Son günlər Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqının 1 manata qaldırılacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Vətəndaşlar belə bir qərarın gündəlik xərclərə birbaşa təsir edəcəyini, xüsusən də aztəminatlı ailələrin büdcəsini daha da çətinləşdirəcəyini bildirirlər. Rəsmi qurumlardan isə məsələ ilə bağlı hələlik açıqlama verilməyib.
İqtisadçı-ekspert Xalid Kərimli Referans-a açıqlamasında bu informasiyanın real olma ehtimalını iqtisadi baxımdan dəyərləndirib.
“Güman etmirəm ki, birdən-birə bu qədər bahalaşma ola bilər. Əslində, bir il olar ki, ictimai nəqliyyatda qiymət artımı baş verdi. Bu qədər qısa bir müddətdə, özü də iki qat artım mümkün olmamalıdır. Buna səbəb də yoxdur. Sonuncu artımdan bu yana nə benzinin, nə də dizelin qiyməti dəyişib. Eləcə də avtobus daşıyıcılarının xərcləri iki dəfə artmayıb ki, tarifləri də artırmağa ehtiyac olsun. Artım olsa belə bu qədər artımın olması ağılabatan deyil”.
Ekspert Azərbaycanın ictimai nəqliyyat sistemində ciddi problemlərin olduğunu deyib. Elə indiki qiymətlər də əhalinin büdcəsinə uyğun deyil, buna baxmayaraq, keyfiyyətin artırılması adı altında qiymətlər də günü-gündən artırılır.
“İctimai nəqliyyatın vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən addımlar atmaq olar. Loyal müştərilərin həvəsləndirilməsi bu addımlardan biri ola bilər. Məsələn, Avropa ölkələrində də müəyyən şəhərlərdə “nəqliyyat kartları” olur. Vətəndaşlar müəyyən məbləğ ödəməklə davamlı şəkildə ictimai nəqliyyatın bütün növlərindən istifadə etmək imkanı qazanır. Bu da tətbiq oluna bilər. Bizim nəqliyyat sisteminin əsas problemlərindən biri də ictimai nəqliyyatın bütün növlərinin bir-birində ayrı formada fəaliyyət göstərməsidir. Buna görə də vahid nəqliyyat kartlarının formalaşdırılması da qeyri-mümkün olaraq qalır. Əgər ictimai nəqliyyatın vahid mərkəzdən idarəsi baş tutsa, vahid kartlar tətbiq olunsa, bu zaman fərqli qruplara da (tələbələr, təqaüdçülər və s.) müəyyən güzəştlər edilə bilər.
İkinci bir məsələ isə ictimai nəqliyyatda məsafəyə görə qiymətlərin müəyyən olunmasıdır. Məsələn, bir stansiya, bir dayanacaq gedən də 50 qəpik ödəniş edir. Məsafəyə görə qiymətlərin təyin edilməsi də vətəndaşların maraqlarına uyğun ola bilər”.
Fidan Vəlisoy