BAKI, 28 avqust. TELEQRAF
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir çox istiqamətlər üzrə mövzulara toxunub. Ölkə başçısının Azərbaycanın xarici siyasət prioritetləri haqqında vermiş olduğu mesajlar nədən ibarətdir?
- Prezidentin müsahibəsində vermiş olduğu tezislər mühüm yol xəritəsi hesab edilir. Regionda və dünyada baş verən proseslərlə bağlı ölkə başçısı çox ciddi mesajlar verdi. Müsahibədə dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla imzalanan sənədlərin xarakterini bir daha izah etdi. Sözsüz ki, Ağ Evdə əldə edilən tarixi nəticələr Prezident İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi idi. Reallıq odur ki, II Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi Ermənistanla sülh sazişinin imzalanması üçün vacib təkliflərlə çıxış etmişdi. Təəsüf ki, erməni tərəfi bu mövzu ətrafında son 5 il ərzində manipuliyasiya edib. Nəhayət, erməni tərəfi Azərbaycanın sülh təkliflərinə reaksiya verməyə məcbur oldu. Çünki rəsmi Bakının təqdim etdiyi prinsiplər beynəlxalq hüquqa uyğun olmaqla yanaşı, Ermənistan üçün də faydalıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı da erməni tərəfi uzun müddət prosesi uzatmaqla məşğul idi. Məhz Vaşinqtonda Zəngəzur dəhlizinin açılması istiqamətində əldə edilən razılaşma Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyətini ifadə edir.
- Ölkə başçısının Rusiya ilə bağlı münasibətlərin hazırkı səviyyəsinə dair verdiyi açıqlamaları necə dəyərləndirmək olar?
- Azərbaycan xarici siyasətində hər zaman səmimi olub. Ölkəmiz, eyni zamanda, özünə qarşı səmimiyyətin olmasını istəyir. Amma biz Rusiya tərəfindən bu səmimiyyəti görmədik. Azərbaycana məxsus sərnişin təyyarəsinin ötən ilin dekabrında Rusiya ərazisində vurulmasından sonra indiyə qədər bu məsələ ilə bağlı konkrer cavab yoxdur. Rusiya tərəfi bu təyyarənin niyə və nə üçün vurulduğuna dair açıqlama verməyib. Həmçinin təyyarədə həlak olan, xəsarət alan şəxslərə və onların ailələrinə konpensasiyanın ödənilməsi təmin edilməyib. Təyyarə ilə bağlı Rusiya tərəfinin ödəyəcəyi kompensasiya məsələsi belə gündəmə gətirilmir. Azərbaycan Rusiya ilə qonşu dövlət kimi bu cür münasibəti qəbul edə bilməz. Hər halda, istəyirik ki, Rusiyada da bunu anlasınlar və dərk etsinlər ki, Azərbaycana qarşı belə hörmətsizlik olmaz və bunu biz heç vaxt qəbul edə bilmərik. Buna baxmayaraq, Rusiyada azərbaycanlılara qarşı olan aqressiv yanaşmalar da diqqətdən kənarda qala bilməz. Həm Rusiya vətəndaşı olan azərbaycanlılar, həm də Azərbaycan vətəndaşları bu ölkədə diskiriminasiyaya məruz qalırlar. Necə olur ki, gəlib insanları öldürürlər və sonra da deyirlər ki, biz orada tədbir görürdük və s. Bu açıq vəhşilik idi. Ona görə də bu məsələlər aydınlaşmalı, Azərbaycana cavab verilməlidirlər. Bundan sonra əsl dövlətlərarası münasibətlərin necə olması aydınlaşar.
- Azərbaycan Prezidentinin İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığına vermiş olduğu reaksiyanı necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla bağlı söylədiyi fikirlər olduqca önəmlidir. Pezeşkian Azərbaycana rəsmi səfər etməklə yanaşı, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə də iştirak edib. Dövlətimizin başçısı da İran prezidentinin şəxsiyyəti ilə bağlı yüksək fikirlər səsləndirib. Pezeşkianın özü də açıqladı ki, Zəngəzur dəhlizinin açılması İrana heç bir ziyan verməyəcək. Sözsüz ki, İran daxilində bəzi “müşavirlərin”, “məsləhətçilərin” nə deməsi boş və mənasız yanaşmalardır. Əsas odur ki, İran prezidenti bu işləri bilən adam kimi Zəngəzurla bağlı müsbət mövqeyini ifadə edib. Əslində, bu dəhlizin nəinki İran, heç bir region dövləti üçün ziyanı yoxdur. Bundan bütün bölgə dövlətləri istifadə edəcəklər.