RU

"Lazım deyil, doğrayın getsin" Qəzetçi ömründən yadda qalanlar

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tofiq Hüseyn,

Əməkdar jurnalist

Çap məhsullarının, xüsusilə qəzetin abunəsi indiki dillə desək, hər zaman prioritet olub. Redaksiyanın maddi vəziyyətinin normal olmasının əmək haqqına, qonarara müsbət təsir etdiyini əla bilən qəzet əməkdaşları abunə kampaniyasına can-başla, tam məsuliyyətlə girişirlər. Kampaniyada heç şübhəsiz, yükün ağırlığı baş redaktorun üzərinə düşür. O, öz vəzifə imkanlarından, başlıcası idarə və təşkilat rəhbərləri arasında qazandığı hörmətdən, ehtiramdan yararlanıb üz vurur, xahiş edir, qəzetin maddi vəziyyətinə köməklik göstərilməsinə çalışır.

”Həyat” qəzeti bir müddət “Sovet kəndi”qəzetinin varisi kimi çap olundu. Qəzetin redaktoru əvvəllər istedadlı şair Vaqif Bəhmənli, sonra yazıçı-dramaturq, uzun illər ”Kommunist”qəzetində rəhbər vəzifələrdə çalışan Əfqan Əskərov idi.

Əvvəlki üsul-idarə hələlik ləğv olunmadığından və qəzetə münasibətdə nizam-intizam, sayğı gözlənildiyindən təbii ki,Əfqan müəllimi rayon rəhbərləri yaxşı tanıyırdılar. Əfqan müəllim əməkdaşları kampaniyaya cəlb edir, tapşırıqlar verir, hətta onların hər birinə norma müəyyənləşdirirdi.

Növbəti iclasda baş redaktor Saatlı və Qaradağ rayonlarının rəhbərləri ilə danışıb qəzetin bütöv bir səhifəsində onların şəkli ilə birlikdə müsahibələrinin dərc ediləcəyinə söz verdiyini bildirdi. Çap olunduqdan sonra qəzetin nömrələri adı çəkilən rayonlara göndərilməli və redaksiyanın hesabına abunə haqqı köçürülməli idi. Əfqan müəllim məsul tapşırığı uzun illər qəzetdə çalışan təcrübəli əməkdaşlardan Davud Dəmirli ilə Mirzağa Aranlıya etibar elədi. Davud Dəmirli - Qaradağ, Mirzağa Aranlı Saatlı rayon katiblərinin müsahibəsini (hər birinin nurlu xatirəsini minnətdarlıqla yad edirəm) hazırlamalı idi və hazırladılar da. Müsahibələr qısa müddətdə, operativliklə ərsəyə gəldi və rayon rəhbərlərinin şəkli ilə birlikdə iri formatlı “Həyat”qəzetinin eyni səhifəsinə yerləşdirildi.

Səhər tezdən redaksiyaya gələndə sözün əsl mənasında təbii fəlakətə oxşayan hadisə ilə qarşılaşdıq. Səhifədə şəkillərin yeri dəyişik düşmüşdü. Müsahibələrdə Qaradağın katibi Saatlıdan, Saatlının katibi Qaradağdan bəhs edirdi. Qaradağın katibi Saatlıda iri və xırda buynuzlu mal-qara, davar arasında aparılan zootexniki tədbirlərdən, süni mayalanmanın aparılması qaydalarından, Saatlıının katibi Ələt, Sahil, Lökbatan tərəflərdə abadlıq-quruculuq işlərindən, sənədsiz tikililərin qısa vaxtda söküləcəyindən danışırdı. Buna başımıza gələn müsibət də demək olardı.

Redaksiyanın uzun dəhlizindəki mənzərə ürək ağrıdırdı. Dəhlizin bu başında Davud müəllim, əks tərəfində Mirzağa müəllim əlini çənəsinə söykəyib var-gəl edirdilər. Həmin anlarda dəhlizin hər iki başı heç şübhəsiz, qəzet əməkdaşları üçün Qaradağ və Saatlıya gedən yol qədər uzun və ağrılı görünürdü.

Əfqan müəllim işə gecikmişdi. Biz bir yerə toplanıb vəziyyətdən çıxış yolları barədə götür-qoy edirdik. Kimi növbəti nömrədə düzəlişi, kimi qəzeti rayonlara aparıb rəhbərlərdən üzr istəməyi məqbul sayırdı. Əfqan müəllim gəlib qəzetə göz gəzdirəndə kişinin rəngi qaraldı. Biz təkliflərimizi deyib yaranmış pərtliyi aradan qaldırmaq istəyəndə baş redaktor gözlərini məchul nöqtəyə zilləyib deyilənlərə sanki qulaq asmırdı. Nəhayət, başını qaldırıb uzun söz-söhbətə qısa yekun vurdu:

- Mətbəəyə deyin qəzeti doğrasınlar.

Qəzetçi həyatının bu sayaq həm maraqlı,həm də ağrılı olaylarından danışırıqsa, Şirvanda (o vaxtkı Əli Bayramlı) baş verən buna oxşar bir əhvalatı da yada salaq.

Hansı səbəblərdənsə şəhərdə partiya ilə komsomolun birinciləri arasında nifaq yaranmışdı. Partiyanın birincisi dikbaş komsomolu yerində oturtmaq üçün əlverişli məqam axtarır, amma tapa bilmirdi. Partiyanın bürosunda müzakirə edib cəza vermək üçün tutarlı fakt lazım idi, lakin hələlik bu fakt ələ düşmürdü.Vəziyyət aydan-aya gərgin hal alırdı. Cürbəcür dedi-qodular olsa da, bunlar necə deyərlər, komsomola yapışmırdı. Nəhayət, tapıldı. Zirək-diribaş komsomol qısa dairədə oğluna kiçik toy məclisi təşkil edib, yaxın bildiyi adamlara makinada çıxan dəvətnamə paylayanda hadisənin birinciyə çata biləcəyini yaddan çıxartmışdı. Dəvətnamə əşyayi-dəlil kimi partiya birincisinin əlinə göydəndüşmə oldu. Birinci şəhər qəzetinin redaktoruna qəzetdə təcili olaraq felyeton çap etdirmək göstərişi verdi. Qəzetin şəhər həyatı və məktublar şöbəsinin müdiri qələminin “qüdrətini”, bütün yaradıcılıq imkanlarını yazdığı felyetondan əsirgəmədi. Cürbəcür vəzifələrdə gözü olan şöbə müdirinin əlinə girəvə düşmüşdü; bu felyetonla birincinin rəğbətini qazanmaq mümkün idi.

Amma qəzet çapdan çıxıb poçta getmək ərəfəsində mətbəə işçilərindən kimsə komsomola felyeton barədə xəbər ötürdü. Yuxarıda qeyd etdiyimiz kimi, təbiəti etibarı ilə xeyli zirək, diribaş olan komsomol elə səhər tezdən birincinin yaşadığı evə gedib qapını döydü. Aralarında nə söhbətin olduğu, komsomolun birinciyə hansı faktları açıqlayacağı barədə bir şey bilməsək də, birincinin təcili əmrinə təəccübləndik. Burda da uzun çəkə biləcək söhbət çox qısa idi:

- Lazım deyil, qəzeti doğrayın getsin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
www.bakupost.az

1Источники