RU

Vətənpərvərlik və xeyirxahlığın çağdaş təcəssümü

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.” Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2017-ci ilin 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edilərkən onu da bildirmişdi ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

Peşəkar, bilikli, təcrübəli, prinsipial, xeyirxah…

Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərək Onun Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlər xüsusi qeyd edildi. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu əminliyi də ifadə etmişdir ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.

Dövlətimizin başçısı İlham Əliyev həmin təqdimatında Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə bütün sahələrdə yanaşaraq bu mühüm məqamı da xüsusi vurğuladı ki, Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.

Xalqın böyük sevgisinin ünvanı

Ümumilikdə, Mehriban xanım Əliyeva müsahibələrində öz həyat kredosunun formulunu “Kimsənsə, elə də olmalısan... Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir” fikirləri ilə bildirmiş və hər kəsin də öz formulunu müəyyən etməyi arzulamışdır. O, sadəliyi, nəcibliyi, müdrikliyi, mərhəməti, xeyirxahlığı, fədakarlığı, işgüzarlığı, gərgin əməyi ilə, eyni zamanda, təəssübkeşliyi, xeyir-duası ilə həyata keçirdiyi layihələrlə qısa zaman kəsiyində Azərbaycan xalqının böyük sevgisini və inamını qazandı. Bunun səbəbi təkcə tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil. O, köməyə və qayğıya ehtiyacı olan insanların yanındadır. Vətənpərvərlik, dövlətinə, xalqına bağlılıq, sevgi, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. O, ictimai-siyasi həyatda fəal iştirakı, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib. Azərbaycan humanizminin simvolu kimi dəyərləndirilməsi özündə bütün məqamları ehtiva edir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır.

Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Azərbaycanda qadın hərəkatının yeni mərhələsindən bəhs edərkən ilk olaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti göz önünə gəlir. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb. Mehriban xanım Əliyevanın müasir dünyamıza bəxş etdiyi ən böyük dəyər - onun Sara Xatun, Tomris, Aləmşahbəyim, Natəvan, Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin görkəmli xanımlarının müstəsna keyfiyyətlərini özündə birləşdirməsi və yeni, daha mükəmməl şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu, dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsi uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsidir. Onun yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir.

Mərhəmət Onun ali həyat kredosudur

O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb. Hər bir dövlətin dünyaya təqdimatında milli-mənəvi dəyərlər əhəmiyyətli rol oynayır ki, bu da harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşından təbliğat işinə öz töhfəsini verməyə çağırışlar edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əsas istiqamətlərindən biri məhz mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği, inkişaf etdirilməsidir.

Humanizmin başlıca prinsiplərindən olan mərhəmət anlayışı Mehriban xanım Əliyevanın ali həyat kredosudur. O, müsahibələrində bildirir ki, zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir. Həmçinin bu məqamı da xüsusi vurğulayır ki, həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə Amnistiya Aktının qəbul olunması da onun mərhəmət hissindən, humanizmindən irəli gəlir.

Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti

Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimatında əvəzsiz rola malikdir. Fondun fəaliyyəti yalnız dahi şəxsiyyətin irsinin təbliği ilə bitmir, Onun dünənimizin, bugünümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilən ideyalarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurlara bələdçilik edir, eyni zamanda, bu nəticələrə öz dəstəyini müxtəlif sahələri əhatə edən layihələri ilə ifadə edir. Mehriban xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bildirir ki, Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

1993-cü ildən başlanan Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırdı. Azərbaycan yenidən quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın bütün sahələrdə uğurlu inkişafını şərtləndirir. Hazırda yaratdığı reallıqları ilə hər birimizi qürurlandıran tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının əsası Ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılıb. Azərbaycan dayanıqlı iqtisadi inkişafa nail oldu, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, beynəlxalq birliyin fəal üzvünə çevrildik, vətənpərvər, xalqına, dövlətinə bağlı gənc nəsil yetişdi. Bütün bunlar tarixi Zəfərimizə gedən yolu yaxınlaşdırdı. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdır.

Reallığa çevrilən arzular

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanım Mehriban Əliyevanın xidmətləri sırasında xüsusi yer tutur. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə səsləndirdiyi “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusunun reallığa çevrilməsi hər bir Azərbaycan vətəndaşını, anasını sevindirdi. Tarixi Zəfərimizdən dərhal sonra, 16 noyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə birlikdə Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər edən Mehriban xanım Əliyevanın həvəskar videoçəkilişləri xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Azad Qarabağa və Şərqi Zəngəzura hər səfər zamanı bu çəkilişləri səbirsizliklə gözləyən xalqımız bu təqdimatlar vasitəsilə 30 ildən sonra sahibinə qovuşan torpaqlarımızı görüntülərlə görmək imkanı qazandı. Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycanın bugününə, gələcəyinə xidmət edən bütün addımların iştirakçısı olur, ölkəmizin davamlı inkişafına, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsinə, hazırkı mərhələdə tarixi Zəfərimizin reallıqlarının təbliğinə davamlı töhfələr verir, milli-mənəvi dəyərlərimizin, tariximizin qorunmasını daim prioritet məsələ kimi öndə saxlayır.

Milli-mənəvi dəyərlərin qorunmasına böyük töhfələr

Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə də tükənməz məhəbbət qazanıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu mədəni landşaftı”, eyni zamanda, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Azərbaycan 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etməklə milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə verdiyi töhfələri ilə diqqətdə oldu.

Təhsil, səhiyyə sahəsində layihələr davamlıdır

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı, təhsilin, səhiyyənin inkişafına töhfələri də xüsusi yer tutur. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində görülən işlər göz qabağındadır. Nəzərə alsaq ki, təhsilin inkişafında məktəblər əsas rol oynayır, bu layihənin əhəmiyyəti özünü daha aydın şəkildə nümayiş etdirir.

Əhalinin sağlamlığı məsələsinə gəldikdə isə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr davamlıdır. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” kimi layihələr öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.

Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər dünyaya səs salır. Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu təsdiqlədi.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini, uğurlarını bir yazıda əhatə etmək mümkün deyil. Mehriban xanım Əliyeva dövlətimizin başçısı İlham Əliyev ilə birgə Ümummilli liderin şah əsəri olan müasir müstəqil, qalib, suveren Azərbaycanın yeni-yeni hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərir. Bu birlik bütün sahələrdə özünün aydın ifadəsini tapır. Mehriban xanım Əliyevanın amalı Azərbaycanı beynəlxalq aləmdə zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə kimi tanıtmaqdır.

Mehriban xanım Əliyevanın 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsindən bugünədək ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salsaq, Onun hər bir uğurumuzda öz payı olduğunu görərik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk müşavirəsini hazırda tarixə qovuşan Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi də təsadüfi deyildi. Mehriban Əliyeva daim əhalinin bu həssas təbəqəsinin yanında oldu, onları narahat edən məsələləri birbaşa öz dillərindən dinlədi və həlli istiqamətində mühüm addımlar atdı. Artıq bu addımlar soydaşlarımızın 30 illik dövrdə yerləşdikləri müvəqqəti məkanlarda deyil, sahibinə qovuşmuş torpaqlarımızda atılır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi əsasında bu ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış dini və tarixi abidələrimizin bərpası həyata keçirilir, yeni məscidlər tikilir. Xatırlasaq, istər dövlət başçısı İlham Əliyev, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərlə görüşündə bu əminliyi ifadə edirdilər ki, məskunlaşdıqları ərazilərdə yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Bu gün həmin istəyin, arzunun reallığa çevrildiyinin sevincini yaşayırıq. Artıq Böyük Qayıdışın ünvanlarının sayı günbəgün artır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri, burada görülən bərpa və quruculuq işləri ilə yaxından tanış olmaları, yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak etmələri və sair kimi biri-birindən mühüm addımlar tarixin yaddaşına həkk olunur. Artıq soydaşlarımızın müvəqqəti məskunlaşdıqları yerlər deyil, doğma yurd-yuvaları əsl cənnət məkana çevrilir.

Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.

O da məlumdur ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.

Ümummilli liderin siyasi kursunun davamına dəstək

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini bir yazıda əhatə etmək mümkünsüzdür. Xalqımız hər zaman bu inamı və əminliyi ifadə edir ki, Azərbaycan hər bir çətinliyi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində dəf edəcək. Mehriban xanım Əliyeva həm Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti, həm də dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi Ümummilli liderin siyasi kursunun uğurlu davamına mühüm addımları ilə dəstək olur. Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında yeni qərarlar qəbul olundu, yeni tərkib formalaşdı. Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Partiyanın Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və 2021-ci ilin sonunda təsdiqlənən “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramında hədəflər öz əksini tapıb. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha da qüdrətlənməsinə, inkişafına xidmət edən yeni proqramın uğurlu icrası istiqamətində mühüm addımlar atılır. Bu uğurlarda Mehriban xanım Əliyevanın məxsusi rolu vardır.

Ən böyük mükafatı xalqın sevgisi, inamı və etimadıdır

Mehriban xanım Əliyevanın fəaliyyəti daim yüksək dəyərləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban xanım Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun qeyd etdiyi kimi, illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək dəyişməz olaraq qalır və qalacaqdır. Bu amal Mehriban xanım Əliyevanın bütün təltiflərinin önündə dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərinin sonunda qeyd etdiyi “Sizin MEHRİBAN” ifadəsi özündə ehtiva etdiyi bütün çağırışların təqdimatıdır. Mehriban xanım Əliyeva bundan sonra da işıqlı bioqrafiyasını daha möhtəşəm uğurları ilə zənginləşdirəcək, hər zaman xalqımızın sonsuz qürur və fəxarət ünvanı olacaq.

Parlaq həyat yolu hər kəsə nümunə olan Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, Ona möhkəm cansağlığı arzulayırıq. Əminik ki, Mehriban xanım Əliyeva qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərə yüksək səviyyədə nail olmasına bundan sonra da mühüm töhfələr verəcək.

Vüqar RƏHİMZADƏ,Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
8
xalqqazeti.az

9Источники