İqlim dəyişməsi təkcə qlobal temperaturun artması və ekstremal hava hadisələrinin tezliyinin çoxalması ilə məhdudlaşmır. O, həm də atmosferdəki çirkləndirici maddələrin dinamikasını dəyişərək havanın keyfiyyətinə birbaşa və dolayı təsir göstərir. Hava keyfiyyətindəki bu dəyişikliklər isə insan sağlamlığı üçün ciddi risklər yaradır.
Troposferik ozon artır:
Atmosfer temperaturunun yüksəlməsi fotokimyəvi reaksiyaların intensivliyini artıraraq yer səthinə yaxın troposferik ozonun (yerə yaxın ozonun) səviyyəsinin artmasına səbəb olur. Troposferik ozon insan sağlamlığı üçün ikinci dərəcəli zərərli çirkləndirici hesab edilir və onun yüksək konsentrasiyası tənəffüs yolları xəstəliklərinin kəşkinləşməsinə səbəb olur.
Toz, tüstü və bərk hissəciklər:
İqlim dəyişikliyi meşə yanğınlarının, toz fırtınalarının və aerozol konsentrasiyalarının artmasına səbəb olmaqla, havadakı bərk hissəciklərin (PM1,PM2.5 və PM10) miqdarını artırır. Belə hissəciklər ağciyərlərə daxil olaraq alveol səviyyəsində yığıla bilir, tənəffüs, ürək-damar, sinir sistemi və hətta reproduktiv sağlamlıq problemlərinə səbəb ola bilər.
Allergenlər çoxalır:
Temperatur və karbon qazı səviyyəsinin yüksəlməsi nəticəsində polen və digər allergenlərin mövsümü uzanır, həmçinin onların konsentrasiyasını və bioloji aktivliyini artırır. Nəticədə allergiya və astma hallarının sayı artır.
Şəhər icmaları daha çox təsirlənir:
İqlim dəyişikliyinin hava keyfiyyəti üzərindəki təsiri qeyri-bərabər paylanır və xüsusilə urbanizasiya səviyyəsi yüksək olan, havalandırma imkanları məhdud və sosial-iqtisadi baxımdan həssas icmalar daha çox risk altındadır.
Nəticə etibarilə, iqlim dəyişikliyi ilə hava keyfiyyəti arasındakı əlaqə kompleks və çoxsahəlidir. Bu məsələ təkcə ekoloji və ekosistem səviyyəsində deyil, həm də ictimai səhiyyə, şəhərsalma və iqtisadi planlaşdırma baxımından prioritet məsələ kimi dəyərləndirilməlidir.