RU

Azərbaycan–Özbəkistan–Türkmənistan: çoxtərəfli əməkdaşlığın yeni perspektivləri

Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri təkcə Azərbaycan–Türkmənistan münasibətlərində deyil, ümumilikdə regionun gələcək inkişafında mühüm tarixi hadisə kimi dəyərləndirilir. Bu səfər həm ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərdi, həm də regional inteqrasiya baxımından strateji nəticələr doğurdu.
Son illərdə Bakı və Aşqabad arasında əlaqələrin yüksələn xətlə inkişafı müşahidə olunur. Xalqları birləşdirən tarixi, mədəni və mənəvi bağlar dövlətlərarası münasibətlərin də möhkəm təməllər üzərində qurulmasına imkan yaradıb. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyul ayında Bakıya və Qarabağa səfəri bu qardaşlığın əyani təsdiqi oldu. Həmin səfərdə siyasi, iqtisadi və humanitar məsələlərdə mövqelərin üst-üstə düşməsi gələcək əməkdaşlığın strateji bazasını formalaşdırdı.

Avaza görüşündə imzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması xüsusi əhəmiyyət daşıyır. Bu razılaşma yalnız şəhərlər arasında deyil, bütövlükdə xalqlar arasında dərin dostluğun rəmzi kimi qiymətləndirilir və mədəni, sosial, iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açır.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə qardaş ölkələrin verdiyi töhfələr xüsusi vurğulanmalıdır. Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscid inşa olunacaq. Bu layihə təkcə dini-mənəvi dəyərlərin bərpasına deyil, həm də türkmən xalqının Azərbaycana olan səmimi qardaşlıq münasibətinin təcəssümü kimi dəyərləndirilir.
Özbəkistan isə həm təhsil, həm də iqtisadi sahədə Qarabağın dirçəldilməsinə əməli dəstək verir. Xankəndidə fəaliyyətə başlayan iri tikiş fabriki artıq yüzlərlə insana iş yeri təmin edib. Bununla yanaşı, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb inşa edilərək istifadəyə verilib. Bu təşəbbüslər türk dövlətlərinin həmrəyliyinin real göstəricisinə çevrilib.

Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü bölgənin siyasi tarixində yeni səhifə açdı. Görüşdə qəbul olunan qərarlara əsasən, nəqliyyat, tranzit, logistika, enerji, neft-qaz sənayesi və mədəni-humanitar əməkdaşlıq sahələrində konkret layihələrin hazırlanması barədə razılığa gəlinib. Bu təşəbbüs yalnız iqtisadi maraqlara xidmət etmir, həm də regional təhlükəsizlik və siyasi sabitlik üçün yeni perspektivlər açır.

Azərbaycanın təşəbbüsləri göstərir ki, ölkəmiz regionda əməkdaşlıq və inteqrasiyanın fəal təşviqçisidir. Türkmənistan və Özbəkistanla birgə formalaşan bu platforma Cənubi Qafqazı Orta Asiya ilə birləşdirən strateji körpüyə çevrilə bilər.
Avaza Zirvə görüşü sübut etdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan münasibətləri ikitərəfli çərçivədən çıxaraq regional əməkdaşlığın genişmiqyaslı modelinə çevrilir. Bu əməkdaşlıq bölgədə sabitlik, sülh və rifahın təmin olunmasına yönəlib. İmzalanan sənədlər və həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir, ortaq dəyərləri qoruyur və yeni inkişaf üfüqləri açır.
Beləliklə, Avaza görüşü yalnız diplomatik tədbir deyil, həm də türk dövlətlərinin strateji həmrəyliyinin parlaq nümunəsidir. Bu həmrəylik yaxın illərdə regionu qlobal əməkdaşlıq mərkəzlərindən birinə çevirə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında sarsılmaz körpü rolunu oynaya bilər.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Избранный
11
1
sia.az

2Источники