Ajans.az xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib. Şəhər günləri təntənəli şəkildə qeyd olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib. Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.  Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri X sosial şəbəkəsində elan edib. Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.