Ermənistan öhdəliklərindən yayınarsa, bu onu beynəlxalq ictimaiyyət qarşısında etibarsız və qeyri-ciddi tərəfdaş kimi təqdim edəcək.
Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi barədə danışarkən deyib.
O xatırladıb ki, müsahibədə dövlət başçısı qlobal və regional məsələlərə toxunmaqla yanaşı, Ermənistanla sülh danışıqları və bu prosesdə beynəlxalq tərəfdaşların mövqelərindən də bəhs edib:
"Dövlət başçısının çıxışı qlobal miqyasda nəhəng güclərdən tutmuş region dövlətlərinə qədər bir çox aktorları əhatə etməklə, həm də yeni reallıqlarla bağlı mühüm məqamları əks etdirdi. Müsahibədə diqqətçəkən məqamlardan biri də avqustun 8-də paraflanmış sülh sazişi ilə bağlı səslənən fikirlər oldu. Vaşinqton razılaşması pozularsa, bu, Ermənistanın özü üçün çox zərərli olar".
Ü.Zülfiqar vurğulayıb ki, Vaşinqton görüşündən sonra həm Avropa İttifaqı, həm də aparıcı dünya dövlətləri bu prosesi pozitiv qiymətləndiriblər:
"Çünki beynəlxalq mühitdə etimad qazana bilməyən, imzaladığı sənədlərə əməl etməyən bir dövlətlə gələcəkdə kim danışıqlar aparmaq, uzunmüddətli əməkdaşlıq qurmaq istəyəcək? Bu, Ermənistan üçün siyasi və iqtisadi baxımdan çox ciddi nəticələrə gətirib çıxara bilər. Yəni, İrəvanda hakimiyyət dəyişikliyi olsa belə, dövlət götürdüyü öhdəliklərdən imtina edə bilməz".
Siyasi şərhçi qeyd edib ki, əks halda Azərbaycan öz maraqlarını qorumaq üçün əlavə tədbirlər görəcək:
"Bu yanaşma, əslində, beynəlxalq hüququn əsas prinsipini - dövlətlərin müqavilə öhdəliklərinin ardıcıllığını bir daha gündəmə gətirir. Dövlət başçısı həmçinin Azərbaycanın sülh gündəliyinə sadiq olmasını bir daha vurğulayaraq regional əməkdaşlıq imkanlarını açıq saxlaması mesajını da verib. Amma bu prosesin davamlılığı üçün İrəvanın məsuliyyətli mövqeyi zəruridir. Əks halda, Ermənistan beynəlxalq arenada imic itkisinə uğramaqla yanaşı, həm də regiondakı inkişaf imkanlarından bundan sonra da kənarda qalar".
Ü.Zülfiqar Zəngəzur dəhlizinin Azərbaycan ilə Ermənistan arasında imzalanmış sənədlərin birbaşa nəticəsi olduğunu da diqqətə çatdırıb:
"Dəhliz ideyası Azərbaycan və Ermənistan arasında razılaşdırılmış məsələnin davamıdır. Prezidentin də vurğuladığı kimi, İran rəhbərliyinin rəsmi mövqeyi əsas önəm daşıyan amildir. Prezident İlham Əliyev İran Prezidentinin xalq tərəfindən seçildiyini və onun mövqeyinin ölkənin dövlət strukturları baxımından həlledici olduğunu xatırladaraq, Tehran rəhbərliyinin dəhlizə dair sərt məntiqli mövqe sərgilədiyini bəyan etdi. Daha çox narazı fikirlər İran daxilindəki radikal çevrələrdən, dırnaqarası müşavirlərdən və bəzi təsir qruplarından qaynaqlanır".
Şərhçi Zəngəzur dəhlizinin əslində yalnız Azərbaycan və Ermənistanı birləşdirən nəqliyyat xətti deyil, həm də regionun iqtisadi xəritəsini dəyişdirə biləcək mühüm bir layihə olduğunu deyib:
"Dəhliz həm Şimal - Cənub nəqliyyat dəhlizinə inteqrasiya olunur, həm də Türkiyə üzərindən Avropa istiqamətinə çıxışı asanlaşdırır. Bu isə region ölkələrinə əlavə iqtisadi imkanlar təqdim edir. Ümumilikdə, Zəngəzur dəhlizi ətrafında formalaşan müzakirələr bir daha göstərir ki, bu layihə təkcə iqtisadi deyil, həm də siyasi və geosiyasi əhəmiyyət daşıyır. Dəhlizin açılması region dövlətlərini yaxınlaşdıracaq, nəqliyyat yollarını şaxələndirəcək və böyük güclərin maraqlarını balanslaşdıracaq".