RU

FMG-nin direktoru: “Daha çox özümüzün deyil, müştərinin istəyinə uyğunlaşırıq” – MÜSAHİBƏ

35 ildir ki, müstəqillik əldə etmiş Azərbaycanda bütün sahələr kimi, daşınmaz əmlak bazarı da böyük inkişaf yolu keçib, SSRİ dövründən fərqli olaraq insanların bu bazarda geniş seçim imkanları yaranıb. Müxtəlif xidmətlər daşınmaz əmlak bazarının ayrılmaz hissəsinə, əmlak idarəçiliyi isə perspektivli biznes sahəsinə çevrilib. Bu baxımdan 2017-ci ildə yaradılmış “Facility Management Group” MMC (FMG) bazarın inkişafına böyük töhfə verir. Şirkətin fəaliyyəti barədə suallarımızı onun direktoru İlham Allahverdiyev cavablandırıb:

- İlham müəllim, gəlin əvvəlcə rəhbərlik etdiyiniz şirkətin yaranma tarixinə nəzər salaq. FMG 8 ildən çoxdur ki, daşınmaz əmlak bazarındadır. Şirkət bu bazara necə daxil olub?

- FMG 2017-ci ildə eyni holdinqdə təmsil olunduğu “PMD Group” MMC-nin daşınmaz əmlak layihələrini idarə etmək üçün yaradılıb. Həmin vaxta qədər cəmi bir neçə layihə olsa da, onların sayı getdikcə artırdı və paralel olaraq həmin layihələr üçün idarəetmə xidmətlərinə də tələbat güclənirdi. Odur ki, müştəri gözləntilərini qarşılamaq, onlara lazımi xidmətləri birbaşa göstərmək, binalarımızı daxili qaydada daha peşəkar şəkildə idarə etmək üçün ayrıca şirkət yaratmağa qərar verdik. Beləcə FMG zamanla peşəkar idarəetmə şirkəti olaraq formalaşdı.

- FMG bazara daxil olarkən missiyası və baxışı nədən ibarət idi? Qarşıya qoyulmuş hədəflərə nə dərəcədə nail olunub? Çətinliklər nədir?

- Biz bazara kifayət qədər peşəkar və güclü bir komanda ilə iddialı şəkildə daxil olduq. Missiyamız – daşınmaz əmlak sektorunda gözləntiləri aşan xidmət səviyyəsi və peşəkarlıq nümayiş etdirməkdir. Müştəri məmnuniyyətinin təmin olunması, daim yenilikçi yanaşmaların tətbiqi, yüksək standartlara uyğun fəaliyyət, düşünülmüş idarəetmə sistemləri və iş səmərəliliyinin ön planda tutulması əsas prioritetlərimizdəndir. Qarşımıza böyük və konkret hədəflər qoymuşuq.

Deyə bilərik ki, bu hədəflərə çatmaq üçün əlimizdə olan icarə və satış müqavilələrinin mövcudluğu, müştəri tələblərinin qarşılandığını və təqdim etdiyimiz xidmətlərin həmin tələblərə uyğun olduğunu göstərir.

Komandamızla birlikdə əzmlə və məqsədyönlü şəkildə çalışırıq. Əzmkarlığın, birliyin və inamın olduğu yerdə uğurlu nəticənin əldə olunması qaçılmazdır.

Xidmət sektorunda hər bir müştərinin fərdi gözləntiləri var və bu gözləntilər zamanla dəyişir. Bu dəyişikliklər bazarın ümumi tələbatına da təsir göstərir. Müştəri istəkləri bəzən əsaslı, bəzən isə əsassız olur. Biz bütün bu halları mümkün qədər nəzərə almağa, hər bir müştərinin məmnuniyyətini təmin etməyə və narazılıq yaratmamağa çalışırıq.

Təbii ki, çətinliklər həmişə olacaq. Çünki müştəri ilə işləmək daim dəyişkən və dinamik bir prosesi tələb edir. Bəzən müştərinin haqlı və haqsız tələbləri arasında balans saxlamağa çalışırıq. Əsas məqsədimiz isə öz istəyimizi deyil, müştərinin istəyini ön planda tutmaq və ona uyğunlaşmaqdır.

- Azərbaycanda daşınmaz əmlak bazarı sürətlə inkişaf edir, bazarın konyukturası daima dəyişir. FMG bu prosesə necə töhfə verir və bazardakı mövqeyi necədir?

- FMG dəyərlər üzərində qurulan şirkətdir. Bəli, Azərbaycanda daşınmaz əmlak bazarı dinamik şəkildə inkişaf edir və bazar konyunkturası mütəmadi olaraq dəyişir. Bu dəyişikliklərə uğurla adaptasiya olmaq və trendləri qabaqlamaq üçün güclü strateji baxış, peşəkar komanda və əsaslı dəyərlər üzərində qurulmuş korporativ mədəniyyət vacibdir. FMG olaraq, məhz bu prinsiplərə əsaslanaraq fəaliyyət göstəririk. Bu gün FMG bazarda etibarlı, güvənilən və dəyərlər əsasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri kimi tanınır. Biz, dəyişən bazar şəraitində belə sabit prinsiplərimiz və müasir yanaşmamızla mövqeyimizi daha da möhkəmləndiririk.

- Azərbaycanda daşınmaz əmlak bazarı hansı imkanlar və yaxud fürsətlər yaradır? FMG potensial investorları bu bazara cəlb etmək üçün nə edir?

- FMG daşınmaz əmlak sahəsində beynəlxalq standartlara uyğun xidmətlər təqdim edir. Biz peşəkar idarəetmə və xidmət portfeli təqdim etməklə yanaşı, müştərilər üçün dərin bazar təhlili aparır, konsultasiya xidmətləri göstərir və əmlakın idarə olunmasında yeni texnologiyaların tətbiqini, eləcə də qabaqcıl idarəetmə sistemlərindən istifadəni həyata keçiririk. Qeyd etmək istərdik ki, ISO 41001:2018 beynəlxalq sertifikatının əldə olunması, investorların cəlb edilməsi baxımından bizə əlavə imkanlar yaradır.

Daşınmaz əmlak bazarında geniş imkanlar mövcuddur. Hazırda bazarda unikal və fərqli məhsullara olan tələbat artmaqdadır. Yeni layihələrimizdə binanın yerləşməsindən tutmuş infrastrukturuna qədər bütün amillər diqqətlə nəzərə alınır. Bu yanaşma, ofis binaları da daxil olmaqla, bütün obyektlərə şamil olunur.

Müştərilərin qarşılanmasından başlayaraq, mühafizə, kuryer və digər əlavə xidmətlərin təmin edilməsi ilə, biz yalnız xidmət keyfiyyətini artırmır, eyni zamanda potensial investorların daşınmaz əmlak bazarına marağını artırmağa çalışırıq.

- Əmlak almaq və yaxud icarəyə götürmək istəyənlər niyə məhz FMG-ni seçməlidir? Şirkət rəqibləri qarşısında hansı üstünlüklərə malikdir? Müştəri məmnuniyyəti göstəricisi necədir?

- Biz müştərilərimizə istənilən xidməti verə bilirik. Hətta hansısa xidmət yoxdursa, onu da təmin etməyə çalışırıq. Məqsədimiz FMG-nin nüfuzunu qorumaqdır. Biz heç kimə müvəqqəti müştəri kimi baxmırıq, daimi müştəri kimi baxırıq və məqsədimiz tərəfdaşlığımızın uzunmüddətli olması, mövcud müştərilərin hesabına yeni müştərilər cəlb etməkdir. Bu da təbii olaraq bizim kommersiya marağımızdır.

- FMG-nin komandası necə formalaşıb? Nə qədər işçiniz var və onlar bu şirkətdə uğurlu karyera qura bilibmi?

- Komandamız peşəkar və istedadlı əməkdaşlardan formalaşır. Onlar bizim ən dəyərli kapitalımızdır. Məhz onlar bizə bazarda rəqabət üstünlüyü qazandırır və qarşıya qoyduğumuz hədəflərə doğru inamla irəliləməyimizi təmin edir. Şirkətimizdə sağlam və cəlbedici iş mühiti mövcuddur. Çalışanlar üçün yaratdığımız karyera və inkişaf imkanları bizə imkan verir ki istedadlı mütəxəssisləri komandamıza cəlb edə bilək. 2017-ci ildə FMG yarandığında onun 300-ə yaxın işçisi var idi. Hazırda isə komandamız 1 000-dən artıq əməkdaşla təmsil olunur. Onların əksəriyyətinin şirkətimizdə 3 ildən 5 ilə qədər təcrübəsi var. Bu gün rəhbər vəzifələrdə çalışan əməkdaşlarımızın yarısı FMG-də əmək fəaliyyətlərinə aşağı vəzifələrdən başlayıblar. Bu, istedadlı əməkdaşlarımızın karyeralarında irəliləmələri üçün verdiyimiz dəstəyi açıq şəkildə göstərir. Biz gələcək strateji kadr ehtiyatlarımızı indidən planlayırıq. Həyata keçirdiyimiz təcrübə proqramları sayəsində gənc istedadlara FMG ailəmizə qatılaraq karyeralarının ilk addımlarını bizimlə atmaq, peşəkar mütəxəssislərdən öyrənmək, təcrübə qazanmaq və uğurlu karyeralarını bizimlə qurmaq imkanı yaradırıq. İnsanlar bu şirkətə müvəqqəti yer kimi baxmırlar. Biz işçilərimizi daima inkişaf etdiririk, müəyyən yerə gəldikdən sonra onların inkişafını dayandırmırıq. Bizim işçimiz daima öyrənməlidir, belə olmasa, o şirkətə dəyər qatmaz.

- FMG Azərbaycanda əhalinin məşğulluğu baxımından böyük rola malik olan əmək yarmarkalarında da iştirak edir. Bu yarmarkalar peşəkar kadrlara tələbatınızın ödənilməsində kömək olurmu?

- Bəli, FMG olaraq Azərbaycanda təşkil olunan əmək yarmarkalarında mütəmadi iştirak edirik və bu tədbirlərin peşəkar kadrlara olan tələbatımızın ödənilməsində mühüm rol oynadığını qeyd edə bilərik. Əmək yarmarkaları bizim üçün yalnız işçi qüvvəsi ilə təminat baxımından deyil, həm də bu platformalar vasitəsilə biz müxtəlif sahələr üzrə motivasiyalı və bacarıqlı namizədlərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirik. Eyni zamanda, gənc mütəxəssislərin potensialını kəşf etmək, onların inkişafına töhfə vermək və karyera imkanları yaratmaq da bizim üçün vacibdir. Əmək yarmarkalarında iştirakımız həm sosial məsuliyyət çərçivəsində, həm də davamlı inkişaf strategiyamızın bir hissəsi olaraq həyata keçirilir. Şuşa və Ağdamda bir neçə layihəmiz olub. Qarabağ xüsusi bir zonadır. 44 günlük Vətən Müharibəsindən sonra həmin ərazilərdə genişmiqyaslı inkişaf planları uğurla həyata keçirilir. Bakıda bu bölgələrdə işləmək istəyən namizədləri tapmaq çətin ola bilər. Lakin təşkil etdiyimiz yarmarkalar vasitəsilə artıq bizə uyğun namizədlərlə əməkdaşlığa başlamışıq. Bu da həmin bölgələrdə ixtisaslı kadr ehtiyacının qarşılanmasına mühüm töhfə verir.

- FMG satışa çıxardığı mənzillər onları əldə edənlər üçün hansı perspektivi və rahatlığı təmin edir? Bu mənzillər digər yaşayış komplekslərindəki mənzillərdən nə ilə fərqlənir?

- Deyə bilərik ki, şirkətimizin etibarlılığı bu sahədə əsas amillərdən biridir. Əksər müştəri və investorlar məhz mövcud və ya tikilməkdə olan layihələrimizdən mənzil əldə etməyə maraq göstərirlər. Bu isə bizi son dərəcə sevindirir, çünki artıq etibar qazanılıb. Bu etimad illərin əməyi, zəngin təcrübə və düzgün müəyyən edilmiş strategiyaların nəticəsidir. Biz müştərilərimizə premium sinif mənzillər təklif edirik. Bizdən mənzil əldə edən hər bir müştəri, eyni zamanda bütöv bir ailənin rahatlığını təmin edir və kompleks infrastrukturla təchiz olunmuş yaşayış şəraitindən yararlanır. Bildiyiniz kimi, satışa çıxardığımız yaşayış komplekslərinin idarə edilməsini birbaşa öz şirkətimiz – FMG həyata keçirir. Yəni, bu binalara xidmət göstərən təşkilat da məhz bizik. Hazırkı bazarda binaların idarə edilməsi üzrə ixtisaslaşmış şirkətlərin sayı çox azdır. FMG olaraq əminliklə bildiririk ki, yalnız daşınmaz əmlakın satışı və icarəsi ilə deyil, həm də obyektlərimizə yüksək səviyyədə xidmət göstərilməsi ilə seçilirik. Müştərilərimizin bizi seçməsinin digər əsas səbəblərindən biri isə təklif etdiyimiz satış şərtləridir. Bazara uyğun və əlverişli satış şərtləri sayəsində alıcılarımız üçün maksimum rahatlıq təmin olunur.

- FMG həm də biznes mərkəzlərinin, kommersiya sahələrinin və mənzillərin icarəyə verilməsi ilə məşğuldur. Şirkətlə icarə müqaviləsi bağlamaq hansı üstünlüklər yaradır?

- Bizimlə müqavilə bağlamaq müştərilər üçün bir sıra mühüm üstünlüklər təqdim edir. Ən vacib üstünlüklərdən biri, icarəyə verilən əmlakların (yaşayış mənzilləri, biznes mərkəzləri) yüksək səviyyədə təhlükəsizliyinin təmin edilməsidir. Əlavə olaraq, obyektlərin idarə olunmasını birbaşa biz həyata keçiririk. Bu prosesə təmizlik xidmətləri, istilik və havalandırma sistemləri, elektrik və su təchizatı, liftlərin fəaliyyəti, yanğın təhlükəsizliyi sistemlərinin idarəsi daxildir. Kommersiya əmlaklarında uzunmüddətli icarə müqavilələri bağlandıqda, qiymət artımları öncədən müqavilədə qeyd olunur. Bu yanaşma gələcəkdə biznes sahibləri üçün gözlənilməz maliyyə dəyişikliklərinin qarşısını alır və planlaşdırmanı asanlaşdırır. Yəni, biz bu bazarda ancaq öz maraqlarımızdan çıxış etmirik, həm də müştərilərin maraqlarından çıxış edirik, bütün öhdəliklərimizi rəsmiləşdiririk, fors-major hallarını nəzərə alırıq və bununla da, qarşılıqlı olaraq bir-birimizə təminat veririk.

- Şirkətinizin müştərilərinə göstərdiyi xidmətlər və onların gələcək inkişafı barədə nə deyə bilərsiniz?

- Şirkətimizin müştərilərinə göstərdiyi xidmətlər hər zaman yüksək keyfiyyət və etibarlılıq prinsiplərinə əsaslanır. Biz uzunmüddətli tərəfdaşlıq və müştəri məmnuniyyəti üzərində qurulmuş xidmət strategiyası tətbiq edirik. Hər bir müştəri bizim üçün individual yanaşma tələb edir və biz bu yanaşmanı bütün iş proseslərimizdə əsas prinsip kimi qəbul edirik. Gələcək inkişaf baxımından isə, xidmət sahələrimizin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi, eyni zamanda, idarəetmə, texniki xidmət və müştəri əlaqələrinin idarə olunması kimi sahələrdə də keyfiyyətin yüksəldilməsi istiqamətində davamlı şəkildə çalışırıq. Məqsədimiz təkcə bugünkü ehtiyaclara cavab vermək deyil, həm də gələcəyin tələblərinə uyğun müasir və dayanıqlı xidmət modeli formalaşdırmaqdır.

Избранный
19
1
report.az

2Источники