RU

Tiencində sammit: ŞƏT-in yeni planı və Azərbaycanın yeri - ÖZƏL

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti işə başlayıb. Tədbirdə 21 ölkənin liderləri və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edir. Sammitdə təşkilatın gələcək 10 il üçün inkişaf strategiyasının qəbul olunacağı gözlənilir. ŞƏT-in hazırda 10 üzv dövləti, 2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı var. Azərbaycan 2015-ci ildən etibarən təşkilatın dialoq tərəfdaşıdır və son illər ŞƏT çərçivəsində fəallığını artırıb.
ŞƏT-in yeni inkişaf strategiyası regionda güc balansına hansı təsirləri göstərə bilər? Azərbaycanın dialoq tərəfdaşı kimi ŞƏT-də rolunu artırması ölkənin regional siyasətinə hansı üstünlüklər qazandıra bilər?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

"ŞƏT-in hər keçən gün önəmini artırması həm iqtisadi, həm siyasi baxımdan yeni fürsətlər vəd edir, həm də yeni təhlükələrin qaynağına çevrilə bilər. Biz bunu iki nöqtədə dəyərləndirməliyik. Birincisi, fürsətlər, imkanlar, yeni tərəfdaşlıqlar baxımından Şanxay Əməkdaşlıq Təşkilatı inkişaf etdikcə formalaşmaqda olan yeni dünya düzənində, yeni reallıqlarda artıq təkqütblü Qərb hegemoniyasına qarşı bir alternativ vəd edir. Azərbaycan kimi, ümumiyyətlə, Türk dünyası kimi alternativ güc mərkəzlərinin öz bütün sahələrdə əskikliklərini tamamlamaq və Qərbdən asılılığını sonlandırmaq, beləcə öz gücünü daha da inkişaf etdirərək yeni güc mərkəzləri kimi ortaya çıxmasında bir alternativ rol oynayacaq. Amma burada bizim diqqət etməli olduğumuz bir məsələ də var ki, Qərbdəki, Şərqdəki hegemon dövlətlərin hamısı imperialist xislətlidir. Bu nöqtədə Azərbaycan, ümumiyyətlə Türk dünyası, yaxud Ərəb dünyası, yaxud Afrikalılar, digər potensial güc mərkəzinə çevriləcək dairələr  artıq bir tərəfdən qurtulub, o biri tərəfin təsirinə düşməmək üçün yaranan fürsətləri doğru istifadə etməlidirlər. İkincisi, risklər məsələsinə gəldikdə isə, ŞƏT-in bu qədər böyüməsi və əsasən Qərb hegemoniyasına qarşı yeni bir Şərq dövlətlərinin liderliyində alternativ mərkəzə çevrilməsi Qərbdə qısqanclıqla qarşılanacaq, əlbəttə. Və müəyyən bir zaman sonra artıq ŞƏT-in inkişafını öz maraqları üçün istifadə etməyəcək dövlətlərə qarşı Qərb bloku tədbirlər görə bilərlər. Bu da ilkin mərhələdə iqtisadi müharibə kimi ortaya çıxa bilər, daha sonrakı mərhələlərdə isə siyasi-diplomatik krizlərə yol aça bilər və nəhayətində hər bir müstəvidə biz hər iki blok arasında bir qarşıdurma izləyə bilərik. Bu da, əlbəttə ki, ümumi dünya təhlükəsizliyi və ümumi sosial-iqtisadi rifah baxımından yeni və daha ciddi krizlərin, problemlərin ortaya çıxması demək olacaq. 
Azərbaycanın ŞƏT-lə münasibətlərinə gəldikdə isə Azərbaycan ənənəvi siyasətini davam etdirir: bütün tərəflərlə, bütün güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Mən düşünürəm ki, Azərbaycanın ŞƏT-lə münasibətləri də bu baxımdan vacibdir. Ona görə ki, biz həm Şərqin, həm Qərbin ən güclüləri ilə münasibətləri korlamaqdan, uzaqlaşmaqdan ziyadə hər iki güc mərkəzi ilə bərabərhüquqlu dialoqu davam etdirməliyik, qarşılıqlı əməkdaşlıq münasibətləri qurmalıyıq ki, ya bu iki güc toqquşanda zərər görən tərəfə çevrilməyək, ya da heç toqquşma olmasa da hər iki tərəflə qarşılıqlı əlaqədə bizim alternativlərimiz çox olsun və nəticədə qazanclarımız da çoxalsın. O nöqtədə artıq Azərbaycanın ŞƏT-lə münasibətləri önəmlidir. Çin kimi yeni dünyanın ən önəmli güclərindən birinə çevrilən bir dövlətlə və beynəlxalq təşkilat olaraq yeni dünyanın ən önəmli qurumlarından biri olacaq ŞƏT-lə münasibətlərimiz Azərbaycana üstünlüklər gətirəcək. Əlbəttə ki, müəyyən mənada şimal-cənub təhlükələrinin sığortalanmasında da bu faktor ön plana çıxa bilər və həm ticarət, həm iqtisadi, həm də tranzit baxımından Azərbaycanın önəmini artıra bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники