RU

Kəlbəcərdə dirçəliş: yeni yaşayış kompleksləri və böyük qayıdış

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

21 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər şəhərinə səfər etmişdirlər. Bu səfər Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri kimi yadda qaldı. “Böyük Qayıdış” proqramının praktiki mərhələyə keçidini və azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasını real göstəricilərini əks etdirdi.

Kəlbəcər Azərbaycanın ən gözəl və strateji əhəmiyyətli bölgələrindən biri olmaqla yanaşı, uzun illər işğal altında qalmış, infrastrukturdan məhrum olmuşdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri bölgənin potensialını üzə çıxarmağa, eyni zamanda sakinlərin doğma yurdlarına qayıdışını təmin etməyə yönəlib.

Səfərin əsas məqsədlərindən biri yeni yaşayış komplekslərinin təməlqoyma mərasimləri oldu. Prezident İlham Əliyev və birinci vitse-prezident Meriban Əliyeva Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoydular. 3-cü kompleks - 7,6 hektarlıq ərazidə inşa ediləcək və 476 mənzildən ibarət olacaq. Burada müxtəlif ölçülü idman sahələri və məişət obyektləri nəzərdə tutulur. 4-cü kompleks – 10 hektar ərazidə salınacaq və 807 mənzildən ibarət 26 binanı əhatə edəcək. Bu layihə sakinlərin memarlıq simasının formalaşmasına xidmət edəcək.

Bu komplekslər təkcə yaşayış məkanları deyil, həm də sosial həyatın mərkəzinə çevriləcək. Ətraf mühitin yaşıllaşdırılması, geniş parkların və ictimai məkanların yaradılması Böyük Qayıdışın sosial tərəfini gücləndirir. Ölkə başçısının Kəlbəcər səfəri çərçivəsində 11 hektarlıq yeni parkın təməli də qoyuldu. Yeni park təkcə əyləncə və asudə vaxt yeri deyil, həm də şəhərin sosial-mədəni həyatın inkişafına, Kəlbəcərin gələcəkdə turizm mərkəzinə çevrilməsinə mühüm töhfə verəcək.

Digər önəmli məqam “Balland – Kəlbəcər balı və arıçılıq məhsulları” mağazasının açılışı oldu. Kəlbəcər arıçılıq ənənələri ilə tanınan bölgələrdən biridir və burada istehsal olunan məhsulların keyfiyyəti ilə seçilməsi uzun illərdir məlumdur. “Balland” mağazasının yaradılması iki istiqamətdə mühüm nəticə verəcək: Sosial-iqtisadi fayda – yerli istehsalçılara dəstək göstəriləcək, arıçılıq ənənəsi qorunacaq və inkişaf etdiriləcək. Beynəlxalq bazara çıxış – Kəlbəcər balı və digər məhsullar “Made in Azerbaijan” brendi ilə xarici bazarlara təqdim olunacaq. Bu bölgənin iqtisadi potensialının artırılması və kənd təsərrüfatı sektorunun modernləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Cənab Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə xüsusi çıxış edərək Böyük Qayıdışın mənəvi-siyasi əhəmiyyətini vurğuladı: “32 ildən sonra doöma yurdunuza qayıdırsınız. Kəlbəcər indi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Burada hər bir vətəndaşımız üçün rahat və təhlükəsiz həyat şəraiti yaradılır”. Bu mesaj həm dövlət siyasətinin əsas istiqamətlərindən biri olan ərazi bütövlüyünün bərpasını, həm də sosial rifahın təmin olunmasını özündə ehtiva edir. Səfər yalnız bir gündə həyata keçirilən açılışları deyil, Azərbaycanın gələcəyə baxışının ifadəsi idi. Bu hadisənin simvolik və strateji əhəmiyyətini ümumiləşdirmək olar: uzun illər işğal altında qalmış torpaqlarda həyatın yenidən bərpası; sakinlərin rahat yaşayış şəraitinə qovuşması; arıçılıq, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf perspektivləri; park və ictimai məkanların yaradılması ilə bölgənin sosial-mədəni həyatının zənginləşməsi.

Respublikamızın başıçısının Kəlbəcər səfəri Azərbaycanın azad edilmiş ərazilərində aparılan quruculuq siyasətinin ən bariz nümunələrindən biri oldu. Bu səfər bir daha göstərdi ki, dövlətin əsas məqsədi təkcə əraziləri hərbi-siyasi baxımdan azad etmək deyil, həmçinin orada yüksək həyat standartlarını təmin etməkdir. Kəlbəcərdə yeni yaşayış komplekslərinin, parkların və iqtisadi layihələrin həyata keçirilməsi Böyük Qayıdışın uğurla davam etdiyini təsdiqləyir. Bu gün Kəlbəcərdə atılan addımlar sabah Azərbaycanın bütün bölgələrində rifahın və inkişafın təminatına çevrilir. Kəlbəcərin dirçəlişi Böyük Qayıdışın ən parlaq nümunələrindən biri kimi tarixdə qalacaq.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
sesqazeti.az

1Источники