RU

Sürət qatarlarında hərəkət istiqamətindəki oturacaqlar əks istqamətlə müqayisədə 5% bahalaşıb? - AÇIQLAMA

Azərbaycan Dəmir Yollarının sürət qatarı ilə sərnişindaşıma qiymətlərini artırdığı bildirilir. Bu barədə son günlər sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, qatarın hərəkət istiqamətində əyləşib getmək istəyənlər üçün biletlərin qiyməti əks istiqamətdə olan oturacaqlarla müqayisədə 5% artırılıb. Yazılan şərhlərdən bu da aydın olur ki, sərnişinlərin çoxu başgicəllənmə, ürəkbulanma kimi hallara görə hərəkətin əksi istiqamətində səyahət edə bilmirlər. Bu səbəbdən ADY-nin qatarın hərəkət istiqamətində olan oturacaqlar üçün biletləri bahalaşdırdığı deyilir.

 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə Pravda.az-a açıqlamasında deyib ki, dinamik tarif siyasətinə Azərbaycan Dəmir Yolları 1 noyabr 2024-cü il tarixindən keçib.

 

“Daha münasib qiymətlər təklifi formalaşdırmaq imkanı yaranıb. 25-30 gün öncədən bilet alsanız, sizin daha əlverişli, özünüzə uyğun qiymətə bilet seçmə imkanınız var. İrəliləyən günlərdə - səfərə yaxın qiymətlərin az miqdarda artımı müşahidə olunur. Həmçinin yataq və oturaq tipli əlavə funksiya da mövcuddur. Yerin gediş istiqamətində, yaxud yataq tipində, aşağı, yaxud yuxarı olmasına uyğun fərqli qiymət təklifi edilir. Bu praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. Əslində, burada başqa məsələ gündəm olmalıdır. Bizdə qərb istiqamətində tələb böyükdür, amma təklifimiz məhduddur. Pandemiydan öncə bu istiqamətdə dörd qatar gedirdi. Bakı-Tiflis, Bakı-Böyük Kəsik, Bakı-Ağstafa, Bakı-Qazax yataq tipli dörd qatar, bir Bakı-Gəncə elektrik qatarı var idi. Pandemiyadan sonra hal-hazırda oturaq tipli Bakı-Ağstafa-Qazax qatarı gündə iki reys hərəkət edir. Bayramlarda isə reyslərin sayı artırılır. Bu qatarın, təxminən, 65%-ini Gəncəyə gedən sərnişinlər doldurur. İndiki halda həmin qatar boş getmir. Hətta normadan tam dolu gedir. Göründüyü kimi, tələb daha böyükdür. Buna görə də qatarların sayını artırmaq lazımdır. Dünən xəbər yayıldı ki, dəyişən cərəyana keçidi artıq Hacıqabula qədər çatdırıblar. Bakıdan Hacıqabula qədər hələ ki sabit cərəyanlıdır, yeni alınmış qatarlar isə dəyişən cərəyanlıdır. Hal-hazırda hərəkət edən digər qatarlardır. Dəyişən cərəyana keçid olandan sonra bu qatarların da sayını artırmaq mümkün olacaq. Prosesin yaxın iki-üç il ərzində tamamlanması gözlənilir. Həm Bakıdan Ağstafaya, həm də Bakıdaxili, Bakıdan şimal istiqamətində dəyişən cərəyana keçid nəzərdə tutulub. Bu həm yükdaşımada xərclərin, təxminən, 20% azalmasına, həm də sərnişindaşımada olan qataraların rahat hərəkətinə gətirib çıxaracaq. Bu baxımdan, işləri sürətləndirmək lazımdır”, - eskpert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 Avqust 2025, 13:42   
Избранный
16
pravda.az

1Источники