RU

İbtidai siniflərdə 45 dəqiqə çoxdur - dərs müddəti qısaldıla bilərmi?

Müasir dövrdə təhsilin keyfiyyətinin artırılması ilə yanaşı, şagirdlərin psixoloji və fiziki rifahın təmin olunması da əsas prioritetlərdən biridir. Bu xüsusilə ibtidai sinif şagirdlərinə aiddir. Çünki bu yaş dövründə uşaqların diqqəti, fiziki dözümlülüyü və emosional tarazlığı hələ formalaşma mərhələsində olur. Bu baxımdan, ibtidai siniflərdə dərs vaxtının qısaldılması aktual və zəruri məsələlərdən birinə çevrilib.

İbtidai sinif şagirdləri uzun müddət diqqətlərini toplamaq və eyni mövzuya fokuslanmaqda çətinlik çəkirlər. Pedaqoji tədqiqatlar göstərir ki, bu yaş qrupunda diqqətin aktiv qalma müddəti 20-25 dəqiqə arasında dəyişir. Halbuki, hazırda məktəblərdə dərs müddəti 45 dəqiqədir. Bu, şagirdlərin psixoloji və zehni yorğunluğunu artırır, dərsin keyfiyyətini aşağı salır.

Hazırkı dərs proqramlarında ibtidai siniflər üçün çoxsaylı fənlər və tapşırıqlar nəzərdə tutulur. Bu da şagirdlərin dərsdən sonrakı vaxtlarında belə ciddi intellektual yüklə üzləşmələrinə səbəb olur. Dərs müddətinin qısaldılması, həmçinin mövzuların yığcam və məqsədyönlü şəkildə izah edilməsini təşviq edir, tədrisin keyfiyyətini artırır və əlavə yüklənmənin qarşısını alır. Uşaqlar dərs zamanı həddən artıq oturaq həyat tərzi keçirirlər. Hərəkətsizlik onların fiziki inkişafını ləngidir və sinifdə yorulmalarına səbəb olur. Qısaldılmış dərs vaxtı həm fiziki hərəkətlər üçün daha çox imkan yaradar, həm də məktəblə bağlı müsbət emosional münasibət formalaşdırar. Bu da təhsilin davamlılığını və uğurunu təmin edən əsas amillərdəndir.

Bugünkü uşaqlar texnologiya ilə iç-içə böyüyür. Bu isə onların vizual və tez dəyişən informasiyaya alışmalarını sürətləndirir. Belə bir mühitdə uzun, monoton və kütləvi dərs formaları artıq effektiv deyil. Qısaldılmış, lakin interaktiv və maraqlı dərs modeli daha çox uğur qazandırır.

İbtidai siniflərdə dərs vaxtının qısaldılması artıq sadəcə bir təklif deyil - zəruri bir islahatdır. Bu dəyişiklik şagirdlərin psixoloji rifahını təmin edəcək, dərsə marağı artıracaq, fiziki inkişafı dəstəkləyəcək, tədris prosesini daha məqsədyönlü və effektiv edəcək.

Azərbaycan təhsil sistemində də bu istiqamətdə addımlar atılmalı, yeni pedaqoji modellər və pilot layihələr həyata keçirilməlidir. Uşaqların xoşbəxt, sağlam və savadlı böyüməsi üçün məktəbdə dərslər şagirdlərə uyğunlaşdırılmalıdır.

Bir sıra inkişaf etmiş ölkələrdə - məsələn, Finlandiya, İsveç və Yaponiya kimi ibtidai siniflərdə dərs müddəti 30–35 dəqiqədir və dərslər arasında daha çox fiziki fasilələr nəzərdə tutulur. Nəticədə bu ölkələrdə təhsil keyfiyyəti yüksəlib, uşaqlarda dərsə maraq daha da artıb. Bu da göstərir ki, dərs müddətinin qısaldılması təhsilin keyfiyyətinə mənfi yox, müsbət təsir göstərir.

Finlandiyada dərslər arasında 15 dəqiqəlik fasilələr var. Gündəlik dərs sayı 3–4 dərsdir.  Uşaqların rifahı əsas götürülür. Tədris yükləri azdır, lakin təhsil nəticələri yüksəkdir. Finlandiya dünya üzrə ən uğurlu təhsil sistemlərindən biri sayılır. Əsas prinsip “Daha çox öyrətmək yox, daha yaxşı öyrətmək".

Yaponiyada gündəlik dərs yükü 4-5 dərsdir. Dərs aralarında 10–15 dəqiqəlik fasilələr və məktəb daxilində fiziki fəaliyyətlər təşkil olunur. Akademik biliklə yanaşı, şagirdin sosial, emosional və fiziki inkişafı önəmlidir. Bu ölkənin məktəblərində şagirdlər məktəb binasının təmizliyində də iştirak edir. Əsas məqsəd şagirdlərdə sosial məsuliyyət hissini gücləndirməkdir.

İsveçdə də uşağın rifahı prioritet hesab edilir. Məktəblərdə stressiz tədris mühiti yaradılır. Rəqabət minimuma endirilir. Dərslərdən sonra uşaqlar üçün oyun və istirahət zonaları mövcuddur. Uşaqlar burada dincəlirlər.  İsveç təhsili uşaqlarda kreativ düşüncə və özünüifadə bacarıqlarını gücləndirir.

Psixoloq Arifə Məmmədova deyir ki, ibtidai siniflərdə dərs vaxtının uzun olması uşaqları yorur. İbtidai siniflərdə uşaqların zehni, emosional və fiziki inkişafı hələ tam formalaşmadığından, uzunmüddətli dərs saatları onlarda yorğunluq, diqqətsizlik və emosional gərginlik yaradır. Bu da gələcəkdə həm dərs nəticələrinə, həm də uşaqların məktəbə münasibətinə mənfi təsir göstərir: “Dərs vaxtının çox uzun olması xüsusilə 6–9 yaşlı uşaqlarda tez yorulma, dərsdən soyuma və özünəqapanma kimi hallara səbəb olur. İbtidai sinif şagirdləri çox uzun dərs saatlarında fiziki və zehni olaraq yorulurlar. Onların diqqət müddəti məhduddur. Dərs uzandıqca uşaqların dərsi qavrama səviyyəsi düşür, yuxululuq və yorğunluq artır”.

Psixoloq qeyd edib ki, dərs müddətləri azaldılmalı və ya daha dinamik qurulmalıdır. Fiziki hərəkət və oyunlar dərs prosesinə inteqrasiya edilməlidir. Şagirdlərə emosional dəstək verilməli, xüsusilə dərs yüklənməsi zamanı onların fikirləri nəzərə alınmalıdır: “İbtidai siniflərdə dərs vaxtının uzun olması yalnız fiziki yox, psixoloji yorğunluq və motivasiya itkisi yaradır. Bu səbəbdən dərs müddətinin uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılmasını vacibdir. 45 dəqiqəlik dərslər pedaqojik baxımdan optimal ola bilər, lakin çətin fiziki mühit, uzun tədris dövrləri və həddən artıq yük bu müddətin faydasını azaldır. Zehni yorğunluq, motivasiyanın azalması, psixoloji problemlər və fiziki narahatlıq sinif otağı şəraitinə və dərs müddətinin zamanlamasına görə kəskinləşir”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, dərs saatının müddəti uşağın zehni qavraması və inkişafı baxımdan da çox önəm daşıyır. Şagirdin tələblərə cavab verməsi üçün dərs saatının müddəti önəmli amildir. Qərb ölkələrində şagirdlər təhsilin idarəçiliyində ayrılmaz vasitəçidirlər. Burada şagirdlər sanki rəhbərlik statusundadırlar. Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, həmin ölkələrdə məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir. Dərslər saat 09:00-da başlayıb, 16:00-da bitir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. I sinfə gedənlər 3 saat dərs keçirlər:

“Tədqiqatlar göstərir ki, şagirdlər diqqətini yalnız 20–30 dəqiqə ərzində aktiv və konsentrə şəkildə saxlaya bilir. Məsələn, bir araşdırmaya görə, 9–12 yaşlı uşaqların maksimum diqqət müddəti 20–30 dəqiqə, 6–8 yaşlılarda isə bu müddət 12–20 dəqiqə arasında dəyişir . Uzun dərs blokları beynin yüklənməsinə və informasiyanın düzgün qavranılmamasına səbəb olur .Uşaqların diqqət səviyyəsi 30 dəqiqədən sonra kəskin düşür. Bu isə, qısa, strukturlaşdırılmış dərs sessiyalarının daha məqsədəuyğun olduğunu sübut edir . Dərs vaxtının artırılması yalnız zamanın məqsədyönlü və səmərəli istifadəsi ilə akademik nəticələri yaxşılaşdıra bilər. Zehni yorğunluğun qarşısını almaq, diqqəti maksimum səviyyədə saxlamaq və informasiya qəbulu prosesini asanlaşdırmaq üçün dərs müddətləri 30–35 dəqiqəlik qısa bloklara bölünməlidir. Əlavə vaxtın miqdarı deyil, məzmunun və metodun keyfiyyəti vacibdir; bu, dərslərin effektivliyini artırır və uşaqların motivasiyasını yüksəldir. Hərəkətli fasilələrin təşkili, interaktiv metodların istifadəsi, həmçinin müəllimlərin bu yeniliyə adaptasiyası - dərsi qısa vaxt ərzində daha məzmunlu və yadda qalan edə bilər. Dərs müddətinin qısaldılması 30–35 dəqiqəlik qısa dərs blokları şagirdlərin diqqət və yaddaş qabiliyyətinə uyğundur. Dərs sonunda qısa aktiv fasilə diqqətin yenilənməsinə kömək edir. Qısa dərs bloklarının tətbiqi, müəllim hazırlığı və müəssisə dəstəyi ilə birgə həyata keçərsə - akademik göstəriciləri yaxşılaşdırmaqla yanaşı, şagirdlərin rifahına da müsbət təsir edə bilər”.

Azərbaycan Respublikası Təhsil İnstitutundan bildirilib ki, bütün siniflərdə dərs müddəti eynidir - 45 dəqiqə. Xüsusilə 1-ci sinif şagirdləri üçün bu, kifayət qədər uzun görünə bilər: “Əvvəlcə nəzərə almaq lazımdır ki, həmin uşaqlar məktəbəqədər hazırlıq qruplarına və ya bağçalara cəlb olunublarmı? Əgər bu təcrübələri varsa, artıq müəyyən qaydalara, vaxt və davranış rejiminə alışmış olurlar. Amma elə uşaqlar da var ki, birbaşa evdən məktəbə gəlirlər. Bu halda 45 dəqiqəlik dərs prosesi onlar üçün həm çox uzun, həm də psixoloji və fiziki cəhətdən ağır ola bilər. Azyaşlı uşaqlar uzun müddət eyni fəaliyyətdə sıxılır, hərəkət etmək, oyun oynamaq istəyirlər. Ona görə də müəllim 45 dəqiqəlik dərsi elə qurmalıdır ki, şagird həm öyrənsin, həm əylənsin, həm də yenidən məktəbə gəlmək həvəsində olsun”.

Nərmin Qarazadə

Избранный
10
1
azedu.az

2Источники