RU

“Laçın şəhəri çox yaxın vaxtlarda ölkəmizin ən cəlbedici turizm məkanlarından birinə çevriləcək”

“Məlum olduğu kimi, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Əlbəttə ki, ermənilərin 1990-cı illərin əvvəllərində işğal etdikləri torpaqlarımızın hər qarışı bizim üçün böyük itki idi. Dövlət başçımızın 2023-cü ilin avqustun 26-da Laçın şəhərində etdiyi çıxışında dediyi kimi, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Bununla belə məhz Laçının işğalı strateji nöqteyi-nəzərindən bütün ölkə üçün ağır bir fəlakət oldu. Çünki bu işğalla artıq mövcud olmayan keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” ilə Ermənistan arasında coğrafi əlaqə yaradıldı və Azərbaycanın sonrakı itkilərinin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi ilə qoyuldu. Lakin şanlı Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan düşmən üzərində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazandı. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın tarixi qələbə günlərinin əbədiləşdirilməsi mühüm vəzifədir və məhz bu baxımdan da respublikamızın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edən müdrik qərardır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Fikirlərini davam etdirən deputat daha sonra “Böyük Qayıdış” proqramının dövlətimizin əsas prioriteti kimi müəyyən edildiyini diqqət mərkəzinə çəkib: “Artıq beşinci ildir ki, Azərbaycan dövləti ölkənin azad edilmiş ərazilərində uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları üçün yeni infrasrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində vüsətli iş aparır. O cümlədən, işğaldan azad olunduqdan sonra çox qısa zamanda bərpa edilən Laçında bu gün irimiqyaslı sosial-infrastruktur layihələri həyata keçirilməkdədir. Diqqətəlayiq haldır ki, Laçında məhz turizm infrastrukturunun yaradılmasına xüsusi fikir verilir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin mayın 27-də Laçın şəhərinə növbəti səfəri zamanı burada kanat yolunun təməlini qoyması və yeni otel kompleksinin açılışını etməsi mühüm əhəmiyyət kəsb edən hadisələrdir. Laçının və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzurun füsunkar təbiəti bu ərazilərin turizm imkanlarını hüdudsuz edir. Qeyd edək ki, Laçın şəhərində yaradılan kanat yolunun yerləşəcəyi 2 kilometrə yaxın uzunluğunda Bulvar ərazisi artıq bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir. Həmçinin dövlət başçısının iştirakı ilə açılışı olmuş yeni otel kompleksi həm yerli turistlərə və eyni zamanda xaricdən gələn qonaqlara yüksək xidmət səviyyəsini nəzərdə tutan ən müasir tələblərə cavab verir. Əminliklə demək olar ki, bu gün şəhər gününü qeyd etdiyimiz Laçın çox yaxın vaxtlarda ölkəmizin ən cəlbedici kurort məkanlarından birinə çevriləcək” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

Избранный
14
1
sabahinfo.az

2Источники