzv dövlətlərlə subregional əməkdaşlıq formatlarını inkişaf etdirir, qarşılıqlı etimad və koordinasiyanı gücləndirir. Bu, yalnız diplomatik üstünlük deyil, həm də regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Dördüncüsü, texnologiya və infrastruktur sahəsində əməkdaşlıq ŞƏT çərçivəsində Azərbaycanın prioritet istiqamətlərindəndir. Ölkə liman, nəqliyyat dəhlizləri və rəqəmsal transformasiya layihələrində birgə təşəbbüsləri təşviq edir, həm milli, həm də regional səviyyədə iqtisadi və logistika imkanlarını artırır. Ümumilikdə, Azərbaycan-ŞƏT əlaqələri ölkənin iktərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir, Cənubi Qafqazda stabilliyi dəstəkləyir və Azərbaycanın beynəlxalq inteqrasiya prosesindəki rolunu gücləndirir. Fikrimcə, Tiencin sammiti də bu əlaqələrin yeni səviyyəyə çıxarılması və Azərbaycanın subregional lider kimi mövqeyinin təsdiqlənməsi üçün əhəmiyyətli platforma olacaq”.

Səbinə Salmanova vurğulayıb ki, Prezident İlham Əliyevin Çinə səfəri və belə mötəbər tədbirdə iştirakı ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın regional proseslərin fəal iştirakçısı olduğunu, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də önəmli töhfələr verdiyini göstərir. “Hesab edirəm ki, Tiencin sammiti Azərbaycanın xarici siyasət kursunda mühüm mərhələdir. Prezident İlham Əliyevin sammitdə iştirakı və xüsusi qarşılanması göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal əməkdaşlıqda yeni formatların qurucusu və təşəbbüskarı kimi qəbul edilir. Bu, Azərbaycanın həm Çinlə ikitərəfli əlaqələrini gücləndirəcək, həm də ŞƏT və “ŞƏT Plus” çərçivəsində təsir imkanlarını genişləndirəcək",-deyə o vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Tiencin sammitində Azərbaycanın gündəliyi strateji əhəmiyyət daşıyır:“Ölkəmiz əsasən iki istiqamətdə təşəbbüslər irəli sürüb. Onlardan biri Çin ilə birgə infrastruktur və texnologiya platformasının formalaşdırılması, digəri isə ŞƏT çərçivəsində regional assosiasiyaların yaradılması, yəni Bakı xəttinin inkişaf etdirilməsidir. Bu yanaşma Azərbaycanı təkcə milli maraqlarını gücləndirən tərəfdaş kimi deyil, həm də subregional əməkdaşlıq və inteqrasiya təşəbbüskarı kimi təqdim edir. Bu təşəbbüslər göstərir ki, Azərbaycan sammitdə yalnız öz milli maraqlarını müdafiə etmir, eyni zamanda, region xalqlarının ümumi rifahına və beynəlxalq əməkdaşlığa töhfə verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevə Tiencində təkcə ayrı bir ölkənin lideri kimi deyil, subregional müttəfiqlik formatlarının lideri kimi də yüksək münasibət göstərilir. Bu, Azərbaycanın diplomatik fəallığını və çoxtərəfli əməkdaşlıq sahəsindəki mövqeyini bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin sammitdə iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təsdiqi kimi qəbul edilir. Bu gün Bakı artıq təkcə Cənubi Qafqazda sabitliyin təminatçısı deyil, həm də subregional əməkdaşlıq modellərinin təşəbbüskarı və həyata keçiricisidir. Bu, Azərbaycanın həm Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə, həm də Avrasiyanın nəqliyyat və enerji dəhlizlərində strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Tiencin sammiti göstərir ki, Azərbaycan çoxtərəfli əməkdaşlıq formatlarında passiv müşahidəçi mövqeyindən çıxaraq yeni ideyalar irəli sürən və onları reallığa çevirən ölkəyə çevrilir. Bu, həm ölkəmizin siyasi çəkisini artırır, həm də Azərbaycanı qlobal əməkdaşlıq xəritəsində körpü rolunu oynayan etibarlı tərəfdaş kimi təqdim edir”.

Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin Çinə səfəri və ŞƏT sammitində iştirakı Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətin növbəti uğurlu addımıdır. “Bu səfər yalnız ölkəmizin qlobal təşkilatlarla münasibətlərini möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda, Azərbaycanın regionda və onun hüdudlarından kənarda artan nüfuzunu, iqtisadi və siyasi qüdrətini əyani şəkildə nümayiş etdirir. Səfər gələcək perspektivlər baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın ŞƏT platformasında daha fəal rol oynaması, həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar açır. Bu isə Azərbaycanın beynəlxalq diplomatiyada mövqeyini gücləndirir və çoxtərəfli əməkdaşlıq sahəsində təşəbbüskar kimi mövqeyini daha da möhkəmləndirir. Beləliklə, Prezident İlham Əliyevin səfəri və sammitdə iştirakı Azərbaycanın xarici siyasət strategiyasının uğurla reallaşmasının növbəti göstəricisi olmaqla, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq”,- deyə o bildirib.

 

Избранный
25
1
azertag.az

2Источники