RU

Məktəblərdə dərs müddəti qısaldıla bilər? -

İlk dəfə məktəbə başlayan 6-7 yaşlı uşaqların dərs prosesinə uzun müddət diqqətini yönəltməkdə çətinlik çəkməsi psixoloq və müəllimlərin də diqqət mərkəzindədir. Bəs dərs müddətinin azaldılması uşaqların psixoloji və fiziki inkişafına müsbət təsir göstərə bilərmi?Təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, dərs müddətinin 45 dəqiqə olması uzun illər ərzində effektivliyi sübut edilmiş bir təhsil praktikasıdır:
“Dərs müddətinin 45 dəqiqə olması uzun illər əksər ölkələrdə tətbiq olunan bir normadır. O dövrlər üçün bu kifayət qədər uyğun sayılırdı, çünki smart texnologiyalar yox idi və şagirdlərin psixoloji vəziyyəti buna uyğundu. Tədqiqatlar göstərirdi ki, dərsin başlanması, prosesi və yekunlaşması üçün 40–45 dəqiqə kifayətdir. Yeni nəsil, Z və Alfa nəsli texnologiyanın gətirdiyi səbirsizlik nəticəsində 40–45 dəqiqəlik dərsdə diqqətini saxlaya bilmir”. Ekspert qeyd edib ki, burada iki çıxış yolu var: birincisi dərs vaxtının qısaldılması, ikincisi isə dərsin daha interaktiv və əyləncəli keçirilməsidir:“Hazırda ikinci metod, yəni dərsi interaktiv və əyləncəli keçirmək, pedagoglar tərəfindən daha çox istifadə olunur. Dərs müddətini qısaltmaq müəyyən texniki problemlər yarada bilər, məsələn, dərs yükü və tənəfislər bir-birinə bağlıdır. Ona görə mövcud vaxtdan daha effektiv istifadə etmək daha məqsədəuyğundur. Müəllimlər innovativ və interaktiv təhsil metodologiyasını öyrənməli, dərsi şagirdlər üçün maraqlı və əyləncəli etməlidirlər”. E.Süleymanov bildirib ki, mobil telefon və digər smart alətlərin istifadəsini nəzarət altında saxlanmalıdır:“Bu nəsil 2–3 yaşlarından etibarən mobil telefon və müxtəlif tətbiqlərlə böyüyüb, hər şeyi qısa müddətdə əldə etməyə çalışır. Son illərdə süni intellekt tətbiqləri də daxil olub və şagird tapşırığın cavabını tez əldə edə bilir. Bu isə qiymətləndirməni çətinləşdirir. Tədris zamanı qiymətləndirmə və dərs prosesini təşkil etmək, mobil telefon və digər smart alətlərin istifadəsini nəzarət altında saxlamaq vacibdir. Bu yanaşma ortaq yol tapmaqla inkişaf etdirilə bilər”.

Ülkər Cəlilzadə / Metbuat.az

Избранный
23
1
metbuat.az

2Источники