Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Maqdalena Qrono bu prosesin regionda davamlı sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.
Qonaq Avropa İttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçinin Avropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Görüşdə Azərbaycanın Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub.
Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.