RU

Əzəli yurda əbədi qayıdış

44 günlük Vətən müharibəsində İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımız işğaldan azad olundu. 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytardı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri ölkəmizə təhvil verildi.  Beləliklə, 30 ildən sonra Laçın şəhəri azadlığına qovuşdu. 

Bununla belə, Azərbaycanın humanist davranışlarından istifadə edən Ermənistan isə Qarabağda qalmış separatçılara Laçın yolu vasitəsilə silah-sursat daşımağa davam edirdi. Hərbi təyinatlı yüklərin daşınmasının qarşısını almaq, təhlükəsizlik mühitini formalaşdırmaq üçün 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən Laçın nəzarət-buraxılış məntəqəsi yaradıldı. 

Milli Məclisin deputatı Rövşən Muradov "Azərbaycan" qəzetinə Laçının geri qaytarılması, bu istiqamətdə aparılan uğurlu siyasətdən söz açıb. Deputat bildirib ki, 26 avqust - Laçın Şəhəri Günü xüsusi günlərdən biridir: "Laçının düşmən tapdağından azad olunmasından danışanda bir məqama diqqət yetirməliyik. Əgər Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Suqovuşan hərbi yolla, ağır döyüşlər nəticəsində işğaldan azad olunmuşdusa, Laçın, Kəlbəcər və Ağdam hərbi-siyasi yolla düşməndən təmizlənib. Üç rayonun döyüşsüz, güllə atılmadan azad edilməsi böyük uğurdur. Bu həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən olduqca əhəmiyyətli, düşmənin belini qıran siyasi prosesdir. 

Siyasi iradənin qələbəsi

R.Muradov qeyd edib ki, işğal nəticəsində Laçın əhalisi etnik təmizləməyə məruz qalıb. Burada 300-dən artıq hərbi və mülki şəxs öldürülüb və itkin  düşüb, mədəniyyət, təhsil, ticarət mərkəzləri, rabitə, idarə və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan olunub və ya məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. "Ermənilər Laçında qanunsuz məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər. Onlar düşünürdülər ki, daimi olaraq burada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya aktına əsasən, Laçından çıxmağa vadar etdi. Beləliklə, ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi. 

Deputat xatırladıb ki, Vətən müharibəsinə qədər danışıqlar zamanı Azərbaycana yalnız 5 rayonun qaytarılması üçün təzyiq edilsə də, rəsmi Bakı qətiyyətli mövqeyindən geri çəkilmədi. Danışıqlar prosesində Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan bu rayonun onlara dəhliz kimi verilməsi mövqeyindən çıxış edirdi. Buna görə də, Laçın rayonunda digər işğal olunmuş  ərazilərimizdən fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. ATƏT-in  faktaraşdırıcı missiyası tərəfindən Laçın rayonu ərazisində 11 minə yaxın erməninin yerləşdirildiyi müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıq idi. 

Bütün hallarda Azərbaycanın mövqeyinin qətiyyətli olduğunu vurğulayan Rövşən Muradov deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı idi: "Belə də oldu. Vətən müharibəsinə qədər bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirdik. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərdə, həm də ordu quruculuğunda. Bu gücü "dəmir yumruq" formasına gətirməklə düşmənin belini qırdıq, yeni reallıqlar yaratdıq. Prezident İlham Əliyev həmişə deyirdi ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qaytarılmasa, heç bir razılaşma ola bilməz. Prezidentin mövqeyi xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Əslində hər birimiz tam əmin idik ki, siyasi yolla olmasa da, Azərbaycan Ordusu hərbi yolla mütləq bu rayonları düşmən tapdağından azad edəcək. Buna heç bir şübhə yox idi. 

Eyni zamanda hər birimiz bilirdik ki, yerləşdikləri çətin relyef şəraiti, mövsüm şərtləri nəzərə alınarsa, bizim çoxsaylı itkilərimiz olacaqdı. Sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Bunların hər birinin aşılması zamanı böyük itkilər qaçılmaz idi. Ona görə də sözügedən üç rayonun üçtərəfli Bəyanata əsasən qaytarılması Azərbaycanın böyük siyasi qələbəsi idi. Təbii ki, Ermənistan buna öz xoşu ilə razı olmadı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyd-şərtsiz qələbənin məntiqi davamı idi". 

Yurda dönən laçınlılar

Laçından erməni barbarları təmizləndikdən sonra digər işğaldan azad olunmuş rayonlarımız kimi burada da  tikinti-quruculuq işlərinə start verildi. 2023-cü ilin may ayından laçınlılar doğma yurdlarına qayıtmağa başladılar. İki il ərzində Böyük Qayıdış Proqramı çərçivəsində Laçın şəhərinə, rayonun Zabux, Sus və Bəylik kəndlərinə 3500-ə yaxın keçmiş məcburi köçkün qayıdıb. Bu köç prosesi rayonda görülən genişmiqyaslı işlərdən xəbər verir. Dövlət başçısının Laçına səfərləri çərçivəsində təməlqoyma mərasimləri, açılışını etdiyi müəssisələr bu bölgəmizə yeni həyat bəxş edir. 

Laçında beynəlxalq statustlu hava limanı fəaliyyət göstərir. Hava limanının açılış mərasimi bu il mayın 28-də Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən baş tutub. Çətin relyef şəraitində tikilən aeroport Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir. Ümumi ərazisi 130 hektardan çox olan hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bu nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına geniş imkanlar açacaq. Hazırda rayonda istifadəyə verilən, həmçinin tikilməkdə olan hotel, istirahət kompleksləri və digər turizm obyektləri rayonun turizm sahəsində perspektivlərini göstərməklə, Laçının təkcə yerli deyil, həm də xarici turistlərin sevdiyi və bəyəndiyi turizm məkanlarından biri olacağından xəbər verir. 

Rövşən Muradov bildirib ki, Laçın həm strateji, həm də iqtisadi və regional inkişaf baxımından böyük potensiala malikdir: "Bu iqtisadi rayon geniş təbii sərvətlərə, iqtisadi imkanlara o cümlədən, kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Rayonun ərazisində müxtəlif faydalı qazıntı ehtiyatları, İstisu, Turşsu, Mincə, Turş-tiqiq kimi mineral bulaqlar  var. Eyni zamanda ərazinin 8 yeraltı su yatağı da mövcuddur. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın və turizmin inkişafına imkanlar açır". 

R.Muradov vurğulayıb ki, Laçının işğaldan azad edilməsi Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatik sahədə də qələbəsi idi: "Bu o demək idi ki, Azərbaycan döyüşdə işğalçı ölkənin hərbi, diplomatiya masasında isə siyasi rəhbərliyini məhv etdi. Ermənistan rəhbərliyi Azərbaycanın birlik rəmzi olan dəmir yumruğunun öldürücü gücü qarşısında diz çökərək təslim sənədinə imza atdı. Prezident İlham Əliyevin dediyi kimi, biz Xocalı qatillərini məhv etdik, Ermənistanın hərbi-siyasi rəhbərlərinin adları miskin fərari, qorxaq və yalançı qəhrəman kimi tarixə yazıldı". 

Laçın şəhərinin bu il MDB ölkələrinin mədəniyyət paytaxtı seçildiyini xatırladan deputat deyib ki,  burada əsas məqsəd işğaldan azad olunmuş ərazilərin mədəni dirçəlişini təşviq etmək, rayonun zəngin mədəni irsini beynəlxalq miqyasda tanıtmaq, MDB ölkələri arasında mədəni inteqrasiyanı və əməkdaşlığı gücləndirməkdir. 2025-ci il ərzində Laçında 15 tədbir çərçivəsində müxtəlif mədəniyyət festivalları, sərgilər və konsertlər keçirilib. Ümumiyyətlə, Laçında son dövrlərdə aparılan quruculuq, abadlıq işləri Azərbaycanda görülən böyük işlərin miqyasını göstərir.

Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri keçmiş məcburi köçkünlərin qısa müddətdə və təhlükəsiz şəraitdə dədə-baba torpaqlarına qayıdışının təmin olunmasıdır. Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş rayonlarımızda görülən sürətli bərpa, yenidənqurma işləri də bunu bir daha təsdiqləyir. Çox keçməyəcək ki, bütün laçınlılar Laçın Şəhəri Gününü əzəli və əbədi yurdlarında birlikdə qeyd edəcəklər.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
44
azerbaijan-news.az

1Источники