Danimarkada oxu vərdişlərini təşviq etmək məqsədilə kitablara tətbiq olunan 25 faiz ƏDV-nin ləğv ediləcəyi elan edilib.
Danimarka hökuməti kitablardan tutulan 25 faizlik ƏDV-nin ləğv olunacağını açıqlayıb. Mədəniyyət naziri Yakob Engel-Şmidt bildirib ki, bu qərarın illik təxminən 330 milyon kron maliyyə yükü yaradacağı gözlənilir:
“Mədəniyyət naziri kimi inanıram ki, son illərdə geniş yayılmış oxu böhranına son qoymaq üçün bütün imkanlarımızı ortaya qoymalıyıq. Bu qərar məni çox qürurlandırır. Danimarkalıların mədəniyyətinə və istehlakına bu qədər böyük bir sərmayə qoymaq üçün həmkarlarımı inandırmaq hər gün əldə etdiyimiz bir uğur deyil”.
Engel-Şmidt əlavə edib ki, əgər bu tədbirin nəticəsində kitab qiymətləri aşağı düşməzsə, tətbiqin düzgünlüyü yenidən nəzərdən keçiriləcək.
Məlumatda digər Skandinaviya ölkələrində kitab ƏDV-sinin Finlandiyada 14 faiz, İsveçdə 6 faiz, Norveçdə isə 0 faiz olduğu qeyd olunub.