“Əsas olan bu qolların komandamın qələbəsinə töhfə verməsidir”.
Bunu Offsideplus.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Coy Lens Mikels deyib.
Almaniyalı hücumçu Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olmasına münasibət bildirib: “Bu, mənim üçün böyük şərəfdir. Komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm, çünki onların köməyi olmasaydı, bu 40 qol mümkün olmazdı. Davamının gəlməsi üçün əlimdən gələni edəcəm, indi isə məqsədim 50-yə çatmaqdır. İnanıram ki, komandanın uğuru üçün öz oyunumla və qollarımla töhfə verməyə davam edəcəyəm”.
Qeyd edək ki, 32 yaşlı futbolçu sözügedən nəticəyə "Şamaxı"ya qalib gəldikləri (2:1) Misli Premyer Liqasının II turunun matçında nail olub. Qarşılaşmada dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb.