RU

Vüqar Tapdıqlı: Ən çox ona təəssüf edirəm ki, canlı əfsanələr ekrana köçürülmür... Memuar müsahibə

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kulis.az Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Nərmin Nəbiyevanın “Salnaməyə çevrilən son görüş – Vüqar Tapdıqlı” adlı memuar müsahibəsini təqdim edir.

Vüqar müəllimlə illər əvvəl görüşmüşdük. O zamanlar Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru vəzifəsində çalışırdı. Tədqiqat işimin sənədli telefilmlərlə bağlı olduğunu öyrənəndə çox sevinmişdi. Müqayisəli təhlil üçün sovet dönəmində çəkilmiş sənədli televiziya filmlərinin axtarışında olduğunu demişdim. Düşünmədən arxivi önümə qoymuşdu. “Vüqar müəllim, hansı filmdən başlayım?” – deyə soruşanda isə tövsiyə etmişdi ki, Nazim Rzanın rejissorluğu ilə ekranlaşdırılmış “İnsan Xəzəri xilas edir” sənədli filmini izləyim. Filmin mövzusu, ssenarisi, rejissor işi, yaradıcı yanaşma, xüsusilə də qadağaların fövqünə çıxaraq problemlərin qəhrəmanların dili ilə ekrana gətirilməsi məni heyrətləndirmişdi. Çünki ekranda müəllifin tənqidi yanaşmasını görür, qəhrəmanların əsl xarakterinin açılışına xidmət edən təbii nitqlərini izləyirdik. Müasir ekranın sənədli kinosunda biz nadir hallarda araşdırma janrına rast gəlirik. Sovet dönəmində isə yaradıcı kollektiv buna cəsarət etmişdi. Vüqar müəllimlə birlikdə lent yazısından izlədiyimiz bu filmdə araşdırma janrının sənədli ekran publisistikası üçün nə dərəcədə əhəmiyyətli olduğunu görmüşdüm. Film bitən kimi o, üzünü mənə çevirib soruşmuşdu: “Nə düşünürsən, qızım?”. “Heyrətlənmişəm!” – deyə həyəcanla cavab vermişdim. “Bax, sənədli kinonun ən birinci, ən ali məqsədi budur – heyrətləndirmək!” – o gündən Vüqar müəllimin bu cümləsi qulağımda sırğa olmuşdu.Vüqar Tapdıqlı da məni heyrətləndirmişdi – insanlığı, əqidəsi, individual şəxsiyyəti, səmimiyyəti, sadəliyi, amma eyni zamanda sənədli kino sahəsində peşəkarlığı, hərtərəfli təhlilləri ilə. O, ömrünün son günlərinə kimi sənədli kinomuzda sənətkarlıq axtarışı, rejissor işi, ssenari məsələləri ilə bağlı problemləri qabartdı, bu janrın təəssübünü çəkdi. Ssenarisini yazdığı yüzlərlə sənədli televiziya filmi sayəsində müasir sənədli kino tariximizdə öz izini qoydu, özünəxas müəllif yanaşması, fərdi üslubu ilə seçildi...

Dosye: Yazıçı, jurnalist, ssenarist Vüqar Tapdıqlı 1985-2009-cu illərdə Azərbaycan Televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru vəzifəsində işləyib. 4 hekayələr kitabının müəllifidir. 2025-ci ilin avqustun 14-də, 63 yaşında dünyasını dəyişib.

Həmin gün Vüqar Tapdıqlı ilə bir xeyli müzakirələr aparmışdıq. Sənədli telefilmlərin dünənindən, bu günündən və gələcəyindən danışmışdıq. Bu sahədə çalışan gənc jurnalistlərə faydalı olar deyə, onunla söhbətimizdən kiçik bir hissəni sizinlə bölüşmək istədim...

– Vüqar müəllim, müxtəlif televiziya kanallarının proqramlaşdırma siyasətində sənədli televiziya filmlərinin yerindən danışaq. Ekran publisistikasının bu qoluna müraciət olunmasının səbəbi və əhəmiyyəti nədir?

– Azərbaycanda sənədli kinonun tarixi televiziyanın öz tarixindən daha qədimdir. Kino olmasaydı, bu gün biz televiziyanın hər hansı mövcudluğundan danışa bilməzdik. Bir sözlə, televiziya kinonun başqa bir texnoloji modeli kimi fəaliyyətdədir. Televiziya bir növ həm də kinonun şəbəkələnmək, tirajlamaq funksiyasını öz üzərinə götürüb. Bu gün televiziya kanallarının sənədli televiziya filmlərinə, ümumiyyətlə, sənədli ekran məhsullarına müraciət etməsinin əsas səbəbi həm dövrün, həm də kanalın özünün salnaməsini yaratmaq missiyasından irəli gəlir. Bu gün istənilən televiziya kanalında yayımlanan sənədli film haqqında söz açılan qəhrəmanın da arxivini yaradır. Qəhrəman ictimai xadim, dövrün mühüm söz sahibidirsə, cəmiyyətin, dövlətimizin, mədəniyyətimizin arxivinə çevrilir. Dövrün salnaməsi rolunu oynayan sənədli telefilmlər televiziyaya şərait yaradır ki, cəmiyyətin inkişafına və maariflənməsinə istiqamətlənən müəllif yozumu özünün ekran həllini dolğun şəkildə tapa bilsin. Deməli, TV-nin cəmiyyət qarşısındakı ümumi vəzifələrindən irəli gələrək ekran publisistikasında gerçəkliyin əks etdirilməsi istiqamətində əvəzsiz rol oynayan sənədli telefilmlər dövlətçiliyin keşiyində dayanmalı, tarix, mədəniyyət, tibb, elm, iqtisadiyyat və digər istiqamətlərdə həyat və fəaliyyəti, uğurları ilə fəxrimizə çevrilən insanları cəmiyyətə tanıtmalı, eyni zamanda gündəmi izləyərək ən mühüm hadisələrin ekran həllini yaratmağı bacarmalıdır.– Azərbaycanda sənədli televiziya filmlərinin inkişaf tarixini ekran epoxasından əvvəl və “kiçik ekran” dövrü istiqamətində təhlil edə bilərikmi? – Azərbaycanda sənədli televiziya filmlərini nəzəri-estetik baxımdan araşdırırıqsa, sənədli kino tariximizin qısa xarakteristikasını vermək lazımdır. Bu zaman vurğuladığınız bölgünün aparılması mütləqdir. Təbii ki, sənədli kino ilə televiziya üçün çəkilən sənədli kino bir sıra keyfiyyətlərinə görə bir-birindən fərqlənir. Məsələn, sənədli kinoda bədiilik daha çox nəzərə çarpır. Aktyor oyununa rahat şəkildə yer verilir. Sənədli televiziya filmində isə gerçəkliyin, real qəhrəmanın özü hadisələrin axarını müəyyənləşdirir. Sənədli kinonun “kiçik ekran” dövrünə gəlincə, “Azərbaycantelefilm” yarandığı gündən keşməkeşli, maraqlı yaradıcılıq yolu keçib. İlk mərhələ, bildiyiniz kimi, “Televiziya idarəsinin kino verilişləri redaksiyası” olub. Bu redaksiyada, əsasən, radio işçiləri çalışıb. Haqlı olaraq deyə bilərik ki, sənədli televiziya kinomuzun ekrana daşınmasında bilavasitə o dövrdə radioda fəaliyyət göstərən radio işçilərinin əməyi danılmazdır. “Azərbaycantelefilm”in “Ekran” dövrü xüsusilə maraqlıdır. Nəyə görə məhz bu mərhələnin adını çəkirəm. Çünki bəzi gənc kadrlar var ki, sovet dövründən danışan zaman yaradıcı kollektivlərin əməyini dəyərləndirmir və ümumiyyətlə, həmin mərhələni “kasad” adlandırır. Bu cür yanaşma kökündən yanlışdır. Nəinki gənc jurnalistlər, elə televiziya tədqiqatçıları da mütləq nəzərə almalıdırlar ki, mənfiləri və müsbətləri ilə birlikdə sovet dövrü bugünkü televiziya kanallarımızın bazisi, özülü olub və bir məktəbdir. Məsələn, “Ekran”ın yaradıcı kollektivi iki plan əsasında fəaliyyət göstərirdi.

Birincisi, ümumittifaq planı idi. İkincisi, respublika televiziyası üçün filmlər hazırlanırdı. Ümumittifaq televiziyası üçün nəzərdə tutulmuş filmlər burada qəbul olunandan sonra Moskvaya aparılır, son söz də orada deyilirdi: ya qəbul edilirdi, ya da geri qaytarılırdı. Belə bir təcrübə də vardı ki, respublika üçün çəkilmiş ən yaxşı filmlər bəzən Moskvaya təklif olunurdu. Respublika televiziyası üçün çəkilən filmlərdə mövzu seçimi nisbətən sərbəst idi. Düzdür, Moskva efirdə yayımlanan bütün ekran məhsullarını ən son təsdiqləyən qurum kimi öz gücünü saxlayırdı. Amma istənilən halda, ildən-ilə yeni yanaşmalar, yaradıcılıq axtarışları göstərdi ki, yaradıcı kollektivlər də bir yerdə dayanmırlar və daim öz üzərində işləyirlər. Ona görə də sənədli televiziya filmlərinin sovet dönəmini təhlil edən zaman dövrün tələbini, ictimai-siyasi reallıqları mütləq nəzərə almaq lazımdır. – Bəs “Azərbaycantelefilm” müstəqillik dövründə mövzu seçimini necə aparırdı? Dövrün tələblərinə cavab verə bilirdi?– Son illərdə televiziyada yaradıcı kollektivlər sənədli televiziya filmlərinə daha sıx müraciət edirlər. Təhlil apardığım zaman görürəm ki, əsas problem janr seçimində, qəhrəmanların axtarışında və mövzuların müəyyənləşməsindədir.Ümumiyyətlə, əgər hər hansı bir filmdə qəhrəmanın hekayəsi məni düşündürürsə, mənə psixoloji təsir edirsə, filmi izlədikdən sonra belə öz-özümdə müəyyən təhlillər aparıramsa, deməli, həmin film uğurlu ekran əsəridir. Tamaşaçılar üçün də belədir. Təəssüf ki, bu gün televiziya məkanında yayımlanan filmləri təhlil edəndə görürük ki, sənədli telefilmlərin əksər nəzəri tələblərinə əməl olunmur; filmlərin istehsalına peşəkar yanaşma yoxa çıxır. Film adı ilə ekrana köçürülən verilişlərin, süjetlərin, reportajların sayı artır. Amma bununla belə, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi özünün dərin və peşəkar kino ənənəsinə sadiq qalaraq daha mükəmməl filmlər ortaya qoymağa çalışır.“Azərbaycantelefilm”in mövzu seçiminə gəlincə, Azərbaycanın tarixi, folkloru, memarlığı, mədəniyyəti, ümumilikdə insanları filmlərin əsas mövzusu olub. Mövzular, əsasən, 3 istiqamətdə formalaşıb: Azərbaycan təbiəti, Azərbaycan tarixi, Azərbaycan insanı.Ən çox ona təəssüf edirəm ki, bu gün yaşayan, Azərbaycanı müxtəlif sahələrdə layiqincə təmsil edən, öz işinin mütəxəssisi olan canlı əfsanələr ekrana köçürülmür. Bunun üçün xüsusi ssenariyə, aylarla hazırlığa ehtiyac yoxdur. Bu, sənədli filmdir. Kameranı yandırın, sualları ünvanlayın, qoyun, həmin insanlar danışsın. Bu, özü artıq filmdir, arxivdir. Məhz ona görə də dönə-dönə vurğulayıram ki, televiziya kanallarımız sənədli telefilmlərin dövrün salnaməsi rolunu oynaması fikrinə ciddi yanaşmalıdırlar və daha məsuliyyətli davranıb, daha çox filmlər istehsal etməlidirlər.

P.S. Qəribədir... Vüqar müəllimlə son görüşümüzdə mən yaddaşımın kamerasını yandırmışdım və özüm də bilmədən onunla reallaşdırdığım bu kiçik müsahibəm salnaməyə çevrilmişdi. O zaman bu söhbətin əhəmiyyətini elə də dərk etmirdim. Bu gün isə təəssüflənirəm. Təəssüflənirəm ki, bu görüş, onun da arzuladığı kimi, sənədli kino olmadı. Amma yaddaşımın sənədli salnaməsi kimi ömürlük həyatıma həkk oldu. Ruhunuz şad olsun, Vüqar müəllim!

"Komedixana"nın aktyor heyətində yenilik

2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edildi

Sevilən aktrisa tanınmaz hala düşdü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
kulis.az

1Источники