RU

Azad Laçın tarixi Zəfərimizin simvollarından biri kimi böyük quruculuq meydanına çevrilib

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş şəhər günləri işğaldan azad edilmiş ərazilərin mənəvi-tarixi və siyasi-strateji əhəmiyyətini vurğulayır. Bu, həm tarixi hadisələrin xatırlanması, həm də xalqın azadlıq uğrunda apardığı mübarizənin nəticələrinin gələcək nəsillərə çatdırılması məqsədini daşıyır.26 avqust – Laçın şəhəri günü Azərbaycanın hərbi-siyasi qələbəsinin və dövlətçilik mövqeyinin aydın ifadələrindən biri kimi qeyd olunur.

Laçın rayonu coğrafi mövqeyi baxımından strateji əhəmiyyət daşıyır. Vaxtilə Qarabağı Ermənistanla birləşdirən əsas tranzit funksiyasını yerinə yetirən bu ərazi uzun illər boyunca regional təhlükəsizlik və nəqliyyat əlaqələri baxımından kritik nöqtə olmuşdur. 1992-ci ildə Laçının işğalı ilə Ermənistan faktiki olaraq Qarabağ üzərində nəzarətini möhkəmləndirmiş, Azərbaycan isə bölgə ilə əlaqə imkanlarını itirmişdir. Həmin hadisə regiondakı təhlükəsizlik strukturunu ciddi sarsıtmışdır.

44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu 1 dekabr 2020-ci il tarixində döyüşsüz olaraq Azərbaycana qaytarılmışdır. Laçının azad olunması xalqın sarsılmaz iradəsinin parlaq ifadəsi kimi tarixə yazılmış və şanlı qələbə regionda davamlı sülh və sabitliyin təmin olunması, həmçinin iqtisadi, nəqliyyat və sosial infrastrukturların yenidən qurulması üçün möhkəm zəmin yaratmışdır.

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılmışdır. Ardınca, 2023-cü il aprelin 23-də Laçında sərhəd-keçid məntəqəsi yaradılmışdır. Bu təşəbbüs Azərbaycanın suveren hüquqlarını tam bərpa etməsi və bölgədə qanuni idarəetmə strukturlarının möhkəmləndirilməsi baxımından mühüm addım olmuşdur. Həmin məntəqə beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün qorunması və dövlətin strateji mövqeyinin gücləndirilməsi üçün nümunəvi hadisə kimi qiymətləndirilir.

Laçın rayonu dağlıq və mürəkkəb relyefə malik olduğundan hərbi baxımdan xüsusi əhəmiyyətə malikdir. Buradakı yüksəkliklər həm Qarabağ daxilində, həm də Ermənistanla sərhəd xəttində təhlükəsizliyin təmin olunmasına imkan verir. Laçının azad olunması Azərbaycan Ordusuna strateji üstünlük qazandırmış, manevr imkanlarını genişləndirmiş və bölgədə təhlükəsizlik sisteminin effektivliyini artırmışdır. Bundan əlavə, Laçının nəzarətə götürülməsi separatçı qüvvələrin təchizat yollarını kəsərək onların hərbi potensialının zəifləməsinə səbəb olmuşdur. Bu, 2023-cü ilin payızında həyata keçirilmiş antiterror tədbirlərinin uğurla başa çatmasına imkan yaratmış, Azərbaycan üçün həm hərbi-strateji, həm də təhlükəsizlik baxımından üstün mövqelər təmin etmişdir.

Eyni zamanda, Laçın üzərində nəzarətin bərpası region ölkələri ilə diplomatik əlaqələrin inkişafına da təkan verdi. Azərbaycan həm Türkiyə, həm də digər tərəfdaş ölkələrlə əməkdaşlığını daha möhkəm əsaslar üzərində quraraq regional siyasətdə əsas aktor mövqeyini gücləndirmişdir. Bu hadisə, həmçinin qlobal diqqəti işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə yönəltdi.

Laçın rayonunun iqtisadi potensialı həm kənd təsərrüfatı, həm də turizm baxımından geniş imkanlar təqdim edir. Zəngin yaylaqlar və meşə massivləri heyvandarlıq, arıçılıq və balıqçılıq sahələrinin inkişafına şərait yaradır. Laçında həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri – yolların yenidən qurulması, elektrik və su xətlərinin çəkilməsi, şəhər və kəndlərin bərpası rayonun iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir, bölgədə investisiya mühitini yaxşılaşdırır.

Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi regionu həm Azərbaycanla, həm də dünya ölkələri ilə birləşdirərək beynəlxalq ticarət, turizm və investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Hava limanı Laçının strateji əhəmiyyətini iqtisadi baxımdan da təmin edir və bölgənin davamlı inkişafına güclü təkan verir. Bu təşəbbüs yalnız nəqliyyat infrastrukturunun modernləşdirilməsi deyil, həm də post-müharibə dövründə həyata keçirilən iqtisadi siyasətin uğurlu nümunəsi kimi dəyərləndirilir.

Keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı sosial və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq yüzlərlə ailə Laçında tikilmiş yeni evlərə yerləşdirilmiş, şəhər və kəndlərdə məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və digər sosial infrastruktur yaradılmışdır. İnsanların ata-baba yurdlarına qayıtması milli kimliyin bərpasında, tarixi yaddaşın qorunmasında həlledici rol oynayır və cəmiyyətin birlik hissini möhkəmləndirir. Eyni zamanda, bu proses regional sabitliyi və sosial rifahı gücləndirir, əhali arasında müsbət demoqrafik dinamikanın formalaşmasına xidmət edir.

26 avqust – Laçın şəhəri günü Azərbaycanın post-münaqişə dövründə dövlət siyasətinin aydın ifadəsidir. Rayonun bərpası göstərir ki, ölkəmiz yalnız ərazi bütövlüyünü təmin etməklə kifayətlənmir, həm də bu torpaqlarda həyat yaradır, sosial və iqtisadi inkişafı təmin edir. Laçın artıq təkcə Qələbənin deyil, eyni zamanda gələcəyə inamın və davamlı inkişafın bir təzahürüdür.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
2
sesqazeti.az

3Источники