RU

Döyüşün 13-cü günü...

Vətən uğrunda canını qurban vermiş şəhid Arzu Əliyevin həyat yoldaşı Rəfiqə xanımla söhbət edirik. “Bir quş kimi uçub getdi” – deyir, bu gün kimi yadımdadır. Axşamüstü evə gəldi. Sabah Əsgəran rayonunun Cəmilli kəndinə gedəcəyik, – dedi. Başqa söz söyləmədi. Mən də heç nə soruşmadım. Bir də nə soruşmalıydım? Birinci dəfə deyildi ki...

Qızımız təzə doğulmuşdu. Dörd aylıq idi. Adını özü qoymuşdu – Aynur. Gülə-gülə deyirdi ki, indən sonra evimizdən ayın nuru heç vaxt əskik olmayacaq.

Elə səhər onu yola salanda da bir neçə addım atıb geriyə döndü. Bir kəlmə “Balamdan muğayat ol”, – dedi.

1990-cı il, dekabr ayının 2-si idi. Bu tarixi yaddan çıxarmaq olarmı? Təbii ki, yox.

Çox istiqanlı, mehriban insan idi.

Rəfiqə xanım kövrəlir. Söhbətinə davam edir. Təsadüfən tanış olmuşuq. Şəki – Oğuz avtobusunda. Mən Şəkidə tibb məktəbində təhsil almışam. Bir dəfə avtobusla evə qayıdanda yanaşı oturmuşuq. Bilmişik ki, eyni kənddənik. O da Şəkidə polis şöbəsində işləyirdi.

Bu təsadüfi tanışlıq evliliyin bünövrəsini qoyub. Arzu istəyini anası Firuzə xanıma deyib. Uzun illər tütünçülük briqadiri işləyən Yaqub Əliyev həmkəndlisi Osman kişinin qapısını döyüb. Qızı Rəfiqəni oğlu Arzuya istəyib. 1989-cu ilin avqust ayının birində toy mağarı qurulub. Qol götürüb oynayıblar. Ömrün bu gözəl günü hələ də Rəfiqə xanımın yaddaşından silinməyib. Söhbətimiz zamanı dönə-dönə o günə qayıdır. Gözlərini uzaqlara dikir. Lap yavaşdan dediyi sözü isə mən aydın eşidirəm: “Elə bil göz dəydi”.

Nə deyəsən. Taleyin işidir. Dekabr ayının 2-də cəbhəyə yollanan Arzu Əliyev ürəyində vətən sevgisi soyuq qış günlərində xidmət etdiyi polis postunda ləyaqətlə dayanır. Aradan cəmi 13 gün keçmiş “Zil-130” markalı maşında Əsgəran rayonunun Cəmilli kəndindən Kosalar kəndinə gedən zaman yolda erməni işğalçıları ilə qeyri-bərabər döyüşdə həyatını itirir. Ömrünün 27-ci ilində şəhidlik zirvəsinə ucalır. Doğulduğu Padar kəndində torpağa tapşırılır. Bu gün Oğuz rayonunun ilk şəhidi olan Arzu Əliyevi böyük ehtiramla xatırlayır, xatirəsini əziz tuturlar. Oxuduğu kənd məktəbinə onun adı verilib. Oğuz şəhərinin küçələrindən biri bu torpağın qəhrəman oğlunun adını daşıyır. Ailəsi rayon mərkəzində mənzillə təmin olunub.

Bugünlərdə Oğuz Rayon Polis Şöbəsi şəhidin məzarına yeni qəbirüstü abidə qoyub. Onun doğum günündə anım tədbiri keçirilib. Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərid Fətəliyev iftixar hissi ilə danışır. Bildirir ki, cəsur polis işçisi, rayonun ilk şəhidi olan Arzu Əliyevin xatirəsi bizim üçün çox əzizdir. Anım günündə ziyalılar, şəhid valideynləri çıxış edib, səmimi, isti sözlər söyləyəndə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirəndə, şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın gənc nəsil üçün örnək olduğunu vurğulayanda dövlətimizin yenilməzliyinin bir daha şahidi olduq.

... Yazıya nöqtə qoymazdan əvvəl ürəyimdən keçdi ki, bir gün Oğuzda olanda mütləq Arzu Əliyevin adını daşıyan həmin küçəyə gedim. Onlarla görüşüb arzu və istəklərinə qulaq asacam. Mənə elə gəlir ki, bu yazı sizi daha da duyğulandıracaq...

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Избранный
12
1
xalqqazeti.az

2Источники