Polşa prezidenti Karol Navroçki 2022-ci ilin fevralından sonra ölkəyə gələn ukraynalılar üçün xüsusi status və güzəştlərin uzadılması haqqında qanun layihəsinə veto qoyub.
AFN.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. “Biz sosial ədalətə can atmalıyıq, ona görə də mən Ukrayna vətəndaşlarına mənə təqdim olunan formada yardım haqqında qanunu imzalamamışam”, - deyə Navroçki TVP İnfo tərəfindən yayımlanan mətbuat konfransında deyib. Polşa dövlətinin başçısı qərarını layihədə uşaq müavinətlərinin ödənilməsinə məhdudiyyətlərin nəzərdə tutulmaması ilə izah edib. Onun fikrincə, onlar yalnız işləyən ukraynalılara ödənilməlidir. Navroçki eyni məhdudiyyətlərin ukraynalı qaçqınların pulsuz tibbi sığortaya çıxışına da qoyulmasını təklif edib.
Ukrayna vətəndaşlarına yardım haqqında qanun Polşa hakimiyyəti tərəfindən 2022-ci il martın 12-də qəbul edilib və bir neçə dəfə uzadılıb.
Hazırda Polşada 900 mindən çox ukraynalı qaçqın yaşayır.