RU

Ukrayna kəndləri azad edir 

Ukrayna ordusunun Donetsk vilayətində üç kəndi – Mixaylovka, Zeleniy Qay və Vladimirovkanı azad etməsi Kiyevin hərbi və psixoloji cəbhədə əldə etdiyi diqqətəlayiq nəticələrdən biri kimi dəyərləndirilir. 

Bakıvaxtı.az xəbər verir ki, lakin bu uğurun lokal xarakter daşıması, Pokrovsk istiqamətində isə vəziyyətin ağır olması ekspertləri prosesin gələcək gedişatını daha ehtiyatlı təhlil etməyə vadar edir. 

Politoloq Züriyə Qarayeva mövcud vəziyyətlə bağlı suallarımızı cavablandırıb.

-Ukrayna ordusunun Donetskdə üç kəndi azad etməsi hansı hərbi və siyasi mesajı verir?

-Bu, ilk növbədə Ukrayna üçün psixoloji üstünlük deməkdir. Kiyev göstərir ki, Rusiya müdafiə xəttində boşluqlar var və lokal əməliyyatlarla da olsa irəliləyiş mümkündür. Bu addım həm də beynəlxalq ictimaiyyətə Ukraynanın döyüş qabiliyyətini qoruyub saxladığını göstərir.

-Bu uğur genişmiqyaslı üstünlüyə çevrilə bilərmi?

-Hazırkı vəziyyətdə bu uğuru genişmiqyaslı irəliləyiş kimi qiymətləndirmək doğru olmaz. Bu, daha çox lokal əks-hücum əməliyyatının nəticəsidir. Əlbəttə, motivasiya baxımından əhəmiyyətlidir, amma strateji balansı dəyişəcək gücə malik deyil.

-Pokrovsk istiqamətində vəziyyətin ağır olması nəyi göstərir?

-Bu, Moskvanın həmin bölgəyə xüsusi diqqət ayırdığını təsdiqləyir. Rusiya qüvvələrinin orada cəmlənməsi Ukraynanın irəliləyiş imkanlarını məhdudlaşdırmaq və üstünlüyü saxlamaq cəhdidir. Yəni Kreml bu istiqamətdə mövqe mübarizəsinə xüsusi əhəmiyyət verir.

-Ukraynanın əlavə sursat, pilotsuz uçuş aparatları və elektron müharibə texnologiyalarına ehtiyac duyması nə ilə bağlıdır?

-Bu, həm mövcud çətinliklərin etirafıdır, həm də Ukraynanın modern müharibə reallıqlarına uyğunlaşmaq istəyi ilə əlaqədardır. Xüsusən dronlar və elektron müharibə vasitələri yaxın dövrün həlledici texnologiyalarıdır. Ukraynanın Qərbdən dəstək tələbi də məhz buna xidmət edir.

-Yaxın perspektivdə bu proses hansı ssenarilər üzrə inkişaf edə bilər?

-Mövqe döyüşlərinin davam edəcəyi real görünür. Ukraynanın lokal uğurları müəyyən motivasiya yaratsa da, strateji dönüş yalnız Qərbdən gələn resurs və texnoloji dəstək hesabına mümkün ola bilər. Rusiya isə Pokrovsk cəbhəsində təzyiqi artırmaqla balansı öz xeyrinə qorumağa çalışacaq.

Zülfü Məmmədov

Избранный
15
bakivaxti.az

1Источники