Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İsrail-Fələstin qarşıdurmasına münasibət bildirib. O, Qəzza zolağında baş verən münaqişənin yaxın həftələrdə tam şəkildə həll edilə biləcəyini deyib.
Ağ Ev rəhbəri qeyd edib ki, "növbəti iki-üç həftə ərzində münaqişə yekun şəkildə həll ediləcək". Buna baxmayaraq, bölgənin tarixən münaqişələrlə yüklü olduğu da istisna edilməyib.
Bu baxımdan, Donald Trampın bu bəyanatı münaqişənin həlli ilə bağlı optimist bir mövqe nümayiş etdirsə də, bu cür iddiaların bölgədəki mürəkkəb geosiyasi vəziyyət, tərəflər arasında dərinləşmiş düşmənçilik və uzunmüddətli müharibə təcrübəsi fonunda həll yolunun şübhə yaratdığı da sirr deyil.
Bəs həqiqətən, Qəzzada münaqişə tezliklə sona çata bilərmi və dəyişikliklər hansı nəticələrlə yadda qala bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi tədqiqatçı Əhməd Əlilinin sözlərinə görə, Prezident Tramp bütün münaqişələrlə bağlı kifayət qədər pozitiv danışmağa meyilli olan bir siyasətçidir:

"Donald Tramp özünün sülhyaradıcı imicini formalaşdırır və addımlarını da bu istiqamətdə atır. Bir növ imic kultivasiya edən nə lazımdırsa, hamısını həyata keçirir. Lakin o, Rusiya-Ukrayna müharibəsinin yekunları ilə bağlı da müsbət danışırdı, amma nəticə nədir? Ona görə də mən hesab edirəm ki, bu, daha çox imic quruculuğuna yönəlib ki, bununla müəyyən nəticələr əldə etmək olsun. Lakin onun rəhbərliyi ilə müəyyən nəticələr də olacaq".
Analitik vurğulayıb ki, reallıqda Qəzzada baş verən proseslərə İsrailin daxili siyasətinin təsir elementləri daha çoxdur:
"Həmçinin İsrail-Fələstin münaqişəsi 1940-cı illərdən mövcud olan bir qarşıdurmadır və belə olan halda Prezident Trampın optimizminə şərik olub müharibənin bir-iki aya, ilə və ya tezliklə bitəcəyini görmək çətin məsələdir".
"Amma mən hesab edirəm ki, indiki şəraitdə Trampın əlində olan vasitələrdən biri də İsrail üzərində təsir imkanlarının daha artıq olmasıdır. Bu imkanlardan nə dərəcə istifadə edəcəyi isə əlbəttə ki, yaxın aylarda, illərdə özünü göstərəcək", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.