RU

Sözə tələbkarlıqla Söhbət

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sehrli sözdədir bütün varlıqlar.

Sözün qüvvətisə ruhla ölçülür.

Sözü ürəyindən deməyənlər var,

Belə söz yaranan anından ölür.

Xalqın həyatı da yazılır sözdə,

Sözlərlə yazılır tarixə anlar.

Sözün arxasında əməl özü də

Dursa layiqincə, sözlər yaşanar.

Gənc şair, yazıçı və ictimai xadim Gülnur Aslanın “Kainatın körpəsi” adlı ikinci şeirlər toplusu bu sözlərlə başlayır. Bu, eyni zamanda yazıçının oxucularına səmimi sözləridir. Topluda yer alan şeirlər mövzu baxımından çoxşaxəlidir – əsl sevgidən və vətənpərvərlikdən təbiətin gözəlliyinə, ətraf aləmin sehrinə və fəlsəfi düşüncələrə qədər. Toplunun fərqli cəhətlərindən biri də əsərlərin eyni anda bir neçə dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim olunmasıdır. Bu da təəccüblü deyil, çünki müəllif yeddi dil bilir və hazırda italyan dilinin daha yüksək səviyyələrini mənimsəyir.

Şeirlər o qədər yüngül, ahəngdar, zərif, müdrik və eyni zamanda dərin məzmunludur ki, onlar sanki müəllifin dilindən oxucunun qəlbinə süzülür. Şeirlər mövzular üzrə qruplaşdırılıb: “Kainatın körpəsi”, “İnsanlar aləmi”, “Həyat yolu”, “Qarabağ – Azərbaycandır!”, “Qəlbin melodiyası” və s.

Toplu Azərbaycanın əzəli Qarabağ torpağının işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılan tarixi Qələbədən ilhamlanaraq yazılmışdır.

Gülnur xanım həm də “Angelos” və “Тайна невесты в желтом” (“Sarı gəlinin sirri”) adlı iki maraqlı romanın müəllifidir. Bu əsərlərdə onun çoxşaxəli bədii istedadı, zəngin biliyi, orijinal düşüncə tərzi və Vətənə olan dərin sevgisi xüsusi şəkildə əks olunur.

Tanınmış və istedadlı, bu yaxında “Tərəqqi” medalı ilə təltif olunmuş jurnalist Afət İslamla söhbətində Gülnur Aslan romanlarının yaranma tarixindən, sözə olan tələbkarlığından və oxucular qarşısında hiss etdiyi məsuliyyətdən danışır:

- Tarixə və mifoloji keçmişə etdiyiniz ekskurslar nə dərəcədə dəqiqdir? Bunlar yazıçının yaradıcı təxəyyülünün məhsuludur, yoxsa tarixi faktların doğruluğunu araşdırmaq üçün ciddi hazırlıq aparmısınız? Məsələn, Xalq yazıçısı Əzizə Cəfərzadənin bir neçə səhifəlik tarixi romanı üçün 700 (!) səhifəlik elmi-tarixi yardımçı material hazırlanırdı. Sizin romanlarınızda da zəngin tarixi detallar, qeyri-adi və maraqlı paralellər yer alır. Bu, sizdə necə baş verir?

- İlk şərt yazıçının oxucu ilə səmimi olmasıdır. Amma biz bilirik ki, tarix elmi çox zaman subyektiv təfsirlərlə təqdim olunur və heç kim tam əminliklə nəyin necə baş verdiyini deyə bilməz. Ona görə də, kitabın üzərində hazırlıq işləri günlər və aylarla deyil, illərlə davam edib. Mən təkcə tarixi faktları yox, həmin hadisələrin müxtəlif təfsirlərini də etibarlı, qəbul olunmuş və inandığım mənbələrə əsaslanaraq topladım. Bununla yanaşı, şəxsi fəlsəfi düşüncələrimə də yol verdim, çünki onlar mənim üçün müəyyən bir məntiqlə izah olunurdu. Bu məsələdə janr da kömək edir, çünki bu, sırf elmi-tarixi traktat deyil, romandır. Məsələn, burada e.ə. I əsrin ortalarında albanların Roma işğalına qarşı apardığı mübarizə əks olunur.

- Söhbət “Angelos” romanından gedir? “Sarı gəlinin sirri” romanından əvvəl yazılmışdı?

- Tamamilə doğrudur. Həmin roman Qarabağ Zəfərimizdən əvvəl yazılıb. Xalqımızın, dövlətimizin qalib olacağını öncədən hiss edirdim və elə bir əsər yaratmaq istəyirdim ki, bizə qalib xalq olduğumuzu xatırlatsın. Beləliklə, amazon döyüşçü qadınlarının albanların Pompeyi məğlub etməklərində rolu ilə bağlı fikir yarandı. Pompeyə qarşı qələbə tarixdə baş vermiş hadisədir, amma həmin dövrdə hansı diplomatik məharətlərin tətbiq olunduğu və hadisələrin gedişatı mənim fantaziyam və diplomatiya sahəsindəki təhsilimə əsaslanaraq formalaşdı.

- Sonra “Тайна невесты в желтом” (“Sarı gəlinin sirri”) romanı meydana gəldi...

- “Sarı gəlinin sirri” dörd dəfə yenidən yazılmış romandır və onu dərc etdirmək qərarına gəlmək çox çətin oldu. Xüsusilə, oradakı tarixi epizodlara görə. Yalnız o hissələri saxladım ki, onların doğruluğunu qəlbimlə hiss edirdim. Əlbəttə, mən tarixçi-alim Lətifə Məmmədova ilə məsləhətləşirdim. Hər halda bu, mənim tarixi hadisələri anlama və təqdim etmə baxışımdır. Həm də bəzən beynimdə parlayan qeyri-adi ideyalar olurdu ki, sanki yuxarıdan gələn işarələrlə təsdiqini tapırdı. Burada ezoterika yoxdur, sadəcə, yaradıcı prosesin sirli və qeyri-adi təbiətidir. Bu roman – bizim tariximizin bütöv obrazını yaradan, “Sarı gəlin” kimi gözəl xalq mahnısına olan sevgini yaşadan kiçik bir parça, ruhumuzu qoruyacaq bir toxumadır.

- Və bu əsər sadəcə bütöv deyil, həm də heyrətamiz dərəcədə harmonik təsir bağışlayır. Biz dünyaya göz açanda bu musiqini artıq eşidirik və o, həyatımız boyu bizi müşayiət edir... Fərqli tarixi faktlar arasında qurulan bu qədər təbii paralellərə valeh oldum.

- Romanın əlyazmaları, elmi hazırlıq materialları, hətta ilk dəfə yazmağa başladığım qələm də məndə saxlanılır. Bizim ailədə belə bir ənənə var – ayrıca qovluq, ayrıca rəf, kiçik ev-muzeyi, gələcək nəsillərə xatirə... Müəllif hüquqları isə çox ciddi bir məsələdir.

- Bu gün hər kəs sosial şəbəkələrdə yazır, blogerlik və yazıçılıqla məşğuldur, müəlliflik iddiası ilə çıxış edir, lakin dediklərinə və yazdıqlarına görə məsuliyyət daşımır. Bu kontekstdə, sizcə, yazıçının məsuliyyəti və mövqeyi nədən ibarətdir?

- Çox aktual və vacib sualdır... Sosial şəbəkələr istifadəçilərə özlərini tamamilə ifadə etmək imkanı verir. Amma cəmiyyət informasiya bolluğunun içindədir və artıq həqiqət işığını tapmaq çətindir. Bu yerdə oxucunun qəlbi bir kompas rolunu oynaya bilər. Əgər yazıçı səmimidirsə, oxucu yalanı görməyəcək. O zaman ümid var ki, dünyaya intellektual və mənəvi məhsul təqdim edən vicdanlı insanlar – bu gün olmasa da, gələcəkdə – eşidiləcək. Məsələn, mən uşaqlıqdan yazıram, ilk şeir toplum 2006-cı ildə işıq üzü görmüşdü, demək olar ki, 20 ildir kitablarım nəşr olunur. Lakin özümü nə şair, nə də yazıçı adlandırmaq cəsarətini tapırdım. Yalnız “Sarı gəlinin sirri” çap olunandan sonra buna razı ola bildim. Əgər bu baş verməsəydi, düşünərdim ki, mənim vaxtım hələ gəlməyib. Amma artıq gəlibsə, o zaman bu hadisəyə layiq olmaq lazımdır.

- Yəni kənar rəsmi statuslar sizin üçün əhəmiyyət daşımırdı?

- Ümumiyyətlə, düşünürəm ki, bu həyat dövründə hərtərəfli tanınma gözləmək uzaqgörənlik deyil. Daha böyük hədəflər qoymaq lazımdır – bəlkə də əsrlər boyu çəkən. Əgər yaradılan məhsul dəyərlidirsə, gec-tez milyonlarla insan tərəfindən qəbul olunacaq və qiymətləndiriləcək.

- Deməli, Yazıçılar Birliyinə üzv qəbul edilməyiniz məsuliyyətinizi artırdı, çünki bu həm yazıçılıq istedadınızın peşəkar təsdiqidir, həm də oxucuların yeni əsərlərinizi gözləməsidir. Maraqlıdır, siz “Sarı gəlin” xalq mahnısından ilhamlanaraq roman süjetini qurmaq fikrinə necə gəldiniz?

- Bizim ailədə tarix və onun kodları çox yüksək qiymətləndirilir. Uşaqlıqdan bizə “buta”nın nə olduğu, niyə bu tarixi və mədəni irs qorunmalıdır izah olunurdu. Milli mədəniyyətə, musiqiyə, tarixə sevgi aşılanırdı. Biz bu mühitdə böyüdük. Sonra hiss etdim ki, mənə çox dərin bir məna açılır. Bəlkə də bu, şüuraltı səviyyədə baş verirdi. Bu ideya belə gəldi və çox güclü şəkildə inkişaf etməyə başladı.

- Bütün bunlar doğrudan da həmin mahnının təsiri ilə baş verdi?

- Bəli. Bu mahnı illərlə mənim üçün bir stimul, sevimli Vətənim üçün nələrsə etməyə ilham verən bir qüvvə oldu. Mən də bu torpağın kiçik bir parçası olaraq öz töhfəmi verməyə çalışdım.

- Yeni əsərə başladığınız zaman əsas götürdüyünüz nə olur: janr, yoxsa süjetin beyninizdə formalaşması və potensialı?

- Hər şey anidən gələn güclü bir emosional partlayışla başlayır. Mən janrlarla təcrübə etməyi sevirəm. Özümü yalnız bir janrla məhdudlaşdırmaq istəmirəm, müxtəlif istiqamətlərdə sınamaq istəyirəm. Ola bilər ki, gələcəkdə bir janr üzərində dayanım, amma hələ ki, bu haqda danışmaq tezdir. Hazırda daha çox tarixi detektiv, intellektual triller janrına üstünlük verirəm. Burada kriminal yoxdur, amma sirr var. Düşünmürəm ki, kriminal janrı ilə dostlaşmaq mənimçün çətin olacaq.

- Amma “Sarı gəlinin sirri” romanında incə və eyni zamanda maraqlı bir detektiv xətt var. Bu, əsəri daha da cəlbedici edir.

- Yazanda çalışıram ki, müəllifi olmasaydım, özüm oxumaq istədiyim kitab yaransın. “Angelos” və “Sarı gəlinin sirri” elə bir kitablardır ki, yaddaşımı itirsəydim, onları oxumaq istərdim (gülür). Yəni yazmaq xatirinə yazmıram. Hər gün yazmaq və ya nəşriyyat yeni əsər gözləyir deyə, yazmaq mənim üçün yaddır. Mütləq ruhlandırıcı bir duyğu olmalıdır. Əks halda, kağızı qaralamağa dəyməz.

- Yeni əsərin süjeti əvvəlcədən tam formalaşır, yoxsa proses zamanı yaranır?

- Deyərdim ki, bir növ “skelet” dərhal formalaşır. Onu görür və hiss edirəm – bu, elə bir şeydir ki, aylarla, illərlə üzərində işləməyə dəyər və bu işi sevə-sevə görürəm. Bu, qəlbimdə yanan və onunla yaşamaq istədiyim bir mövzu olmalıdır. Hazırda da müəyyən mövzular var ki, məni düşündürür. Mən azacıq bir yol ayrıcındayam... Deyəsən, hər şeyin oturuşması üçün bir az zamana ehtiyac var.

- Müxtəlif dövrlərin qarşılaşdırılması, yoxsa yaşadığınız dövrün əksi – sizin üçün hansıdır prioritet, ehtiyac və daxili tələbat? Hansı dövrdə özünüzü daha güvənli hiss etmisiniz və dövrlərarası paralellər çəkmək sizə daha asan olub?

- Təəccüblü olsa da, mən özümü daha çox əvvəlki tarixi dövrlərdə rahat hiss edirəm. Ola bilsin ki, bunun səbəbi tarixlə bağlı davamlı təhsil və araşdırmalarımdır. Eyni zamanda mən heç vaxt özümü bu dövrün insanı kimi hiss etməmişəm. Mən özümü daha çox XVIII-XIX əsrin qovşağında görürəm. Bu üslub mənə M.Bulqakovun “Usta və Marqarita” romanındakı üslubu xatırladır. Bu əsəri çox sevirəm. Belə bir üslub oxucunu romanın əsas xəttindən bir qədər uzaqlaşdırır, lakin əsərin sonunda o anlayır ki, bu hissələr və müxtəlif dövrlər bir şəkildə spiralvari birləşir, bir növ reinkarnasiya baş verir. “Angelos”da keçmiş dövrlərin diplomatik və tarixi elementlərini mətnə daxil etmək çox maraqlı idi. Bununla Azərbaycanın tarixi şəhərlərinə, Bakıya, İçərişəhərə olan sevgimi də göstərməyə çalışdım.

- Sizin süjet labirintləriniz oxucunu bəzən əsl tapmaca qarşısında qoyur. Fikir tərziniz çox maraqlıdır, eyni zamanda sizə yol göstərən intuisiyanız da diqqət çəkir. Beləliklə, sizcə, yazıçı – müşahidəçidir, şahiddir, yoxsa iştirakçı?

- Hamısı birdən. Əslində, hamı onu müşahidəçi sayanda, yazıçı artıq iştirakçıdır. O, qəhrəmanları kimi düşünməyi bacarır. Yazıçı bu rolların hər birində özünü göstərir, amma heç vaxt ittiham edən olmur. Bu, yazıçı üçün mümkün deyil və qəbuledilməzdir. İnsanların və hadisələrin səbəb-nəticə əlaqəsini cəmiyyətin mühakiməsinə təqdim etmək yazıçının işidir. Amma yazıçının daha uca missiyası ondan ibarətdir ki, oxucunu əsərdən nəticə çıxarmağa vadar etsin – “nə yaxşıdır”, “nə pis”.

- Bu gün əxlaq və mənəviyyatın parçalanması, müharibələr, qan tökülməsi və torpaqların işğalı kimi fəlakətlər gözümüzün qarşısında baş verir. Siz isə əsərlərinizdə ən ülvi insani keyfiyyətlərdən yazırsınız. Sizə nə güc verir və gözəllik haqqında danışmağa sövq edir?

- Yalnız... sevgi. Mənim bütün kitablarımın sonluğu göstərir ki, zirvədə və mərkəzdə duran dəyər – ailəyə, uşaqlara və Vətənə sevgidir. Mənim üçün ən ağrılı məsələ uşaqların təhlükəsiz və xoşbəxt böyüməsidir. Çünki mənim üçün uşaqlar – mələklərdir və onlar üçün ailə mütləqdir. Əgər onlara bir parça işıq ötürə bilsək, insanları “yuxudan” oyadıb övladlarına və yaxınlarına fərqli gözlə baxmağa vadar edə bilsək – dünyada yaxşılıq üstünlük qazanacaq. Hər kəs Kainatda öz kiçik sülh dünyasını yaratmalıdır. Burada yaxınların dəstəyi və sənə olan inamı çox vacibdir. Məsəlçün, məni “Sarı gəlinin sirri”ni nəşr etməyə iki insan demək olar ki, məcbur etdi – redaktorum və həyat yoldaşım. Onlar mənə özümə inanmağa yardım etdilər, çünki mən düşünürdüm ki, “Sarı gəlinin sirri” heç vaxt işıq üzü görməyəcək. Halbuki bu romanın dördüncü versiyası çoxsaylı düzəlişlərlə dəfələrlə işlənmişdi, lakin əsər tamamlanmaq və işıq üzü görmək istəmirdi.

- Bu, yazı işini cəmiyyətin qarşısına çıxarmaqla bağlı məsuliyyət hissinin nəticəsi idi...

- Valideynlərim də süjeti sadələşdirməklə bağlı çox dəyərli məsləhətlər verdilər. Janr üslubu isə Den Braun yazıçılıq kursunun təsiri ilə cilalandı. “Sarı gəlinin sirri” nəşr edildikdən sonra düşünürdüm ki, həyatdan belə nə vaxtsa ayrılmaq qorxulu deyil, çünki mənim üçün bu mövzuda kitab – ən ali yazıçılıq röyam idi. Çoxlu işarə və simvollar bu kitabın yazılmalı olduğunu təsdiqləyirdi. Bir dəfə, şəhərdə gəzəndə həmin kitabla bağlı ziddiyyətli düşüncələrlə doluykən, uzaqdan “Sarı gəlin”in tarla ifa olunan zərif melodiyasını eşitdim. Bu “təsadüf olmayan təsadüf” məni o qədər sarsıtdı ki, yerimdə dayandım, gözlərimdən sel axmağa hazır idi...

- Bu, birmənalı olaraq taleyin işarəsi idi! Bəs əsəri Avropadakı və hətta ABŞ-dakı rusdilli oxuculara təqdim etmək fikriniz varmı?

- Bu istiqamətdə işləyirik. Çünki bu intellektual detektiv bizim mədəniyyətimiz və tariximiz haqqındadır. Bəli, anlayıram ki, bütün rusdilli auditoriya onu sevinclə qarşılamayacaq. Bu roman onsuz da illərlə doğru kimi göstərilmək istəyən yalanlara qarşı yazılıb.

- Gülnur xanım, bəzi şeirləriniz dünya rəssamlarının əsərlərindən ilham alaraq yazılıb. Bu necə baş verdi?

- Elə alınır ki, məni narahat edən mövzular haqqında yaza bilirəm. İlhamın, gözəlliyin, sənətin dəyərini bilən və heyran qalan bir oxucu kimi, böyük ustadların sənətindən təsirlənməmək mümkün deyil. Ona görə də, şeirlərimdə tez-tez onların yaradıcılığına istinad edirəm. Şairlərdən isə – Nizami, Natəvan, Puşkin, Nəbi Xəzri, Davud Aslan – mənim yaradıcı talismanlarımdır. Onların ruhu mənə gələcəkdə oxucular üçün maraqlı əsərlər yaratmaq gücü verir.

Afət İslam

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
525.az

1Источники