BAKI, 26 avqust. TELEQRAF
Azərbaycanda Çin dilli bələdçilərin hazırlanması istiqamətində işlər aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun sədr müavini Cavanşir Bayramov Bakıda keçirilən "China Ready" tədbiri zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda bir çox şirkətlərdə və hotellərdə Çin dilli işçilər fəaliyyət göstərir. Eyni zamanda, tədbirlər zamanı dil bariyerinin aradan qaldırılması üçün tərcümə xidmətlərindən istifadə olunur." - deyə C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, Çinli turistlər üçün Azərbaycandakı stabillik və təhlükəsizlik vacib amillərdən biridir. "Çində aparılan təbliğat işləri də ölkəmizin turizm sektorunun inkişafına mühüm dəstək verir. Azərbaycan bir sıra istiqamətlərdə aktiv fəaliyyət göstərir, sərgilərdə iştirak edir, “roadshow”lar təşkil edir və sənaye nümayəndələrini ölkəmizə dəvət edərək onlara turizm məhsullarını təqdim edir."
Sədr müavini bildirib ki, Azərbaycanın Çin üçün cəlbediciliyini artıran digər mühüm amil isə ölkəyə girişin asanlaşdırılmasıdır. "Bu ildən etibarən ikitərəfli viza sadələşdirilməsi prosedurları nəticəsində viza ləğvi həyata keçirilib. Hal-hazırda Çin aviaşirkətləri vasitəsilə həftədə 4 dəfə, Azərbaycan Hava Yolları QSC vasitəsilə isə həftədə 3 dəfə uçuşlar həyata keçirilir. Tranzit reyslər vasitəsilə də Çinli turistlər Azərbaycana rahat şəkildə səfər edə bilirlər."- deyə o əlavə edib.