RU

Azərbaycan xarici siyasət doktrinasında qonşularla dinc yaşamaq prinsipinə əməl edir - RƏY

Azərbaycan yeni tarixinin növbəti səhifələrinə zəfər yazmağa davam edir. Nəhayət, uzunmüddətli ayrılıqdan sonra Kəlbəcərə də həyat qayıdır. Azərbaycan dövlətinin həyata keçirdiyi “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq Kəlbəcərdə ilk yaşayış kompleksi istifadəyə verildi, lazımi infrastruktur quruldu. Kəlbəcərə qayıdış xalqımızın ürəyində uzun illər yatan arzularının gerçəkləşməsi, həm də tarixi ədalətin bərpası deməkdir. Prezident İlham Əliyevin dəmir qətiyyəti, xalqımızın sarsılmaz birliyi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə yeni həyat başlayır, tarixi torpaqlarımız yenidən çiçəklənir. Azərbaycan xalqı 30 il ərzində bütün dünyaya göstərdi ki, işğalla barışmayacaq. 2020-ci ilin Zəfəri və ardınca həyata keçirilən uğurlu əməliyyatlar Azərbaycanın gücünü təsdiqləyib. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun ard-arda yazdığı tarixi zəfərlər “Dəmir yumruq” kimi birləşərək artıq sülh masasında yer alır.

 

Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycan ordusunun əldə etdiyi uğurlardan söz açıb.

Müşfiq

Deputat vurğulayıb ki, 2023-cü il sentyabrın 19-20-də keçirilən anti-terror tədbirləri Azərbaycanın öz ərazi bütövlüyü uğrunda başlatdığı prosesin əsas tərkib hissəsi kimi ölkənin mühüm hərbi-siyasi uğuru olub: “2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin ardınca növbəti tarixi zəfərimizlə dövlətimizin suverenliyi tam bərpa olundu. Ermənistan 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, Qarabağdakı silahlı qüvvələrinin qalıqlarını çıxarmaqdan boyun qaçırırdı. Hətta 2023-cü ilin aprel ayında Laçın rayonu ərazisində şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasına qədər Qarabağdakı erməni separatçılarını silah-sursatla təmin edirdi. Vətən müharibəsinin başa çatmasından sonra Ermənistandan gətirilən minalar Azərbaycan ərazilərində basdırılmışdı. Ermənistan hərbçilərimizə və mülki vətəndaşlarımıza qarşı mina terroru həyata keçirirdi. Azərbaycan Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, separatçılara silah-sursat göndərilməsi, ərazilərimizin minalanması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinə maneəçilik yaradılması, separatçılar tərəfindən Qarabağ səmasından uçan təyyarələrə əngəllər yaradılması ilə razılaşmayaraq 2023-cü ilin sentyabrında iki əsrlik separatizmə 23 saata son qoydu, ərazilərimizdə terrorçuların kökünü birdəfəlik kəsdi. Uzun illər Azərbaycana qarşı separatizm və terrorizmə imza atan ünsürlər Azərbaycan Silahlı Qüvvələri qarşısında bir sutka belə duruş gətirə bilmədi və təslim oldular”.

 

Azad Məsiyev isə Kəlbəcərin işğalı dövrünü xatırladaraq bildirib ki, Azərbaycanda həmin dövr təlatümlü dövr olub:

İlham

“O dövrdə xalq arasında parçalanma, vahid ordunun olmaması və digər səbəblərdən Kəlbəcər işğal olundu. Əbülfəz Elçibəy müsahibələrində dedi ki, Kəlbəcərin işğalı dövründə biz Türkiyəyə zəng vurduq, əhalinin çıxarılması üçün mülki helikopter versinlər. O dövrdə qardaş Türkiyə belə Azərbaycana mülki helikopter vermədi. Azərbaycan dünyada təklənmiş bir dövlət idi. BMT-nin qətnaməsinin olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbayan ərazisindən çıxmadı. Ermənistan beynəlxalq təşkilatların qəbul etiyi qətnamələrə məhəl vermədi. Azərbaycan ərazilərinin işğal olunduğu dövrdə dörd qətnamə qəbul olunub və heç biri Ermənistan tərəfindən icra olunmadı. Həmin qətnamələrin icrası üçün ATƏT-in Minsk Qrupu yaradıldı. Minsk Qrupu BMT-nin məlum qətnamələrinin icrası ilə məşğul olmalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasını həyata keçirməli idi. Təəssüf ki, nə Ermənistan, nə də Minsk Qrupu qətnamələri icra etmədilər. Əksinə, Azərbaycana təzyiq edirdilər ki, siyasi reallıqla barışsın, ərazilərini ermənilərə təhvil versin. 30 ilə yaxın Azərbaycan xalqı işğal olunmuş əraziləri unutmadı və torpaqlarımızı geri qaytarmaq üçün siyasi mübarizəsini aparırdı. Xoşbəxtlikdən Prezident İlham Əliyev hakimiyyətə gəldi, apardığı xarici və daxili siyasət nəticəsində Azərbaycan vahid yumruq altında birləşərək öz ərazi bütövlüyünü təmin etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoydu, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə siyasi reallıq həyata keçirdi, BMT-nin dörd qətnaməsini təkbaşına icra etdi və Ermənistan silahlı qüvvələrini torpaqlarımızdan qovub çıxardı. Bölgədə yeni siyasi reallıq yaratdı. Azərbaycan həm regionda həm də qlobal müstəvidə siyasi proseslərə təsir etdi. Prezident İlham Əliyevin də dediyi kimi, 44 günlük Vətən müharibəmiz bölgədə qlobal güclərin siyasi laylarını tərpətdi. Bu proses hazırda davam etməkdədir”.

 

Onun sözlərinə görə, Azərbaycan regionda aparıcı dövlətə çevrildi və işğal olunmuş ərazilərimizin bərpası ilə yanaşı, xarici siyasət doktrinasında mövqeyini gücləndirməkdədir: “Prezident İlham Əliyevin xarici səfərləri bir daha göstərir ki, Azərbaycan xarici siyasət doktrinasında öz ədalətli mövqeyini nümayiş etdirir, qonşularla dinc, yanaşı yaşamaq prinsipinə də əməl edir. 44 günlük müharibədən sonra beş təməl prinsipini irəli sürən tərəf də Azərbaycan Prezidenti olub. Bu da göstərir ki, Azərbaycan qonşularla dinc yaşamaq prinsipinə əməl edir, bölgədə sühün, əmin-amanlığın bərqərar olmasını istəyir. Azərbaycan Prezidenti Kəlbəcərdə sakinlərlə görüşündə açıq dedi ki, biz ordu quruculuğumuzu yenə də davam etdiririk, Azərbaycana qarşı hər hansı təxribat olarsa, adekvat cavab verəcəyik. Bu, bir daha göstərir ki, dünya siyasəti beynəlxalq hüquq normaları ilə deyil, güc vasitəsilə tənzimlənir. Biz bunu qlobal müstəvidə - Yaxın Şərqdə baş verən hadisələrdə, Ukrayna-Rusiya savaşında da görürük. Beynəlxalq hüquq artıq öz təsirini itirir. Belə olan halda Azərbaycan ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün mütləq şəkildə ordu quruculuğunu inkişaf etdirir. Paralel olaraq Azərbaycan işğal olunmuş ərazilərdə quruculuq işləri də aparır. Kəlbəcərdə Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastrukturu bərpa etməsi, yeni iş yerlərinin açılması, işğal olunmuş ərazilərdə yeni rayon və kəndlərin salınmasına, müvafiq standartlara cavab verəcək obyektlərin açılmasının şahidi oluruq. Bu, birbaşa Prezidentin nəzarəti altında həyata keçirilir. Yenidənqurma işləri təkcə Kəlbəcərdə deyil, ümumilikdə işğal olunmuş ərazilərdə həyata keçirilir. Köçkün əhalinin geri qayıtması üçün mütləq şəkildə bölgələrdə, işğal olunmuş ərazilərdə yeni infrastruktur yaradılmalıdır. Ermənilər daşı daş üstündə qoymayıblar. Xalq olaraq Ermənistanın işğalçılığını, Azərbaycana vurduğu yüz milyardlarla dollarlıq ziyanı, Xocalı soyqırımını və digər ərazilərimizdə apardıqları terror aktlarını Ermənistanın bu gün də mina terroru həyata keçirdiyini unutmuruq. Bununla bərabər qonşumuz olan ermənilərin yenə də təcavüzünü hər an gözləməliyik, çünki ermənilər çar Rusiyasından, SSRİ dövründən tutmuş indiyə qədər Rusiyanı öz arxasına alaraq Azərbaycana torpaq iddiasında olub. İndi isə başda ABŞ olmaqla Qərbi öz arxasına alaraq Azərbayana təzyiq etmək istəyəcək. Belə halda biz öz tarixi keçmişimizi unutmuruq və unutmayacağıq. Hərbi gücümüzü artırmaqda davam edəcəyik. Azərbaycan Prezidenti Kəlbəcərə səfəri zamanı açıq şəkildə mövqeyini ortaya qoydu ki, hərbi gücümüzü, müasir standartlara cavab verən silahlarla ordumuzu silahlandıracağıq ki, özümüzü müdafiə etmək qabiliyyətinə malik olaq. Azərbaycanın bugünkü quruculuq işi həm onun xarici, həm də daxili siyasətində xalqımızın və dövlətimizin marağına xidmət edir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd

Tarix: 23 Avqust 2025, 15:19   
Избранный
17
pravda.az

1Источники