RU

Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var

Saatlı Rayon İcra Hakimiyyəti Saatlı şəhərində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “SM Construction Company” MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 109 662,12 manat ödəniləcək.

“SM Construction Company” MMC 15 avqust 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Hüseynov İqbal İlqar oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

“SM Construction Company” MMC-nin hazırda 31 439,63 manat vergi borcu var. Vergi borcu olduğu halda şirkətin tenderdə qalib gəlməsi, ümumiyyətlə müsabiqəyə buraxılması başa düşülmür. Çünki qanunvericilikdə vergi borcu olan şirkətlərin tenderdə iştirakı yasaqlanır.

“SM Constructrion Company” MMC-nin tarixçəsinə nəzər yetirdikdə şirkətin tender əməliyyatlarına görə yaradıldığına şübhələr artırır. Məsələ burasındadır ki, “SM Construction Company” MMC 4 dəfə ad dəyişib. Şirkət təsis ediləndə adı “Magnit-SS” MMC olub. 2021-ci ildə şirkətin adı “Aqua İnşaat” MMC-yə dəyişdirlib. 2023-cü ilin fevral ayında  isə şirkət növbəti dəfə ad dəyişikliyinə gedərək bu dəfə “Fire Engineering” MMC-yə çevrilib. Bu adla 2023-cü ilin avqustuna qədər fəaliyyət göstərən şirkət sonda “SM Construction Company” MMC adlandırılıb.

Dövlət satınalmalarının vahid elektron portalından apardığımız araşdırma zamanı məlum olub ki, şirkət yuxarıda sadalanan adlarla da satınalma müsabiqələrində iştirak edib və iri məbləğli sifarişlər alıb.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur. O, 2024-cü ilin avqust ayından rayona rəhbərlik edir.

Избранный
12
2
tribunainfo.az

3Источники