RU

“Mən rus siyasi qaçqını deyiləm” – Qarayazılı mücahidin HƏYAT HEKAYƏSİ

BAKI, 24 avqust. TELEQRAF

Ötən yazımızda Qarayazıdan olan mühacir Nağı Bayramgilin həyat hekayəsini təqdim etmiş, onun Türkiyə və Polşaya qardaşı Qurban bəylə birgə getdiyini yazmışdıq.

Nağı bəyin qardaşı Qurban Hacıbayramlı (mühacirətdə Açıqsöz) 1894-cü ildə Qarayazının Kosalı kəndində doğulub. Tiflisdəki rus dilində təhsil verən gimnaziyada və Qori Müəllimlər Seminariyasında təhsil alıb. Dövrün ab-havası altında yetişən Qurban bəy Qarayazıda Müsavat Firqəsinin təbliğatçılarından olub. Bolşevik işğalı ilə barışmayan Qurban bəy gizli anti-sovet hərəkatlarına qoşulub, Qarayazıdakı qiyamlarda ön sıralarda yer alıb. 1928-ci ildə o, Kosalıdan olan müsavatçı Abdulla Usubovun toyunda həbs edilib, Metex qalasında yeraltı kamerada saxlanılıb. Məhkəmə nəticəsində ona əmlakı müsadirə edilməklə on il müddətinə sürgünə göndərilib. Lakin qısa zaman sonra sürgündən qaçaraq Qarayazıya gəlib, ardınca qardaşı Nağı bəylə birlikdə Türkiyəyə keçib. Daha sonra Varşavaya keçən Qurban bəy orada 8 il yaşayıb. Avropada yaşadığı illərdə Qurban bəy də qardaşı kimi aktiv fəaliyyət göstərib. Məhəmmədəmin Rəsulzadənin Berlində çıxartdığı “Qurtuluş” jurnalının 1935-ci ildə çıxan 7-8-ci qoşasayında onun kiçik bir məktubu dərc olunub:

“Pək sayğılı, müdir bəy!

28 May İstiqlal Bayramı münasibətilə Rusiyanın buzlu cəhənnəmlərində iztirab çəkən, Azərbaycan dağlarında və meşələrində qanlarını axıdan, Vətənin istiqlalı və millətin hürriyyətinə sadiq qalan qəhrəman mücahid və partizanlarımıza milli davamızın sayğılı orqanı “Qurtuluş” vasitəsilə ruhumdan daşan həyəcanlı salamımı yetişdirməyə imkan vermək üzrə bu məktubumun dərcinə müsaidə etmənizi rica ilə sayğılarımı ərz eylərəm.

Q. Hacıbayramlı”.

Məktubdan göründüyü kimi Varşavada yaşadığı dövrdə qardaşı Nağı bəy kimi o da M. Rəsulzadəyə böyük hörmət və ehtiram bəsləyib. O, Nağı bəylə birlikdə 1938-ci ildə yenidən Türkiyəyə qayıdıb.

Qurban bəy 7 mart 1973-cü ildə Türkiyənin İzmit şəhərində vəfat edib, orada da dəfn olunub.

Vətənində ikən ailə həyatı quran Qurban bəyin Musa Hacıbayramlı (1919-1981) adlı oğlu olub. Musa bəy atasının anti-sovet fəaliyyətinə görə iki dəfə sürgün və həbs edilib. Mühacirətdə ikən yenidən evlənən Musa bəyin Yasəmən adında qızı olub. Yasəmən xanım Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” dərgisində atası haqqında “Bir qərib azəri” adlı məqalə qələmə alıb:

“Bir qərib azəri vardı. İliklərinə qədər Vətən həsrəti ilə alışıb yanan, hər nəfəsində “ah vətən” deyən, hər doğan günün qurtuluş müjdəsi verəcəyini gözləyən. Vətənindən sanki dünən ayrılmışcasına həyəcanlı, dinc, eləcə ümidli. “Vətənimin qurtulduğunu eşitdiyim an piyada yola çıxaram” deyəcək qədər vasitə gözləməyə səbri olmayan. Özünü hələ də Müsavat Firqəsinin bir üzvü qəbul edən bu “qərib azəri” Hacıbayramoğlu Qurban Açıqsöz 7 mart 1973-cü il çərşənbə gecəsi saat 10: 00-da aramızdan ayrıldı. Kim bilir, bəlkə də, tapındığı vətəninə getmişdir.

“Qərib azəri” deyirəm. Çünki özünü hər an qürbətdə fərz edər, “Vətən doyduğum yer deyil, doğulduğum yerdir” deyərdi. Axtaranı çox olmazdı, zatən öz hücrəsinə çəkilmiş, inzivanı seçmişdi. Bütün dünyası Azərbaycan idi.

Azərbaycan adlı nazlı gəlinə tutulmuşdu. Bütün ömrünü bu gəlini gözləməyə həsr etmiş, o olmayınca gülüb əylənməyi, bayramları haram saymış, amma qovuşma ümidini heç itirməmişdi. Bu qədər arzulanan, uğrunda ömür verilən gəlin, əlbəttə, bir gün qollarını açıb eşqini bağrına basacaqdı. Məhz o an sevgilisinin qollarında ürəkdən ölə bilərdi. Fəqət qədəri bunu ona çox gördü, həsrəti bitmədən köçdü.

“Mənim bayramım yoxdur, günlərin hamısı mənim üçün birdir və hamısı da qaradır” deyərdi.

İllər öncə Ankarada bir toplantıda “Türk yolu”, “Türk izi” məcmuələri haqqında bir çıxış zamanı dözə bilməyib kürsüyə çıxmış, “Nə türkün yoluyuq, nə türkün iziyik, azərbaycanlıyıq, türkün ta özüyük” deyərək cavab vermişdi.

1917-ci il kommunist ixtilalı əsnasında tutularaq edama məhkum edilmiş, sonra cəzası 10 il Sibirə sürgünlə dəyişdirilmiş, 8 il Sibir adlı “buzlu cəhənnəm”də qaldıqdan sonra fərar edərək vətəninə, ailəsinin yanına qayıtmış, orada başına topladığı dəstə ilə vuruşmuş, bir çox yoldaşı şəhid düşmüşdü. Dəstəsindən 156 kişi Türkiyəmizə “siyasi qaçqın” olaraq mühacirət etmişdi. Bəzi səbəblərdən Avropaya getmiş, 8 il də orada qaldıqdan sonra təkrar Türkiyəyə dönmüşdü.

Vətənə layiqli şəkildə xidmət etmədiyini bildirər, “nə qədər ki başım yerimdə durur, mən vətənimə qarşı vəzifəmi tam yerinə yetirmədim” deyərdi. Həyata gözlərini qapadığı tarix olan 7 mart ilə çox sevgili əqidədaşları Məhəmmədəmin Rəsulzadə (6 mart) və Mirzəbala (8 mart) arasında yer alan bu xalis azəriyə və yoldaşlarına Tanrıdan min dəfə rəhmət olsun”.

Dərginin bu sayında dərnək adına da başsağlığı mətni verilib, eləcə də vəkil Kəmaləddin Nomer Qurban bəy haqqında bir məqalə qələmə alıb. Nomerin yazısında Qurban Açıqsözün həyat hekayəsi haqqında bəzi maraqlı bilgilər var. Məqalədən müvafiq hissələri təqdim edirik:

“Azərbaycan mücahidlərindən Qurban Hacıbayramoğlunu (Açıqsöz) 7 mart 1973-cü ildə itirdik. O, 1318-ci ildə (1900) Qarayazıda dünyaya gəlmişdi. “Hacıbayramoğlu” adı ilə tanınan zəngin bir ailənin mənsubudur. Məmləkətində lisey təhsilini bitirib hüquq fakultəsinə qeyd olmuş, hələ 20 yaşında gənc ikən Azərbaycan qırmızı rusların istilasına məruz qalmışdı... Azərbaycanın istiqlalına tərəfdar, alovlu bir millətçi olan Qurban Hacıbayramoğlu da kommunistlər tərəfindən tutulub zindana atılmış, müxtəlif əziyyət və işgəncələrə məruz qalmış, milliyyətçi və azərbaycançı olduğuna, bu siyasi suçundan dolayı 1922-də edama məhkum edilmişdir. “Buzlu cəhənnəm” adı verdikləri Sibirdə düz 8 il ölümlə pəncələşdikdən sonra 1930-cu ildə bir neçə yoldaşı ilə birlikdə oradan qaçmağa müvəffəq olmuş və Azərbaycana qayıtmışdır... Azərbaycan xalqı 1930-cu ildə də üsyan halında olduğu üçün Qurban Hacıbayramoğlu da bu üsyan hərəkatına qatılmışdır. On ay davam edən silahlı mücadilə uğursuzluqla nəticələnincə o da vətənini tərk etməyə məcbur olmuş, məiyyətində qalan 156 siladaşı ilə birlikdə rus əsgərləri ilə vuruşa-vuruşa Türkiyə torpaqlarına keçmiş, Qarsa gəlmişdir... Qarsda 10 ay qaldıqdan sonra İstanbula göndərilmiş, lakin siyasi səbəblər və Rusiyanın təzyiqi nəticəsində orada qalmasına icazə verilməmiş, xaricə çıxarılacağı bildirilmişdir. Ona “rus siyasi qaçqını” kimliyi ilə verilən pasportu qəbul etməmiş, “mən rus siyasi qaçqını deyiləm” deyərək israr etmiş, “Azərbaycan siyasi qaçqını” pasportunu almışdır. Cəmiyyəti-əqvamın siyasi qaçqınları himayə edən təşkilatın yardımı ilə öncə Fransaya, oradan da Polşaya gedərək Varşavada 8 il qalmışdır”.

Nomer Qurban Açıqsözün məmurluq həyatı ilə bağlı da məlumat verib. Onun yazdığına görə, Qurban bəy 1942-ci ildən 1950-ci ilədək Etibankın Zonquldakdakı Erekli Kömür müəssisəsində pavilion müdiri olaraq çalışıb, eyni zamanda kommunizmlə mücadilədə xidmət göstərib. Daha sonra İzmitə təyin edilib, orada müxtəlif vəzifələrdə çalışıb. 1960-cı ildə vəzifəsindən çıxdıqdan sonra İzmit civarındakı “Tütünçiftliyi” qatar stansiyasının qarşısındakı evində həyat yoldaşı Hənifə xanım və qızı Yasəmənlə birlikdə yaşayıb. Rus və polyak dillərinə vaqif olan Açıqsöz Türkiyəyə gəldikdən sonra siyasi fəaliyyətə qatılmayıb, soyadı kimi açıq sözlü olub.

Beləliklə, Nağı və Qurban Hacıbayramlılar mühacirət tarixində özünməxsus izləri olan dəyərli şəxsiyyətlərimizdəndir. Qeyd edək ki, Türkiyə mətbuatında araşdırma apararkən Süleyman bəy Qarayazılı adlı bir mühacirə də rast gəldik. “Gənc Ədəbiyyatçılar Cəmiyyəti”nin sədri olan bu şəxsin “Toprak” jurnalında üç yazısı var: “Gənc Ədəbiyyatçıların teleqrafı”, “12 Mart Ərzurumun Qurtuluş Bayramı”, “28 May Azərbaycanın Milli İstiqlal Günü”.

Hələ ki həyat hekayəsini bilmədiyimiz bu azərbaycanlı da, ehtimal ki, Qarayazıdakı üsyanlardan sonra Türkiyəyə mühacirət edib.

Избранный
19
teleqraf.com

1Источники