RU

ABŞ-Azərbaycan iqtisadi körpüsü

Atlantik okeanından Xəzərə uzanan bu körpü güvən, inam və gələcəyə ortaq baxış üzərində salınır

Son zamanlar dəyişən qlobal iqtisadi mənzərə fonunda ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələr getdikcə daha strateji xarakter alır. Ticarət dövriyyəsinin artması, irimiqyaslı investisiyalar və birgə iqtisadi təşəbbüslər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan iqtisadi körpünün formalaşdığını göstərir. Bu körpü enerji təhlükəsizliyi, regionlararası nəqliyyat dəhlizləri və dayanıqlı inkişaf kimi sahələrdə tərəfdaşlığın güclənməsi ilə də müşayiət olunur.

Hazırda iki ölkə arasında ticarət və investisiya sahəsində qarşılıqlı maraqlar genişlənməkdədir. ABŞ şirkətləri Azərbaycanda enerji sektoru ilə yanaşı, informasiya texnologiyaları, kənd təsərrüfatı, infrastruktur və maliyyə xidmətləri kimi müxtəlif sahələrdə fəaliyyət göstərməkdədir. Çünki  Azərbaycan iqtisadiyyatının şaxələnməsi istiqamətində aparılan islahatlar xarici investorlar üçün daha əlverişli şərait yaradır. Digər tərəfdən ABŞ-nin strateji tərəfdaş kimi Azərbaycanı dəstəkləməsi enerji təhlükəsizliyi və regional sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün regional kommunikasiyaların açılması və nəqliyyat dəhlizlərinin formalaşdırılması iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinə əlavə dinamika qatır. Xüsusilə Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı son açıqlamalar regionda yeni geoiqtisadi düzənin formalaşmaqda olduğunu göstərir. Zəngəzur dəhlizinin (TRIPP) açılması regionda yeni nəqliyyat və ticarət yollarının formalaşmasına xidmət etməklə yanaşı, ABŞ-nin dəstəklədiyi enerji və logistika layihələrinin də təhlükəsiz və davamlı şəkildə reallaşmasına şərait yaradacaq. Dəhliz ABŞ-nin Cənubi Qafqazda sabitlik və iqtisadi inteqrasiyaya yönəlik maraqlarına uyğun olaraq, geosiyasi əhəmiyyət daşıyır.  Qeyd edək ki, dəhlizin həm də TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") adlandırılması layihənin arxasında dayanan daha geniş geosiyasi maraqları və ABŞ-nin regionda nəqliyyat-logistika təşəbbüslərinə verdiyi dəstəyi simvolik şəkildə ifadə edir. Bu yanaşma Zəngəzur dəhlizinin (TRIPP) regional və qlobal tərəfdaşların  maraq dairəsində olduğunu aydın göstərir.

Həmin kontekstdə  Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər diqqətəlayiqdir: "Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur".

Onu əlavə edək ki, bu günlər Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində tərəflər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə mühüm görüşlər və danışıqlar həyata keçirildi. Prezidentin təbirincə desək, dünyanın 1 nömrəli ofisində imzalanan sənədlər və razılaşmalar enerji, texnologiya, ticarət və investisiya sahələrində qarşılıqlı faydalı layihələrin reallaşması üçün geniş imkanlar yaratdı. Bu səfər Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində önəmli mərhələ oldu.  Ümumilikdə  Prezidentin səfəri Azərbaycan və ABŞ arasında iqtisadi sahədə qarşılıqlı fayda və əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasın iki gün əvvəl Nazirlər Kabinetində keçirilməsi heç də təsadüfi deyil. İclasda dövlət başçısının ABŞ-də apardığı danışıqların iqtisadi, siyasi və strateji əhəmiyyəti geniş şəkildə təhlil edilib və əldə olunan razılaşmaların icrası ilə bağlı konkret tapşırıqlar verilib. Yığıncaqda  Vaşinqtondakı tarixi görüşdən sonra Azərbaycan və ABŞ arasında  imzalanan  Çərçivə Sazişinə toxunan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, 1995-ci ildən 2025-ci ilin mart ayının sonunadək ABŞ Azərbaycana böyük həcmdə investisiyalar yönəldib: "Ümumilikdə 18,9 milyard dollar sərmayə qoyulub ki, bunun da 17,4 milyard dolları əsasən neft və qaz sektoruna, qalan 1,5 milyard dollar isə ölkənin qeyri-neft sahələrinə yatırılıb". Rəqəmlər diktə edir ki, ABŞ Azərbaycanla iqtisadi əlaqələrini çoxşaxəli şəkildə inkişaf etdirməyə ciddi maraq göstərir və ölkəmizin həm ənənəvi, həm də yeni iqtisadi sahələrində fəal iştirak edir. Bu da o deməkdir ki, ABŞ-nin  sərmayələri Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır. Şübhəsiz ki, artan iqtisadi əlaqələr fonunda iki ölkə arasındakı əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir.

Azərbaycan-ABŞ ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn xətlə inkişaf edir. Hər iki ölkə arasında ticarət dövriyyəsi getdikcə artmaqda, yeni sahələrdə qarşılıqlı maraq və əməkdaşlıq güclənməkdədir. Energetika sektorunda başlayan əlaqələr indi informasiya texnologiyaları, kənd təsərrüfatı, maliyyə xidmətləri kimi müxtəlif sahələrə də sirayət etməkdədir. Bu inkişaf  iqtisadi mənfəət gətirir və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Tərəflər üçün faydalı olan əməkdaşlıq beynəlxalq arenada da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Təbii ki, Azərbaycanın ixrac potensialının artırılması fonunda ABŞ-nin regionda iqtisadi və strateji mövqeyinin genişləndirilməsi  ticarət əlaqələrinin inkişafında əsas amillərdən biridir.

Bu deyilənləri Mikayıl Cabbarov rəqəmlərin dili ilə  belə açıqlayır: 

"2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 faiz çox, yəni 1,7 milyard  dollar təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dən idxalın, 135 milyon dolları isə bu ölkəyə ixracın payına düşüb.  Azərbaycan ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini saxlayır. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 şirkət qeydiyyata alınıb. ABŞ-də keçirilmiş görüş ölkələrin iqtisadi potensialının artırılması üçün imkanlar yaradacaq, onlardan 220-si aktiv fəaliyyətdədir".

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Избранный
13
azerbaijan-news.az

1Источники