Kəlbəcər rayonunda yeni qurulan DOST məntəqəsinə mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, DOST konsepsiyası Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların mühüm uğurlarından biridir. Jurnalistlər DOST məntəqəsində yaradılan şəraitlə, əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev qeyd edib ki, Kəlbəcər DOST məntəqəsi mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. Burada, eyni zamanda məşğulluq xidmətlərinin, habelə KOBİA əməkdaşları tərəfindən xidmətlərin göstərilməsi, gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”, eləcə də müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, innovativ əsasda təqdim edilməsinə şərait yaradıb.
Tanışlıq zamanı bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizin DOST xidmətləri ilə əhatə olunması üçün mühüm işlər aparılır. 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb. Həmçinin 2023-cü il avqust ayında dövlətimizin başçısının iştirakı ilə Bərdədə açılışı olan Qarabağ Regional DOST Mərkəzi Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə rayonları və Xankəndi şəhərinin sakinlərinə xidmət göstərir. 2024-cü ilin iyun ayında isə Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.
Bu istiqamətdə növbəti addım kimi, Kəlbəcər rayonunda da Qarabağ Regional DOST Mərkəzinin DOST məntəqəsi qurulub. Yeni məntəqə Kəlbəcərə köçürülən sakinlərə dövlət sosial xidmətlərinə rahat çıxış əldə etməyə imkan verir.