RU

Biləsuvarda ölkəmizin ən böyük GES-i inşa olunur

Ana təbiət dünyamıza, Yer üzünün əşrəfi olan insanlara nə verməyib ki?! O cümlədən bizə - doğma Azərbaycanımıza da. Lakin dünyamız bu gün yeni dövrünü yaşayır. Ətrafımızda 4-cü sənaye inqilabı baş verir və o, planetimizi ekoloji cəhətdən həm də yaman günə qoyur. 

Atmosferə atılan karbon-deoksidin miqdarının hədsiz çoxalması istilikxana effekti verərək temperaturu artırır, iqlim dəyişikliklərinə səbəb olur ki, bunun da adı ekoloji fəlakətdir. O təbii fəlakət ki, bu gün özünü qasırğalarda, böyük ərazilərin quraqlıq üzündən səhralaşmasında, daşqın, subasma, torpaq sürüşməsi, meşə yanğınlarının çoxalması və sairdə göstərir.

İqlim dəyişmələri özünü həmçinin qida çatışmazlığında, su qıtlığında, xəstəliklərin artmasında büruzə verir. Özü də bunlar hələ başlanğıcdır. Allah daha betərindən qorusun. Güclü dövlətlər isə sanki yatıblar və işləri başqa ölkələrin ərazilərini zəbt etmək məqsədilə müharibələrə qurşanıblar. Əgər dünya təbii fəlakətlər üzündən məhv olmaq təhlükəsi ilə üz-üzədirsə, kəndləri, şəhərləri viran qoymağa ehtiyac varmı?! Onsuz da Tanrı bizi  cəzalandırır da...

Amma nə yaxşı ki, bütün bu ziddiyyətlərə baxmayaraq, yavaş-yavaş dünya siyasətini yönəldənlərin bir qismi (təəssüf ki, hamısı yox) bilik adamlarının, mütəxəssislərin, ekoloqların səsini eşitməyə başlamışdır. Bunu Azərbaycanda keçirilmiş COP29 da göstərdi. 197 ölkədən 76 min nəfərin qeydə alındığı tədbirdə 80 prezident, baş nazir və vitse-prezident iştirak etdi. BMT-nin bu mötəbər ekoloji tədbirində yüksək nəticələr əldə edildi, vacib qərarlar qəbul olundu. 

Həmin qərarlardan biri də "yaşıl enerji"yə daha sürətlə keçilməsidir. Artıq hamı birmənalı qəbul edib ki, elektrik almaq üçün karbohidratlardan - neft və neft-qaz məhsullarından, habelə urandan daha səmərəlisi alternativ, o cümlədən günəş və külək enerjisindən istifadə etməkdir. Neft-qaz məhsulları (bəzi ölkələrdə daş kömür) həm təbiətdə tükənən, həm də təbiəti, atmosferi çirkləndirən, qlobal istiləşməyə, uran isə radiasiyaya gətirib çıxaran məhsullardır. Günəş və külək enerjiləri isə tükənməzdir, daimidir, davamlıdır, bir sözlə, özü-özünü bərpa edən "yaşıl enerji"dir. 

Günəş və külək Azərbaycanda boldur. Və o üzdən bu sahədə ölkəmizdə bir neçə ildir ki, ardıcıllıqla tədbirlər görülür. Artıq "Qaradağ" Günəş-Elektrik Stansiyası tikilib istifadəyə verilib və stansiya Azərbaycanın vahid enerji sisteminə qoşulub. 

Bu günlər isə "Masdar" şirkəti və "SOCAR Green"in tərəfdaşlığı çərçivəsində 445 meqavat gücündə olacaq Biləsuvar Günəş-Elektrik Stansiyasının (GES) tikintisinə start verilmişdir. İlk günəş panel dayağının qaldırılması mərasimi Biləsuvar RİH başçısı Faiq Qürbətov, "Masdar" şirkətinin Azərbaycan üzrə meneceri Murad Sadıxov, "SOCAR Green"in nümayəndələri, Çin Enerji İnkişafı Şirkətinin layihə rəhbəri Du Nin və Fan Tao və digər tərəfdaşların iştirakı ilə keçirilib. 

Biləsuvar GES - "Masdar" və "SOCAR Green" tərəfindən həyata keçirilən MEQA layihə portfelinin əsas hissəsidir. Bu paketə həmçinin 315 meqavat gücündə Neftçala Günəş-Elektrik Stansiyası və 240 meqavatlıq Abşeron-Qaradağ Külək-Elektrik Stansiyası daxildir. Biləsuvar GES 1454 hektar sahədə inşa olunacaq. Stansiyada bir milyondan artıq panel quraşdırılacaq. Neftçala GES isə 973 hektar sahədə 700 minə yaxın paneldən ibarət olacaq. 

Layihələrin baş podratçısı Çin Enerji Koorporasiyasının törəmə müəssisəsi olan Şimal-Qərb Elektrik Enerjisi Layihələndirmə İnstitutudur. Hazırda mühəndislik işlərinə başlanılıb. Avadanlıqların böyük hissəsi beynəlxalq təchizatçılardan, əsasən Çin istehsalçılarından alınacaq. Hər iki layihə istismara verildikdən sonra ildə 600-800 milyon kubmetr təbii qaza qənaət ediləcək. Bu isə təbii qaz ixrac imkanlarını artıracaq və karbon emissiyasının azalmasına töhfə verəcək. 

Tikinti işlərinin pik dövründə obyektdə 3 min 500 nəfərədək işçi çalışacaq. İlk elektrik enerjisinin şəbəkəyə verilməsi 2026-cı ilin ortalarına, tam istifadəyə verilməsi isə 2027-ci ilin birinci yarısına planlaşdırılır.

Seyran CAVADOV, 

"Azərbaycan"

Избранный
22
azerbaijan-news.az

1Источники