ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
"Hörmətli Mehriban xanım ziyalı, alim ailəsində dünyaya göz açıb, o mühitdə böyüyüb. Bu səbəbdən o, Azərbaycan mədəniyyətinin tarixinə, incəsənətinin dərinliyinə, Azərbaycanda humanitar sahənin uğurlarına və mümkün ola bilən çətinliklərinə yaxşı bələddir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti olduqdan, parlamentin deputatı və ölkənin birinci vitse-prezidenti təyin edildikdən sonra Azərbaycan mədəniyyətinin, Azərbaycanda humanitar sahənin inkişafına xüsusilə diqqət etməyə başladı: "İlk növbədə Azərbaycan mədəniyyətinin incilərinin inkişafına diqqət yetirildi. Muğam müsabiqələrinin mütəmadi olaraq keçirilməsi, xaricdə Azərbaycan muğamının tanıdılması istiqamətində böyük işlər görüldü.
Eyni zamanda Azərbaycan mədəniyyətinin və tarixinin tanınan nümunələrinin UNESCO-nun qeyri-maddi mənəvi inciləri siyahısına daxil edilməsinə nail olundu. Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildi. Ölkənin hər bölgəsində müasir orta məktəblər tikildi və ya təmir edildi. Xəstəxanalar yeniləndi, mədəniyyət ocaqları inşa olundu və bu, Azərbaycanda humanitar sahənin inkişafında mühüm dönüş yaratdı. Eyni zamanda bu uğurların dünya səviyyəsində tanınması istiqamətində də böyük işlər görüldü. Müntəzəm olaraq xaricdə Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrinin konsertləri keçirilir, rəssamlarımızın, tətbiqi sənət ustalarının əl işlərinin sərgiləri təşkil olunur. Artıq dünyada Azərbaycan mədəniyyəti, incəsənəti barəsində oturuşmuş, müsbət bir fikir vardır. Eyni zamanda xaricin tanınmış mədəniyyət-incəsənət nümayəndələrinin Azərbaycana vaxtaşırı səfərlərinin də həyata keçirilməsi onların Azərbaycan mədəniyyətinə artıq birbaşa yerində tanış olmasına gətirib çıxarır.
İşğaldan azad olunan zonalarda bərpa işlərinə eyni zamanda hörmətli Mehriban xanımın da böyük diqqəti vardır. Cənab Prezidentimizlə birlikdə həmin zonalara səfərlərdə olması, görülən işlərlə tanışlığı, həmin torpaqların sadəcə bərpası deyil, eyni zamanda orada mövcud mədəniyyət-incəsənət abidələrinin də bərpasına, yenilərinin yaranmasına səbəb olur.
Bir sözlə, Mehriban xanımın bu sahəyə rəhbərliyi bu sahənin inkişafına, mədəniyyətimizin, incəsənətimizin qorunmasına və onun daim inkişaf etməsinə gətirib çıxarır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.