Sahil Kərimli: “Müstəqillik Bəyannaməsinin müdafiəsinə qalxan qüvvələr Ermənistanı yeni faciələrə sürükləyir”
Ermənistanın Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var, sözügedən bəyannamədə isə ərazi iddialarını əks etdirən maddənin olduğu məlumdur.
Uzun müddətdir ki, Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın, daha dəqiq desək, ərazi iddialarını ifadə edən maddənin çıxarılması aktualdır. Ermənistanın baş naziri Nikol Paşinyan dəyişikliklərin olacağını istisna etməsə də, Ermənistanın daxilindəki bəzi qüvvələr buna qarşı çıxır və Müstəqillik Bəyannaməsinin müdafiəsinə qalxırlar, ermənilər Müstəqillik Bəyannaməsinin Konstritusiyadan çıxarılmasına imkan vermək istəmirlər.
Məsələn, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, iqtisadçı David Ananyan yazıb ki, bu Bəyannamə Ermənistan dövlətinin təməl daşı olub, Ermənistanın müstəqilliyinə gedən yolu müəyyən edib, milli kimlik və suverenliyin möhkəm təməli olub. “Bu gün biz tarixi yaddaşımızın, suverenliyimizin və gələcəyimizin əsas qarantı kimi Bəyannaməni həmişəkindən daha çox müdafiə etməyə borcluyuq”-deyə o qeyd edib.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 35-ci ildönümü münasibətilə təbrik müraciətində Müstəqillik Bəyannaməsini müdafiə edən fikirlər bildirib.
“Bəyannamə təkcə hüquqi sənəd deyildi. Bu, milli iradənin, ümumi məqsəd və yeni gələcəyin simvolu idi”-deyə Ermənistan prezidenti bildirib. O qeyd edib ki, bu sənəd dövlətin inkişafı və möhkəmlənməsi üçün əsas proqramdır.
Qeyd edildiyi kimi, ermənilər Müstəqillik Bəyannaməsinin Konstritusiyadan çıxarılmasına imkan vermək istəmirlər. Amma Azərbaycan Ermənistanı Müstəqillik Bəyannaməsindən imtina etməyə vadar etmir, tələbimiz odur ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməsin. Bizim istədiyimiz budur. Amma onlar həssas bir yerdən yapışıblar ki, Konstitusiya dəyişikliyinə imkan verməsinlər və buna da da nail olmaq istəyirlər, Müstəqillik Bəyannaməsindən imtinanın yolverilməzliyini deməklə. Deyirlər ki, Müstəqillik Bəyannaməsi bizim milli kimliyimizi müəyyən edir. İki “respublika” arasında əlaqə yaradır, iki müstəqilliyi bir-birinə, “Arsaxı” Ermənistana və disporu bir-birinə “birləşdirir”.
Gördüyümüz kimi, Ermənistan prezidenti də Müstəqillik Bəyannaməsini müdafiə edir, onun 35 illiyini böyük təntənə ilə qeyd edirlər. Bunun da, təbii, iki başı var, ya Müstəqillik Bəyannaməsini Konstitusiyadan çıxarmaq istəmirlər, ya da Ermənistan cəmiyyətini hazırlayırlar ki, biz onu Konstitusiyadan çıxarsaq da Müstəqillik Bəyannaməsi daima bizim vacib sənədlərimizdən biri kimi qalacaq. Ermənistan prezidenti müraciətində deyir ki, bu bizim milli kimliyimizi müəyyən edir, bizim inkişaf proqramımızdır, onun gücü və qiyməti bu gün də davam edir.
Bu, ermənilərin hazırda apardığı təbliğatdır.
“Müstəqillik Bəyannaməsinin “dəyərini həmişə saxlayacağıq” deyənlərin əsas məqsədi bölgədə sülh və təhlükəsizliyə ciddi zərbə vurmaqdır”
Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Konstitusiyası Ermənistanın Müstəqillik Bəyannaməsinə əsaslanır və burda da açıq-aşkar Azərbaycan ərazisinə konkret iddialar var. “Burda Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddiaları var. Bu da, əlbəttə ki, bölgədə sülhə və təhlükəsizliyə ciddi zərbə vuracaq bir amildir. Ona görə də Azərbaycan dövləti uzun müddətdir ki, Ermənistandan Konstitusiya dəyişikliklərini tələb edir. Bu tələb ondan ibarətdir ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları birmənalı olaraq çıxarılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Burda Ermənistanın Müstəqillik Bəyannaməsinə əsaslanan zərərli meyllər, Azərbaycana qarşı ərazi iddiaları birmənalı olaraq birdəfəlik Kionstitusiyadan çıxarılmalıdır. Bu da Azərbaycanın haqlı və ədalətli mövqeyidir. Çünki Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış suveren əraziləri var, eyni zamanda da bu ərazilər Azərbaycanın tarixi ata-baba yurdları, əraziləridir. Ermənistanın Azərbaycan ərazilərinə iddia etməsi Konstitusiyadan da konkret olaraq çıxarılmalıdır. Bu dəyişikliklər Konstitusiyada təsbit olunmalıdır”.
S.Kərimlinin fikrincə, bu gün Ermənistanda müəyyən şovinist dairələr, radikal qruplaşmalar nəyin bahasına olursa olsun, Konstitusiyanın dəyişdirilməsinin əleyhinə gedirlər, bu da zərərli meyllərdir, uzun illərdir Ermənistanı məhvə, faciələrə aparan məsələlərdir. “Ermənistanın Azərbaycanın suveren əraziləri olan Qarabağ bölgəsini işğalda saxlaması, bu əraziləri dağıtması, yerlə yeksan etməsi və bizim ərazilərimizdə separatçı rejimin fəaliyyət göstərməsi bu ölkəni uzun illər boyu bataqlığa aparıb, Ermənistanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. 44 günlük Vətən müharibəsindən və 1 günlük lokal antiterror tədbirlərindən sonra Azərbaycan öz suveren ərazilərini bu separatçılardan təmizlədi, işğala son qoydu və Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu reallıqlar bu gün bütün dünya tərəfindən qəbul olunur, onunla bütün dünya barışmaq məcburiyyətindədir. Eyni zamanda ABŞ-da prezident Donald Trampın şahidliyi ilə imzalanan sənədlər, Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar, birgə bəyanat onu göstərir ki, bölgədə gələcəkdə sülhün və təhlükəsizliyin uzunmüddətli və dayanıqlı olması üçün Azərbaycan bütün imkanlarını səfərbər edib və biz artıq bu gün buna nail olmuşuq ki, Ermənistanla sülh müqaviləsinin imzalanması yaxın aylarda mümkün olacaq”.
S.Kərimli hesab edir ki, Ermənistan dünyanın bir nömrəli paytaxtında, bir nömrəli ofisində və D.Trampın şahidliyi ilə öz üzərinə öhdəlik götürüb və tezliklə sülh müqaviləsinin imzalanması istiqamətində konstruktiv mövqeyini nümayiş etdirib. “Belə olan halda Ermənistanda Konstitusiyanın dəyişdirilməsinin əleyhinə çıxan və Müstəqillik Bəyannaməsinin müdafiəsinə qalxan qüvvələr Ermənistanı yeni faciələrə sürükləyir. Müstəqillik Bəyannaməsinin “dəyərini həmişə saxlayacağıq” deyənlərin əsas məqsədi bölgədə sülh və təhlükəsizliyə ciddi zərbə vurmaqdır. Hesab edirəm və şübhə etmirəm ki, bu qüvvələr müəyyən xarici ölkələr tərəfindən, xüsusilə Rusiya və ermənipərəst dövlətlər tərəfindən idarə olunur. Məqsəd də Azərbaycana təzyiq göstərmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nəyin bahasına olursa olsun maneçilik törətməkdən ibarətdir. Amma görünən odur ki, bu cür separatçı və radikal qüvvələrin bu təxribatçı fəaliyyətinə baxmayaraq, Ermənistanla Azərbaycan yaxın müddətdə yekun sülh müqaviləsinin imzalanmasına nail olacaq və bu da bölgədə həm gələcəkdə sabitliyin bərqərar olması, eyni zamanda da iqtisadi şaxələnmənin, nəqliyyat, kommunikasiya xətlərinin açılmasına gətirib çıxaracaq”-deyə S.Kərimli vurğuladı.
İradə SARIYEVA