Azərbaycanda sentyabrın 1-dən balıq ovlama müddəti açıq elan olunur.
Ölkə.Az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa çatır.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
"Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin, müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır. Vətəndaşları su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Balıqçılıq və Akvakulura Mərkəzinə, eləcə də Su Nəqliyyatında Polis İdarəsinə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edirik",- deyə məlumatda qeyd edilib.