RU

Tarixi məkanların turizm marşrutlarına salınması istiqamətində işlər davam etdirilir

Ölkə üzrə təşkil olunan turizm marşrutlarında bir sıra tarixi və mədəni abidələr mövcuddur. Bakı-Abşeron regionunda turistlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər abidələri - Qoşa Qala qapıları, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə yanaşı, qədim karvansaraylar, hamamlar, Cümə məscidi və digər orta əsr memarlıq nümunələri ilə tanış ola bilirlər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda Qobustan Milli Tarix-Bədii Qoruğu, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin Nobel qardaşlarının ev-muzeyi və "Suraxanı" gəmi-muzeyi kimi obyektlər turizm marşrutlarında yer alır:

"Şimal bölgəsinə səyahət edənlər üçün "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, UNESCO irsi olan "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu, qədim Cek və Qalaxudat kəndləri, Quba şəhərində yerləşən Cümə məscidi, Çuxur hamamı, Qırmızı Qəsəbə və Dağ Yəhudiləri Muzeyi xüsusi maraq kəsb edir. Burada, həmçinin Laza kəndi və Şahdağ Milli Parkı kimi təbiət turizm resursu ilə zəngin məkanlar təqdim olunur.

Şimal-mərkəzi regionu üzrə turizm marşrutlarında turistlər Diri Baba türbəsi, Şamaxı Cümə məscidi, Meysəri və Dəmirçi kəndlərinin ənənəvi irsi, Basqal və Lahıc qəsəbələrinin İpək Yolu dövrünə aid mədəniyyət nümunələri, həmçinin Nic qəsəbəsindəki Çotari Alban-Udi kilsəsi və Müqəddəs Yelisey kilsəsi ilə tanış ola bilirlər".

Qeyd edilib ki, şimal-qərb regionunda əsas diqqət UNESCO siyahısına daxil edilmiş Şəki Xan Sarayına, Şəkinin tarixi mərkəzinə və Qafqaz Albaniyasının yadigarı olan Kiş məbədinə yönəldilir:

"Cənub regionunda turizm marşrutlarına UNESCO-nun təbii irsinə daxil edilmiş Hirkan Milli Parkı, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi, Həzi Aslanovun ev-muzeyi, qədim qala xiyabanı, mayak və teatr binası daxil edilib.

Qarabağ üzrə turizm marşrutunda Şuşa qalası, Gəncə qapısı, Bülbülün ev-muzeyi, Xan qızı Natəvanın evi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Mehmandarovların malikanə kompleksi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Milli Xalça Muzeyinin Şuşa filialı, həmçinin Cıdır düzü və İsa bulağı əsas tarixi-mədəni məkanlar yer alır.

Qeyd edək ki, yuxarıda göstərilən turizm marşrutlarına turistlər arasında populyarlığı ilə seçilən tarixi abidə və məkanlar daxil edilib. Ölkə üzrə digər tarixi məkanların turizm marşrutlarına salınması istiqamətində işlər davam etdirilir".

Избранный
8
1
day.az

2Источники